Faktların müəyyənləşdirilməsi, sübutların qəbulu və dəyərləndirilməsi – AİHM bələdçisi

“Dördüncü instansiya” konsepsiyası və ədalətli araşdırma hüququ

Ölkədaxili məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsi baxımından ədalətli olub-olmamasını müəyyən edərkən, Avropa Məhkəməsi işin bütün hallarını cəm şəkildə nəzərə alaraq, həmin maddədə nəzərdə tutulmuş prosessual xarakterli təminatlara (o cümlədən ölkədaxili məhkəmələrin qərarlarını kifayət qədər əsaslandırması təminatına) riayət olunub-olunmadığını araşdırır.

Avropa Məhkəməsi ölkədaxili məhkəmələrlə eyniləşdirilərək “dördüncü instansiya” sayıla bilməz. O, bir qayda olaraq, ölkədaxili məhkəmələrin gətirdiyi əsasların və gəldiyi nəticələrin doğru və ya yanlış (ədalətli və ya ədalətsiz) olmasını araşdırmır (bax: García Ruiz İspaniyaya qarşı, Böyük Palata; Perez Fransaya qarşı, Böyük Palata; Buzescu Rumıniyaya qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Cənnətov Azərbaycana qarşı). Çünki, bir tərəfdən, Avropa Məhkəməsi belə araşdırmanı aparmaq maqsədi ilə yaradılmayıb, digər tərəfdən, belə araşdırmanın effektiv aparılması üçün onun əlində yetərli imkanlar yoxdur.

Məsələn, Avropa Məhkəməsi ölkədaxili məhkəmənin yerini tutaraq bu və ya digər şəxsin cinayət törətməkdə təqsirli olub-olmadığını və ya hər hansı mülki iddianın əsaslı olub-olmadığını söyləmir. O cümlədən, bir qayda olaraq, Məhkəmə (a) faktiki halların və ya ölkədaxili hüquqi normaların doğru və ya səhv təfsir edildiyi, (b) bu və ya digər sübutun qəbul və ya rədd edilməli olduğu, (c) bu və ya digər arqumentin, sübutun və sair mülahizənin doğru və ya səhv qiymətləndirildiyi barədə qərar qəbul etmir.

Yalnız bəzi hallarda Avropa Məhkəməsi istisna olaraq bu qaydadan kənara çıxır. Belə ki, əgər ölkədaxili məhkəmələrin gəldiyi nəticələr “özbaşına” və ya açıq aydın şəkildə əsassızdırsa Avropa Məhkəməsi həmin məhkəmələrin apardığı qiymətləndirmənin özünü Konvensiyanın 6-cı maddəsi baxımından ədalətsiz saya bilər. Presedentlərə əsasən, Avropa Məhkəməsinin ölkədaxili məhkəmələrin gəldiyi nəticəni “özbaşına” nəticə kimi qiymətləndirməsi aşağıdakı hallarda mümkündür (bax: Moreira Ferreira Portuqaliyaya qarşı (no. 2), Böyük Palata; Tibet Menteş Türkiyəyə qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2)):

ölkədaxili məhkəmələr heç bir əsas gətirmədikdə və ya

ölkədaxili məhkəmələrin gətirdiyi əsaslar faktiki halların və ya hüquqi normaların açıq-aydın şəkildə səhv təfsirinə dayandıqda.

Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı (no. 2) işində Avropa Məhkəməsi ölkədaxili məhkəmələrin həlledici sübutları və sübutlara qarşı etirazları necə (hansı formada) qəbul etdiyini, araşdırdığını və qiymətləndirdiyini nəzərdən keçirib. Məhkəmə qərara gəlib ki, ərizəçinin cinayət işində təqsirli bilinməsi qüsurlu və təhrif edilmiş sübutlara əsaslanıb, ölkədaxili məhkəmələr ərizəçinin həmin sübutlara qarşı təqdim etdiyi etirazları qeyri-adekvat cavablandırıb. Məhkəmə həmçinin qərara gəlib ki, ərizəçinin xeyrinə olan sübutlar sistematik şəkildə, adekvat əsaslandırma olmadan və ya açıq-aydın əsassız şəkildə rədd edilib.

