Gözlənilən qərar və qərardadlar – 10 iyun 2021

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyunun 10-da Azərbaycanla bağlı 3 qərarını elan edəcək.

Ş.Ə. Azərbaycana qarşı

Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin “qara siyahısına” salınması ilə bağlıdır. Ərizəçi məhkəməyə şikayət etsə də onun iddiaları rədd edilib.

Ş.Ə. AİHM qarşısında ədalətli məhkəmə araşdırması (Maddə 6) və hərəkət azadlığı (4 saylı protokol, maddə 2) hüquqlarına müdaxilə olunmasını mübahisələndirib.

Emin Ələkbərov və başqaları Azərbaycana qarşı

Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlıdır. Olaylar 2015-ci ildə Gədəbəy rayonunda baş verib. Təriqət üzvlərinin toplaşdığıl evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Onlar ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələr bu cəzanı qanuni sayıb.

Ərizəçilər iddia edirlər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9)hüquqlarına müdaxilə edilib.

Vidadi Əli oğlu İnsanov Azərbaycana qarşı

Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edir.