Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 12-də Azərbaycanla bağlı 2 qərarını elan edəcək.
Məmməd QURBANOV və Nadir MƏMMƏDOV Azərbaycana qarşı
Ərizəçilər cənab Məmməd Qurbanov (birinci ərizəçi) və Nadir Məmmədov (ikinci ərizəçi) müvafiq olaraq 1953 və 1980-cı il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır və mmaddi zamanda Naxçıvanda yaşayırlar.
Ərizəçilərin Naxçıvanda kiçik biznesi olub. Onlar 7 dekabr 2012-ci il tarixdə mallarla yüklənmiş avtomobilləri ilə Azərbaycan və Türkiyə arasındakı Sədərək gömrük məntəqəsinə gəliblər. Ərizəçilərin iddiasına görə, 8 dekabr 2012-ci ildə gömrük əməkdaşları malların idxalı ilə bağlı gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri üçün onlardan rüşvət istəyiblər. Onlar rüşvət verməkdən imtina edərək, bu barədə mətbuata açıqlama veriblər.
Ərizəçilər həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gediblər. Gömrük məntəqəsinə gəldikdən sonra təxminən iyirmi gömrük işçisi ərizəçilərə fiziki təzyiq göstərərək onları döyməyə başlayıb. Ardınca, ərizəçilər polis tərəfindən tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılıblar. Onlar orda dekabrın 11-dək işgəncələrə məruz qalıblar. İddialarına görə, polis əməkdaşları onları soyundurublar, soyuq havada çöldə çılpaq saxlanılıblar. İkinci ərizəçi işgəncələrə görə üç dəfə huşunu itirib, polislər bir neçə dəfə təcili yardım çağırmalı olublar. Ərizəçidən həmçinin, zorla başqalarının əleyhinə ifadələr alınıb.
Paralel olaraq, ərizəçilərə Sədərək Rayon Prokurorluğunda dövlət məmurlarına qarşı zorakılıq etmə əsası ilə cinayət işi açılıb. Hər iki ərizəçi haqqında həbs qətimkan tədbiri seçilib. Ərizəçilərin vəkili onlarla 24 dekabr 2012-ci il tarixdə görüşə bilib. Vəkilin bildirdiyinə görə, ikinci ərizəçinin bədənində pis rəftar əlamətləri qalırdı, gvəkil bundan prokurorluğa şikayət edib. Məhkəmə həmin şikayəti rədd edib. Məhkəmələr ərizəçilərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda müraciətlərini də təmin etməyib.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncə) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusunu iddia edirlər.
Elşad ABDULLAYEV Azərbaycana qarşı
Ərizəçi Elşad Abdullayev Azərbaycan vətəndaşıdır, 1954-cü ildə anadan olub və Parisdə yaşayır.
Olaylar baş verən zaman ərizəçi Bakıda yerləşən özəl universitetin rəhbəri idi. Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ərizəçi qardaşından xəbər ala bilmədiyindən 14 oktyabr 2003-cü ildə Yasamal rayon Polis İdarəsinə müraciət edib. Polis araşdırma başlamaqdan imtina edib. Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, 14 noyabr 2003-cü il tarixdə M.Abdullayevin itkin düşməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılıb.
6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunub. Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət edib, ancaq hər dəfəsində istintaqın nəticələri barədə ona məlumat veriləcəyi bildirilib.
Ərizəçi iddia edib ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırıb.
Ərizəçi daha sonra Azərbaycandan Fransaya mühacirətə gedib. 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş edib. Prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina edib.
Ərizəçi müstəntiqin qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verib, xahiş edib ki, müstəntiqin üzərinə müvafiq sənədlərin ona təqdim edilməsi vəzifəsi qoyan qərar qəbul etsin. Məhkəmə rədd qərarı qəbul edib, yuxarı məhkəmələr də həmin qərarı dəyişməyib.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunu qaldırıb.