Qədir Qədirli: Dövlət İdarəçilik Akademiyası, hüquqşünas, tələbə
Evtanaziya: Avropa İnsan Hüquqları Konvensiyasının 2 və 8-ci maddələri aspektindən yanaşma
Giriş:
Əsrlərdir müzakirə mövzusu olan evtanaziya həm əxlaq, həm də hüquq baxımından əhəmiyyət kəsb edən məsələdir. İctimai rəydə xüsusilə evtanaziyanın əxlaqi aspektdən məqbul sayılıb-sayılmaması ciddi müzakirələrə səbəb olur. Bununla yanaşı, bu əxlaqi müzakirələrə əsaslanaraq evtanaziyanın hüquqi cəhətdən sanksiyalaşdırılması mübahisəli mövzu sayılır. Bu debatda bir qrup əxlaqçı arqumentlər əsasında evtanaziyanın qadağan edilməsini, digər qrup isə insan hüquqlarına, xüsusilə insanların ləyaqətli şəkildə ölmək hüququna əsaslanaraq evtanaziyaya, yaxud onun müəyyən növlərinə icazə verilməsini dəstəkləyirlər.
Evtanaziyanın insan hüquqları nöqteyi-nəzərindən icazəli olması məsələsi həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra “AİHK” və ya “Konvensiya”) və Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra “AİHM” və ya “Məhkəmə”) məhkəmə təcrübəsində də müzakirəyə səbəb olub. AİHK-ın mühafizə etdiyi yaşamaq hüququnun evtanaziya hüququnu da ehtiva edib-etmədiyi tezisi və evtanaziyanın Konvensiyanın mühafizə etdiyi şəxsi həyat hüququnun çərçivəsinə düşüb-düşmədiyi problemi AİHM-in məhkəmə təcrübəsində müzakirə edilib. Həmin müzakirələr bu məqalə çərçivəsində nəzərdən keçirilir.
- Evtanaziyanın anlayışı və növləri
Evtanaziya və ya digər adı ilə “mərhəmətlə öldürülmə” ağrılı və sağalmaz xəstəlikdən əziyyət çəkən və ya sağlamlıq imkanlarını məhdudlaşdıran fiziki pozğunluqdan əziyyət çəkən şəxslərin ağrısız şəkildə həyatına son verilməsi, müalicənin və ya həmin şəxslərin həyatının davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması yolu ilə onların ölümünə imkan verən müdaxilə və ya təcrübədir.[i]
Ədəbiyyatlarda evtanaziya dar, geniş və ən geniş, iradəyə bağlı və iradə xaricində olan, aktiv və passiv, tibbi rəyə və məhkəmə qərarına əsaslanan formalarda təsnif olunur.[2]
- Dar, geniş və ən geniş anlamda evtanaziya
Dar mənada evtanaziya əzab içində ölməkdə olan xəstənin həyatına son qoymaqla onun vəziyyətinin yüngülləşdirməsidir.[3] Bu vəziyyətdə xəstə ölümə çox yaxındır və ağrılar keçirir.[4]
Geniş mənada, evtanaziya, ölümün dərhal baş vermədiyi, xəstəliyin həftələrlə və ya, bəlkə də, illərlə davam edə biləcəyi şəxsə evtanaziyanın tətbiqidir.[5] Bu evtanaziya növündə xəstənin xəstəliyinin müalicəsi yoxdur və xəstə dözülməz dərəcədə əziyyət çəkir
Ən geniş anlamda evtanaziya isə “yaşamasının heç bir anlam kəsb etmədiyi” düşünülən şəxslərin həyatlarına son verilməsidir.[6]
- İradəyə bağlı və iradə xaricində olan evtanaziya
İradəyə bağlı evtanaziya xəstənin şüurlu istəyi ilə həyata keçirilən evtanaziyadır. İradədən kənar evtanaziya isə mühakimə yürütmək iqtidarında olmayan xəstənin yaxınlarının və ya onun özünün ehtimal edilən iradəsi ilə həyata keçirilən evtanaziyadır. İradəsini ifadə edə bilməyən xəstənin daha əvvəl açıqlamış olduğu yazılı bəyanı əsasında həyata keçirilən evtanaziya da iradəyə bağlı evtanaziya kimi qiymətləndirilməkdədir.[7]
- Aktiv və passiv evtanaziya
Kənardan başqa bir şəxsin aktiv müdaxiləsi ilə insanın həyatına son verilməsinə aktiv evtanaziya deyilir. Ancaq bu xarici müdaxilə tibb işçisi tərəfindən və müalicə edilə bilməyən bir xəstə üzərində tətbiq edilməli və eyni zamanda bu prosedur həmin xəstənin istəyi ilə həyata keçirilməlidir. Aktiv evtanaziyada müdaxilənin xarakteri də vacibdir: bu cinayət qanunu ilə qadağan olunmuş şəkildə, məsələn, güllələmə və ya bıçaqlama aktı formasında olmamalıdır. Müdaxilə tibbi fəaliyyətlər zamanı həyata keçirilə bilən şəkildə olmalıdır. Məsələn: xəstənin ölümünə səbəb olacaq dərmanın yeridilməsi, ürəyin dayanmasına səbəb olan dərmanın verilməsi, yüksək dozada morfin və ya kalium xlorid verilməsi və ya xəstənin qoşulduğu cihazın elektrik şəbəkəsindən çıxarılması və s.[8]
Passiv evtanaziya isə tibb işçiləri tərəfindən xəstəni həyatda saxlayan lazımi tədbirlər görülmədikdə və ya xəstəni həyatda saxlayan tədbirlərin dayandırılması nəticəsində xəstə öldükdə baş verir.[9] Qısaca, passiv evtanaziya xəstənin ölümə tərk edilməsi deməkdir.[10]
Aktiv evtanaziyada hərəkət, passiv evtanaziyada isə hərəkətsizlik (tərk) ölümə səbəb olur.