Diqqət! Yadda saxlamaq lazımdır ki, Məhkəmə hər bir halda prosesin ümumilikdə götürüldükdə ədalətli olub-olmamasını araşdırır. Yəni, məsələn, hər hansı arqument, etiraz və ya vəsatət (misal üçün, konkret şahidə qarşı etiraz və ya hansısa ekspertizanın aparılması barədə vəsatət) işin həlli üçün həlledici və ya vacib olmayıbsa, həmin arqument, etiraz və ya vəsatətin “faktiki halların və ya hüquqi normaların açıq-aydın şəkildə səhv təfsirinə dayanan” əsaslarla rədd edilməsi avtomatik olaraq Konvensiyanın pozuntusu sayılmayacaq. Məhkəmə qərara gələ bilər ki, prosesin ümumilikdə götürüldükdə ədalətli olmadığına dair heç bir sübut təqdim olunmayıb. Bu zaman Məhkəmə şikayəti qəbuledilməyən saya bilər.

Bu və ya digər sübutun ölkədaxili məhkəmələr tərəfindəm qəbul və ya rədd edilməli olduğunu söyləmək, onun doğru və ya səhv qiymətləndirdiyi barədə qərar qəbul etmək Avropa Məhkəməsinin işi olmasa da, ölkədaxili məhkəmə araşdırmasının ümumilikdə götürüldükdə ədalətli olub-olmaması sualına cavab axtararkən Məhkəmə istifadə olunmuş sübutun hansı yolla əldə edildiyini də araşdırır. Məhkəmənin qarşısında sübutun keyfiyyətini, o cümlədən həmin sübutun əldə edilmə şəraiti onun etibarlılığına və ya dəqiqliyinə şübhə yaradıb-yaratmaması nəzərə alır (bax: Jalloh Almaniyaya qarşı, Böyük Palata; Bykov Rusiyaya qarşı, Böyük Palata; Khan Böyük britaniyaya qarşı; İlqar Məmmədov Azərbaycana qarşı (no. 2); Cənnətov Azərbaycana qarşı; və s.).

(b) “Dördüncü instansiya” konsepsiyasının tətbiq olunmadığı hallar

Diqqət etmək lazımdır ki, söhbət ədalətli araşdırma hüququndan deyil, Konvensiyada nəzərdə tutulmuş başqa hüquq və azadlıqlardan gedirsə, “dördüncü instansiya” konsepsiyası tətbiq olunmur. Yəni həmin digər hüquqların pozulub-pozulmadığını araşdırarkən Avropa Məhkəməsi ölkədaxili məhkəmələrin (və ya digər dövlət orqanlarının) gətirdiyi əsasların və gəldiyi nəticələrin özünü saf-çürük edə bilər, faktiki halların doğru və ya səhv müəyyənləşdirdiyini, ölkədaxili hüquqi normaların doğru və ya səhv təfsir və tətbiq etdiyini analiz edə bilər və sair.

Məsələn, Axverdiyev Azərbaycana qarşı işdə mülkiyyət hüququnun pozulub-pozulmadığını araşdırarkən Məhkəmə belə nəticəyə gəlib ki, ərizəçinin mülkiyyəti sökülərkən müvafiq ölkədaxili qanunvericilik normalarına riayət olunmayıb və ərizəçi qanunsuz yolla müəyyən olunmuş kompensasiya məbləğini qəbul etməyə məcbur edilib.

Bundan əlavə, ərizəçinin və hökümətin təqdim etdiyi faktlar versiyası bir-birindən fərqləndikdə Məhkəmə özü “faktların müəyyən olunması” analizini apara bilər. Faktları məyyənləşdirərkən Məhkəmə öz metodologiyasını, ölkədaxili məhkəmələrin tətbiq etdiyindən fərqlənən metodologiya tətbiq edir. Faktları məyyənləşdirərkən Məhkəmə yüksək sübut standartını tətbiq edir: belə ki, faktlar “bütün ağlabatan şübhələrin xaricində” sübut olunmalıdır. Amma eyni zamanda Məhkəmə vurğulayır ki, faktların “bütün ağlabatan şübhələr xaricində” sübutu (a) kifayət qədər güclü, aydın və bir-biri ilə ahəngdə olan (uyuşan, razılaşan) gümanların və ya (b) təkzibolunmamış “fakt prezumpsiyaları”nın mövcudluğu əsasında da mümkündür (daha ətraflı müzakirə üçün “Konvensiyanin 2-ci və 3-cü maddələri ilə bağli şikayətlərin araşdirilmasi qaydasi” mövzusuna bax). Əksər hallarda “faktların müəyyən olunması” analizinin Məhkəmə tərəfindən aparılmasına ehtiyac Konvensiyanın 2-ci və ya 3-cü maddəsinin pozulması ilə bağlı işlərdə yaranır.

“Dördüncü instansiya” konsepsiyasının tətbiq olunduğu və tətbiq olunmadığı hallar arasında fərqi daha aydın nümunə etdirmək üçün aşağıdakı hipotetik misala nəzər yetirmək lazımdır.

Hipotetik misal:

Ərizəçi və M. məhkəmə qaydasında boşanıb. Boşanma zamanı ölkədaxili məhkəmələr həmçinin onların azyaşlı uşağının valideynlərdən kiminlə qalması məsələsini həll edib. Bu zaman məhkəmələr boşanmanın ərizəçinin ərinə xəyanət etməsi səbəbindən olduğunu nəzərə alıb. Məhkəmələr belə nəticəyə gəlib ki, uşaq atası ilə qalmalıdır, çünki ana ərinə xəyanət etməklə əxlaqsız davranıb. Ərizəçi Konvensiyanın 6-cı (ədalətli araşdırma hüququ) və 8-ci (ailə həyatına hörmət hüququ) maddələrinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edib. Ərizəçi iddia edib ki, o heç vaxt ərinə xəyanət etməyib, onun guya ərinə xəyanət etməsi barədə ifadə vermiş şahid qərəzli olub, məhkəmələr faktları səhv təfsir edib və maddi və prosessual qanunvericiliyi düzgün tətbiq etməyib. Ərizəçi həmçinin iddia edib ki, o, qayğıkeş və sevən anadır, həmişə uşağa yaxşı baxıb, üstəlik uşağın inkişafı və sağlam böyüməsi üçün şərait yaratmaq imkanındadır, amma məhkəmələr bu faktların heç birini nəzərə almayıb və nəticədə onun ailə həyatı hüququ pozulub.

Bu işi Avropa Məhkəməsi araşdırmalı olsaydı, çox güman ki, 8-ci maddə üzrə pozuntu tapardı, çünki uşağın valideynlərdən kimlə qalması məsələsi həll olunarkən “uşağın ümdə maraqları” nəzərə alınmalıdır, valideynlərdən birinin o birinə xəyanət edib-etməməsi isə həmin valideynin uşaqla neçə davranacağını göstərmir. Ölkədaxili məhkəmələrin ərizəçinin uşaqla münasibətini nəzərə almaqdansa, iddia edilən xəyanət faktını əsas götürməsi Konvensiyanın 8-ci maddəsinə ziddir. Eyni zamanda Avropa Məhkəməsi çox güman ki, 6-cı maddə üzrə şikayəti qəbuledilməz sayardı, çünki faktiki halları müəyyənləşdirmək, şahidlərin qərəzli olub-olmamasını araşdırmaq, ölkədaxili hüquqi normaları təfsir etmək (o cümlədən bu cür işlərdə xəyanət barədə sübutların qəbul edilməsi ölkədaxili qanunvericiliyə uyğun olubmu sualını araşdırmaq) ölkədaxili məhkəmələrin işidir. Eyni səbəblərdən Avropa Məhkəməsi uşağın kiminlə qalmalı olduğu məsələsini də həll etməyəcəkdi.

©legallibrary.org