Gözlənilən qərar və qərardadlar – 10 fevral 2022

Avropa İnsan Haqları Məhkəməsi fevralın 10-da Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarını elan edəcək.

Əmrah Salmanov Azərbaycana qarşı

Bu məhkəmə işi oğurluqda iştirakda şübhəli bilinərək həbs edilmiş yetkinlik yaşına çatmayan ərizəçi haqda həbs-qətimkan tədbiri seçilməsi ilə bağlıdır. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi iddia edir ki, daxili məhkəmələr onun məhkəməyəqədər həbsinə qərar verərkən, öz qərarlarını əsaslandıra bilməyiblər. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü və 13-cü maddələrinə əsaslanaraq, həbs olunduqdan sonra polis idarəsində pis rəftara məruz qalmasından, bədənində xəsarətlər almasını təsdiq edən izlərə rəğmən effektiv araşdırmanın aparılmamasından şikayət edib.

Ülvi Nuriyev və Coşqun Salahov Azərbaycana qarşı

Bu iş hər iki ərizəçinin 22 sentyabr 2013-cü il tarixdə müxalif qüvvələrin icazəli dinc aksiyasında saxlanılması, inzibati qaydada həbs edilmələri ilə bağlıdır. Onların cəzalandırlmasına səbəb kimi prezident seçkiləri kampaniyası zamanı namizədlərin plakatlarını zədələmələri, polisin əmrinə əməl etməmələri göstərilib. Ərizəçilər iddia edirlər ki, onlar hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalif namizədin təşkil etdiyi aksiyada iştirak etmələrinə görə cəzalandırlıblar.

Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarına müdaxilə baş verib.

Məhəmməd Mustafayev və Ceyhun Süleymanov Azərbaycana qarşı

Hər iki ərizəçi qanunsuz azadlqıdan məhrum etməyə görə təyin olunan təzminatın məbləğinin azlığından şikayət ediblər.

Ərizəçilərdən M.Mustafayev bir il altı ay iyirmi bir gün müddətində qanunsuz həbsdə saxlanılıb. Yerli məhkəmələr barəət almasından sonra ərizəçiyə 5.000 manat təzminat ödənilməsinə qərar verib. Yerli məhkəmələr iki il yeddi ay iki gün müddətində qanunsuz həbsdə saxlanılan C.Süleymanova isə 8000 manat təzminat ödənilməsinə qərar verib.

Konvensiyanın 5.5-ci bəndinə əsaslanan ərizəçilər iddia edir ki, qeyri-qanuni həbsdə saxlanılmalarına görə təyin edilmiş təzminatların məbləği az olub, bununla da qanunsuz həbsə görə kompensasiya almaq hüquqları müdaxiləyə məruz qalıb.

Hacıyev Azərbaycana qarşı işi üzrə AİHM bazasına məlumat daxil edilməyib.