Gözlənilən qərar və qərardadlar – 09 sentyabr 2021

Avropa İnsan Haqları Məhkəməsi gələn həftə, sentyabrın 9-da Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını elan edəcək.

Xavər Əlibəyova Azərbaycana qarşı

AİHM-ə 9 il əvvəl, 2012-ci ildə göndərilmiş bu işdə şikayətçi 1940-cı il təvəllüdlü X.Əlibəyovadır. O, 2009-cu ildə evə gedərkən, yolda yıxılıb, sol ayağından ağır sınıq xəsarətləri alıb. Bir müddət xəstəxanada, ardınca, evdə müəalicə alıb. Ərizəçi xəsarət almasında səbəbkar saydığı Bakı Şəhər İcra Hakimiyyətini və Nəqliyyat Nazirliyinin yol xidmətini məhkəməyə verib. Səbail Məhkəməsi iddianı təmin edib, cavabdehlərin üzərinə vəzifə qoyub ki, ərizəçiyə maddi ziyana görə, 30.000, mənəvi zərərə görə 20 000 AZN təzminat ödəsinlər. Qərardan şikayət edilməyib, qüvvəyə minib, icraya göndərilib. İcra yubanıb, yubanmadan verilən şikayətlərə Ədliyyə Nazirliyi cavab verib, icranın Nəqliyyat Nazirliyinin günahindan yubandığını bildirib. Bunun ardınca, BŞİH qərardan apellyasiya şikayəti verib. Şikayətə etiraz edilib, şikayətvermə müddətinin bitdiyi, müddətin bərpası üçün hər hansı əsasın mövcud olmadığı bildirilib. Bununla belə, 2011-ci ildə qərar ləğv edilib, Ali Məhkəmə də bunu təsdiq edib.

Bu işdə ərizəçini AİHM-də hüquqşunas İntiqam Əliyev təmsil edib. İ.Əliyev 2014-cü ildə həbs edilərkən, bu işin bütün materialları da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb, geri verilməyib.

Bu işdə ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu mübahisələndirilir. Məhkəmə həmçinin, İ.Əliyevə münasibətdə Konvensiyanın 34-cü maddəsinin pozulub-pozulmamasını da incələyir.

Əlisa Həsənov Azərbaycana qarşı

2012-ci ildə AİHM-ə göndərilmiş bu şikayət ərizəçinin saxlanılmasının qanunsuz olması iddiaları ilə bağlıdır. Bu işdə ərizəçi polislər tərəfindən saxlanılıb. 7-8 saat polisdə saxlanılan ərizəçi hesabe dir ki, 3 saatdan sonra sərbəst buraxılmaması ilə onun Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib.