Gənc fəalların işi üzrə qərar elan ediləcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 13-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarını elan edəcək. Söhbət şübhəli ittihamlarla həbs edilmiş, daha sonra azadlığa buraxılmış gənc fəallar Qiyas İbrahimli və Bayram Məmmədovun işi üzrə göndərilmiş şikayətlərdən gedir.

Gənc fəallar saxlanılarkən işgəncə, pis rəftara məruz qalmalarının, axtarış və götürmə aparılmasının, habelə məhkəməyə qədər həbs edilmələrinin qanunsuzluğunu milli məhkəmələrdə mübahisələndirmişdilər. Ancaq yerli məhkəmələr onların bütün şikayətlərini rədd etmişdi.Gənc fəalların vəkilləri yerli məhkəmələrin qərarlarından AİHM-ə 6 şikayət göndərmişdi. Avropa İnsan Haqları Məhkəməsi həmin şikayətlər üzrə 2 qərar elan edəcək.

– B.Məmmədov və Qiyas İbrahimli 2016-cı il mayın 10-da saxlanlmışdı. Rəsmi açıqlamada B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edidiyi, Q.İbrahimovdan isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilirdi.

Gənclər məhkəmədə ittihamları qəbul etməmişdilər. Onlar, vəkilləri, hüquq müdafiə qurumları bəyan etmişdilər ki, gənclər keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər. Yerli məhkəmələr gənclərin hər birini 10 il azadlıqdan məhrum edən hökm çıxarmışdı. Hər iki gənc fəal 2019-cu ilin martında azadlığa çıxıb.