Gözlənilən qərar və qərardadlar – 1 iyun 2023

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 1-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 4 yekun qərar və qərardadlarını elan edəcək.

Ayxan AXUNDOV Azərbaycana qarşı

Ərizəçi Ayxan Nazim oğlu Axundov Azərbaycan vətəndaşıdır, 1965-ci ildə anadan olub, Bakı şəhərində yaşayır. Məhkəmə işi ərizəçi ilə özəl yükdaşıma şirkəti olan Azintrans arasında əmlak mübahisəsi ilə bağlı mülki məhkəmə proseslərinə aiddir.

Ərizəçi 6-cı maddəsinin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) və 1 Saylı Protokolun 1-ci maddəsinə (əmlakın qorunması) əsaslanaraq, daxili məhkəmələrin öz qərarlarını əsaslandırmamasından, məhkəmə icraatının ədalətsiz olmasından, nəticədə torpaq sahəsini və tikililərini itirməsindən şikayət edib. Ərizəçi həmçinin, yerli məhkəmələrin “Azintrans”ın gecikmə ilə verdiyi apellyasiya şikayətini icraata qəbul edib baxmasından və bu haqda onu məlumatlandırmamasından şikayətlənib.

Bəsti ORDUXANOVA Azərbaycana qarşı

Bu işdə Ərizəçi xanım Bəsti Orduxanova Azərbaycan vətəndaşıdır, 1957-ci ildə anadan olub və Bakıda yaşayır.

İşin faktlarına görə, ərizəçi 20 avqust 2005-ci ildə 2005-ci ilin aprel ayında aldığı mənzilin mülkiyyət hüququ və ona sahiblik hüququ ilə bağlı bir neçə cavabdehə qarşı (mənzilin alqı-satqısı müqaviləsini etibarsız sayılması ilə bağlı) Yasamal Rayon Məhkəməsinə mülki iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi 16 noyabr 2005-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı başqa məhkəmə prosesinin davam etməkdə olması əsası ilə iclası təxirə salıb. İclas 2008-ci ildə qeyri-müəyyən bir tarixdə davam etdirilib.

21 iyul 2008-ci il tarixdə Yasamal Rayon Məhkəməsi ərizəçinin iddiasını qismən təmin edib. Ərizəçinin şikayətini 10 dekabr 2008-ci ildə Bakı Apellyasiya Məhkəməsi rədd edib. Ərizəçinin kassasiya şikayətindən sonra 7 iyul 2009-cu il tarixdə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi geri qaytarıb. Bakı Apellyasiya Məhkəməsi 13 oktyabr 2011-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə ərizəçinin kassasiya şikayəti əsasında işi yenidən apelyasiya instansiyasına qaytarıb. Bakı Apellyasiya Məhkəməsi işə 3-cü dəfə baxıb, ərizəçinin apelyasiya şikayətini qismən təmin edib. Ərizəçinin Ali Məhkəməyə növbəti kassasiya şikayəti isə təmin edilməyib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edir.

Lətif ƏHMƏDOV Azərbaycana qarşı

Ərizəçi Lətif Əhmədov 1962-ci ildə anadan olmuş Azərbaycan vətəndaşıdır və Sumqayıt şəhərində yaşayır.

Mülkiyyət hüquqi ilə bağlı olan işin faktlarına görə, ərizəçinin Sumqayıtdakı şadlıq saraylarından birində 50%-lik payı olub. 2007-ci il avqustun 28-dən oktyabrın 23-dək ərizəçi Azərbaycanın hüdudlarından kənarda səyahətdə olub. Həmin vaxt, 4 sentyabr 2007-ci il tarixdə ərizəçinin qardaşı oğlu özəl banklardan biri ilə kredit müqaviləsi bağlayıb. Həmin gün ərizəçinin qardaşı guya ərizəçinin Azərbaycanda 30 avqust 2007-ci il tarixdə verdiyi etibarnamə əsasında həmin bankla ipoteka müqaviləsi bağlayıb. Ərizəçinin qardaşı və qohumu sonralar başqa kredit müqavilələri də başlayıblar.

Ərizəçi 29 iyul 2010-cu il tarixdə Sumqayıt Məhkəməsində özəl banka qarşı iddia qaldırıb, etibarnamənin, ipoteka müqaviləsinin və ona edilən dəyişikliklərin etibarsız sayılmasını istəyib. Bundan bir ay sonra isə özəl bank məhkəmədə iddia qaldıraraq, ərizəçinin qardaşının kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, ərizəçinin əmlakının ipoteka müqaviləsinin şərtlərinə uyğun olaraq hərrac yolu ilə satılmasını tələb edib.

19 aprel 2011-ci il tarixdə Sumqayıt Məhkəməsi ərizəçinin iddiasını rədd edib, eyni zamanda özəl bankın iddiasını təmin edib. Məhkəmə qeyd edib ki, etibarnamə ərizəçi tərəfindən verilməsə belə, o, “əmlakının girov qoyulmasından xəbərsiz ola bilməzdi”. Yuxarı məhkəmələr ərizəçinin şikayətlərini rədd edib.

Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə olunduğunu iddia edir.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu İctimai Birliyi Azərbaycana qarşı

Ərizə jurnalistika sahəsində ixtisaslaşmış QHT-nin ofisində axtarış aparılmasının qanunsuzluğu iddilarına aiddir. Ərizəçi rəsmi qurumların ofisdəki sənədləri, o cümlədən kompüterləri, diskləri, USB flash daşıyıcılarını, QHT-nin möhürünü və ştampını qanunsuz götürdüyünü bildirir.

Ərizədə şəxsi həyata hörmət, birləşmək, mülkiyyət hüquqularının pozuntusu mübahisələndirilib. Ərizəçi təşkilat ofisdə axtarış və götürmənin həyata keçirilməsinin siyasi məqsədli olduğunu iddia edir.