Gözlənilən qərar və qərardadlar – 07 iyul 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyulun 7-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edəcək.

Mailə Tağıyeva Azərbaycana qarşı (№ 72611/14)

Ərizəçi Mailə Bulud qızı Tağıyeva Azərbaycan vətəndaşıdır, 1964-cü ildə anadan olub və Bakıda yaşayır.
Məhkəmə işi ərizəçinin əri Rafiq Tağıyevin 19 noyabr 2011-ci ildə bıçaqlanmasından sonra ölümü ilə bağlıdır. Cənab Tağıyev tanınmış yazıçı və köşə yazarı idi.

O, xüsusilə İslam dini ilə bağlı tənqidi fikirləri ilə tanınırdı. Onun müəllifi olduğu “Şərq-Qərb araşdırmaları” adlı silsilə məqalələrin dərc olunmasından sonra 2006-cı ildə İranda barəsində dini ölüm fətvası verilmişdi.

R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılıb.

Milli məhkəmələr ərizəçinin istintaqın dayandırlması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd ediblər. Ərizəçi Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəfə alınmasından şikayət edib.