Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 20-də Azərbaycanla bağlı yeni qərarını elan edəcək.
Fariz Namazlı Azərbaycana qarşı (№ 8826/20)
Ərizəçi Fariz Mübariz oğlu Namazlı Azərbaycan vətəndaşıdır, 1982-ci ildə anadan olub və Sumqayıt (Azərbaycan) şəhərində yaşayır. Hüquqşunas olan ərizəçi Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
2018-ci ilin avqust ayında ərizəçi Avropa Məhkəməsindəki işini müzakirə etmək üçün müvəkkili Ə.H.-nin həbsdə olduğu Qobustan həbsxanasına gedib. Ərizəçi iddia edir ki, o, müvəkkili ilə görüşə icazə verilməzdən əvvəl üzərində axtarış aparılıb, sənədləri yoxlanılıb.
Həbsxananı tərk edəndə ərizəçinin üzərində yenidən axtarış aparılıb. İddiasına görə, müvəkkilinin ona verdiyi yazılı izahat mühafizəçilər tərəfindən götürülüb və ona qaytarılmayıb.
Ərizəçi Konvemsiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələrinə əsaslanaraq, üzərində axtarış aparılmasının, xüsusilə, sənədlərinin yoxlanılmasının, götürülməsinin qanunsuzluğundan şikayət edib.