Gözlənilən qərar və qərardadlar – 1 fevral 2024

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 1-də Azərbaycanla bağlı növbəti qərarını elan edəcək.

Sərdar Babayev Azərbaycana qarşı (№ 34015/17)

Ərizəçi Sərdar Akif oğlu Babayev 1974-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır, hadisələr baş verən zaman Masallı rayonunda yaşayırdı.

Məhkəmə işi İranda dini təhsil almış din xadimi olan cənab Babayevin Masallı məscidində qanunsuz dini təbliğat və dini ayın icra etməyə görə məhkəməyə qədər həbs olunması və sonradan cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

Ərizəçi Cinayət Məcəlləsinin 168-1-ci maddəsinə əsasən xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşları tərəfindən İslam dini ayinlərinin keçirilməsi səbəbindən cinayət məsuliyyətinə cəlb edilmiş, üç il müddətinə azadlqıdan məhrum edilmişdi.

Ərizəçi AİHM qarşısında ona münasibətdə Avropa Konvensiyasının 3-cü (qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 9-cu (fikir, vicdan və din azadlığı), 10-cu (ifadə azadlığı), 11-ci (toplaşma və birləşmək azadlığı) və 14 (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulduğunu iddia edir.