Gözlənilən qərar və qərardadlar – 12 yanvar 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, yanvarın 12-də Azərbaycandan göndərilmiş 10-dan artıq şikayət üzrə qərarlarını elan edəcək. Ərizələrdə mülkiyyət, ədalətli məhkəmə araşdırması, ayrı – seçkiliyin yolverilməzliyi, birləşmək hüquqlarının pozuntuları mübahisələndirilir. Məhkəmə birləşdirilmiş ərizələr üzrə 4 qərar elan edəcək. 

Günel Yusifli və Başqaları Azərbaycana qarşı

Bu məhkəmə işi çərçivəsində 8 ərizə hökumətlə kommunikasiya edilib. Ərizəçilər Günel Yusifli, Vidadi İnsanov, Ayla Əliyeva, Nazim İsmayılov, Xalidə Məsimova, Fərhad Məmmədov, Yeganə Hüseynova, Məhərləm Musayev olub. Ərizəçilər əsasən, dövlət əmlakının özəlləşdirilməsi kontekstində üzləşdiklərini iddia etdikləri qanunsuzluqdan şikayətçi olublar.

2008-ci ildə AİHM-ə şikayət edən ərizəçilər məhkəmə qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusunu qaldırıblar.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycana qarşı

Bu məhkəmə işində ərizəçilər qeyri-hökumət təşkilatı və onun təsisçiləri Anar Məmmədli və Bəşir Süleymanlıdır. Təşkilatın təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı və Suliddin Əsgərov olub. Ərizəçilər 2009-cu ildə SMDT-nin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Ancaq nazirlik qeydiyyat haqda qərar qəbul etmədən, çatışmazlıq olması əsası ilə sənədləri geri qaytarıb. Ardınca, ərizəçilər nazirliyin hərəkətinin qanunsuzluğundan məhkəməyə şikayət ediblər. İddia ediblər ki, onların birləşmək hüquqlarına müdaxilə baş verib. Ərizəçilər paralel olaraq, nazirliyin iddia etdiyi çatışmazlıqları aradan qaldırıb, yenidən qeydiyyat üçün müraciət edib. Məhkəmə ərizəçilərin şikayətini rədd edib, apelyasiya instansiyası həmin qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə ərizəçilərin kassasiya şikayətinə baxış zamanı aşağı məhkəmələrin qərarlarını ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarsa da həmin instansiya qərarını dəyişməyib. Ali Məhkəmə növbəti dəfə apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Ərizəçilər AİHM qarşısında birləşmək azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia edirlər.

AİHM-ə 2020-ci ildə göndərilmiş Miriyev və Başqaları Azərbaycana qarşı, 2018-ci ildə təqdim edilmiş Səmədov Azərbaycana qarşı işlərinin detalları haqda məhkəmənin sənədlər bazasında məlumat verilmir.