Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprel ayının 11-də Azərbaycandan göndərilmiş 30-dan artıq ərizə üzrə 7 qərar və qərardadını elan edəcək.
Fikrət İbişbəyli Azərbaycana qarşı
Bu işdə ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur. Ərizə ona qarşı inzibati xəta haqqında icraatın başladılması, daxili məhkəmələr tərəfindən 500 Azərbaycan manatı məbləğində cərimə edilməsi ilə bağlıdır.
Ərizəçi 2022-ci ilin əvvəlində Qarabağ bölgəsindəki durumla bağlı xəbər paylaşmışdı. Həmin xəbərdə Şuşa şəhərinin “Qarabağdakı erməni separatçıları” tərəfindən davamlı olaraq atəşə tutulmasından bəhs edilirdi. Ərizəçi sözügedən xəbərin “yayılması qanunla qadağan edilən informasiya” olması əsası ilə məsuliyyətə cəlb edilmişdi.
A və başqaları (25) Azərbaycana qarşı
Bu işdə ərizəçilər 2017-ci ilin sentyabr ayında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvləridir. Ərizəçilər iddia edirlər ki, onların saxlanılması və sonradan inzibati həbs edilmələri qanunsuz və özbaşına olub, yalnız cinsi oriyentasiyalarına əsaslanıb.
Onlar həmçinin, polis məmurları və təcridxana əməkdaşlarının onlara qarşı pis rəftar etməsindən, müvafiq orqanların bununla bağlı səmərəli araşdırma aparmamasından, habelə, həbsdə olan zaman məcburi tibbi müayinəyə məruz qalmalarının qanunsuzluğundan şikayət ediblər.
İbrahimov və başqaları Azərbaycana qarşı
Elan ediləcək qərarların 3-ü seçki hüququnun pozuntusu iddia edilən ərizələr üzrədir. Həmin ərizələr 9 fevral 2020-ci il tarixdə keçirilmiş parlament seçkilərində namizəd kimi iştirak etmiş şəxslər tərəfindən təqdim edilib. Ərizəçilər yerli seçki komissiyalarında və məhkəmələrdə iddia etdikləri müxtəlif seçki pozuntularına effektiv baxılmamasının onların seçki və effektiv müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozulmasından şikayət ediblər.
Yadigar Sadılı və başqaları Azərbaycana qarşı;
Günel Səfərova Azərbaycana qarşı;
Sakit Məmmədov və başqaları Azərbaycana qarşı;
Elan ediləcək digər qərarın təfsilatları haqda məhkəmənin sənədlər bazasına məlumat daxil edilməyib.
Əliyeva və başqaları Azərbaycana qarşı