Gözlənilən qərar və qərardadlar – 03 mart 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martin 3-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edəcək.

Rəbiyyə Məmmədova Azərbaycana qarşı

Şikayət AİHM-ə 13 il əvvəl – 2009-cu ildə göndərilib.

Bu işin hallarına görə, ərizəçi 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi ilə bağlanmış bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Yasamal rayonunda anbar alıb, onu özəlləşdirib. Nazirliyin qəzetində özəlləşdirmə ilə bağlı məlumat dərc edilib, ərizəçiyə anbara dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilib.

2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Xətai Rayon Məhkəməsinə şikayət edib, ərizəçinin mülkiyyətində olan anbar və torpaq sahəsinə verilmiş mülkiyyət hüququ şəhadətnamələrinin ləğv edilməsini tələb edib. Məhkəmə şikayəti əsaslı sayıb, anbar və torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz olması qənaətinə gəlib.

Bakı Apellyasiya Məhkəməsi, ardınca da Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qanuni hesab edib. Ərizəçinin şikayətinə Ali Məhkəmədə baxan heyətin bir üzvü apellyasiya icraatı zamanı qərar verən hakim olub.

Bu işdə ərizəçi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir.