Fərdi məlumatların gizliliyi hüququ – BƏLƏDÇİ

19.09.24

Şəxsi həyatın toxunulmazlığı hüququ beynəlxalq hüquqda əsas insan hüquqlarından hesab olunur. Bu hüququn ən əhəmiyyətli kompanenti hesab olunan fərdi məlumatların gizliliyi hüququ şəxsin fərdi məlumatlarının qanunsuz müdaxilələrdən müdafiə hüququna təminat verir.

Telekommunikasiya vasitələrindən, xüsusi ilə internetdən istifadənin artması və fərdi məlumatların mühafizəsini təhdid edən texnologiyaların sürətli inkişafı şəxsi həyatın toxunulmazlığı hüququ ilə bağlı narahatlıqların artmasına səbəb olub. Qlobal miqyasda olduğu kimi Azərbaycanda da bu sahədə qanunsuz və özbaşına müdaxilələrin mövcudluğu şəxsi həyatın toxunulmazlığı hüququnun əhəmiyyətli kompanenti hesab edilən fərdi məlumatların gizliliyinə dair hüquqların müdafiəsinin gücləndirilməsini və təşvqini zəruri edir.

Azərbaycanda fərdi məlumatların qorunması sahəsindəki milli qanunvericiliyin müvafiq beynəlxalq hüquqi standartlara uyğunluğuna dair qiymətləndirmələr göstərir ki, son illərdə Azərbaycanda şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatların qanunsuz ələ keçirilməsinə qarşı hüquqi təminatlar beynəlxalq insan hüquqları standartlarının tələblərinə cavab vermir.

Bundan əlavə praktikada bu sahədə hüquqi müdafiə təşəbbüslərinin az olması, o cümlədən milli və beynəlxalq hüquqi müdafiə vasitələrindən istifadəyə dair yerli ədəbiyyatın və ya istiqamətverici təlimatların, bələdçilərin olmaması da bu sahədə əsas narahatlıqlardan hesab olunur.

Bu mühüm boşluğa və ehtiyaca cavab vermək məqsədi ilə hazırki bələdçi Azərbaycanda şəxsi həyatın toxunulmazlığı hüququnun ən əhəmiyyətli kompanenti hesab olunan fərdi məlumatların gizliliyi hüququnun qorunmasına dair milli və beynəlxalq hüquqi müdafiə vasitələrini biryerdə təqdim edir. Bələdçi cinayət mühakimə icraatının məqsədləri naminə fərdi məlumatların əldə edilməsi, toplanılması, saxlanılması, işlənilməsi və ya ötürülməsi kimi bu hüququ mümkün qeyri qanuni və özbaşına təsirlərə qarşı mövcud milli və beynəlxalq hüquqi müdafiə vasitələrindən istifadəyə təşviq və dəstək vermək məqsədi ilə hazırlanıb.

Bələdçidə milli və beynəlxalq hüquqi müdafiə mexanizmləri və onlardan istifadəyə dair praktiki məlumatlar, qanunvericilikdən istifadəyə dair müvafiq hüquqi aktlara istinadları əhatə etməklə maddi və prosessual qanunvericiliyin ümumi təsviri, məhkəmə qərarlarından çıxarışlar təqdim edilir. İki əsas fəsildən ibarət olan bu Bələdçinin I fəslində “Milli səviyyədə fərdi məlumatların qorunması” üzrə qanunvericiliyin ümumi çərçivələrinə, sözügedən hüququn əhatə dairəsini göstərən anlayışlara və onların tərifinə, müvafiq sahədə önə çıxan mühüm tematik məsələlərə, həmçinin hüquqlaa yol verilən müdaxilələrin xarakteri və icazəverilə bilən həddləri və hüquq pozuntularına qarşı mümkün hüquqi müdafiə üzrə maddi və prosessual qaydalar barədə məlumat verilir.

Bələdçinin II fəslində isə şəxsi həyatın toxunulmazlığı hüququnun, xüsusən də fərdi məlumatların mühafizəsinə dair Azərbaycanın tərəf olduğu beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş standartlardan bəhs edilir. Bu fəsildə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Bundan sonra “Avropa İnsan Hüquqları Konvensiyası” və ya “AİHK”) və Avropa İnsan Hüquqları Məhkəməsinin (Bundan sonra “AİHM”) presedent hüququnda şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların mühafizəsinə dair təşəkkül tapmış standartlardan, dövlətin beynəlxalq öhdəlikləri, Konvensiyada təsbit olunmuş hüququn tətbiqi və şərhi ilə əlaqəli qaydalar təqdim edilir…

Bələdçinin tam mətni – Fərdi Məlumatların Gizliliyi Hüququ_Bələdçi