Gözlənilən qərar və qərardadlar – 10 oktyabr 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, oktyabr ayının 10-da Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edəcək.

Aynur Bağırova Azərbaycana qarşı

Ərizəçi 1976-cı ildə anadan olmuş Aynur Bağırova Azərbaycan vətəndaşıdır, Gəncə şəhərində yaşayır.

Məhkəmə işi ərizəçinin qardaşının 2018-ci ilin iyulunda öldürülməsi ilə bağlıdır. Ərizəçinin qardaşı göstərilən tarixdə axtarışda idi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onun tutulması üçün Bakıda əməliyyat keçirilmiş və əməliyyət zamanı öldürülmüşdü.

Ərizəçi effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusundan şikayət edir. O, iddia edir ki, qardaşı qəsdən öldürülüb və yerli qurumlar ölüm olayı ilə bağlı səmərəli araşdırma aparmayıblar.

Eldar Həsənov Azərbaycana qarşı

Hazırda həbsxanada cəza çəkən ərizəçi Eldar Həsənov Azərbaycanın keçmiş (1995-2000) baş prokuroru və Azərbaycanın keçmiş səfiridir (2001-2020). Məhkəmə işi ərizəçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə istifadə etmə, çirkli pulların yuyulması, mənimsənilməsi və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır.

Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanır. Ərizəçi iddia edir ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb, həbsdəykən ona lazımi tibbi yardım göstərilməyib. Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi həmçinin, Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə, onun fərdi şikayət hüququnu pozmasından da şikayət edib.

Cəfərova və başqaları Azərbaycana qarşı – bu məhkəmə işi haqqında AİHM-in sənədlər bazasında məlumat verilmir.