- Tibbi rəyə və məhkəmə qərarına əsaslanan evtanaziya
Evtanaziyanın qanuni olaraq qəbul edildiyi müxtəlif hüquq sistemlərində həyata keçirilmə proseduru baxımından fərqlər nəzərə çarpmaqdadır. Belə ki, Hollandiya kimi bəzi dövlətlərin hüquq sistemlərində evtanaziya tətbiq edəcək həkimin başqa bir həkimlə konsultasiya nəticəsində verəcəyi qərar kifayət etdiyi halda, bəzi sistemlərdə bu prosedurun həyata keçirilməsi üçün məhkəmə qərarı tələb olunmaqdadır.[11]
2. Konvensiyanın 2-ci maddəsi aspektindən evtanaziya işinin qiymətləndirilməsi
AİHK-ın 2-ci maddəsi evtanaziya hüququnu birbaşa olaraq təsbit etmir. AİHK-ın 2-ci maddəsinin müəyyən etdiyi hüquq açıq-aşkar şəkildə yaşamaq hüququnun mühafizəsini ehtiva edir. Bu hüquq ilk növbədə, neqativ hüquqdur və dövlət orqanları tərəfindən “öldürülməmək hüququ”nu müəyyən edir. Bununla yanaşı, AİHM məhkəmə təcrübəsində müəyyən edib ki, yaşamaq hüququnun pozitiv aspektləri mövcuddur.[12] Yaşamaq hüququnun pozitiv aspekti onu nəzərdə tutur ki, tərəf dövlətlər üçüncü şəxslər tərəfindən törədilə biləcək əməllərin qarşısını almalı (substantiv pozitiv öhdəlik), həm də həm dövlət orqanları, həm də üçüncü şəxslər tərəfindən törədilən həyatdan məhrum etmə insidentlərini effektiv araşdırmaq öhdəliyi daşıyır (prosessual pozitiv öhdəlik).[13] AİHM-in formalaşmış məhkəmə təcrübəsində AİHK-ın 2-ci maddəsi ilə qorunan tərəf dövlətlərin insan həyatını qorumaq üçün pozitiv öhdəliklərinin əhəmiyyəti dəfələrlə vurğulanmışdır. Həmçinin məhkəmə bu öhdəliyin icrasını əqli cəhətdən qeyri-sabit olan və intihara meyilli olan məhbuslara da şamil etmişdir (bax Keenan Böyük Britaniyaya qarşı işi[14]).
AİHM-in 2-ci maddə aspektindən evtanaziya ilə bağlı praktikasını araşdırarkən iki qərar diqqəti xüsusilə cəlb edir: Sanles Sanles-İspaniyaya qarşı və Pretty Böyük Britaniyaya qarşı işləri.
Bu işlərdən birincisi, 1993-cü ildə 25 yaşında hər iki qolu və ayağı iflic olmuş və təxminən 50 yaşında olanda İspaniya məhkəmələrindən başqalarının (xüsusilə də həkiminin) köməyi ilə dövlətin heç bir müdaxiləsi olmadan öz həyatına son qoymaq hüququnun tanınmasını iddia edən, cənab Sampedro adlı şəxs idi. Lakin ərizəçi yerli məhkəmələrdə icraat başa çatmamış vəfat etdiyi üçün İspaniya məhkəmələri və Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçinin varisi kimi təyin etdiyi qohumu, xanım Sanlesin Konvensiyanın iddia edilən pozuntunun “qurbanı” olmadığı və məsələ ilə bağlılığının olmadığı qərarına gəlmişdir.[15]
Sanles Sanles işində gündəmə gələn suallar daha sonra Pretty Böyük Britaniyaya qarşı işində Məhkəmənin qarşısına çıxarıldı. Bu iş xroniki və sağalmaz motor neyron xəstəliyindən (MND) əziyyət çəkən 43 yaşlı xanım Dianne Prettynin işi idi. Xanım Pretty boynundan aşağı iflic olmasına, anlaşıqlı danışa bilməməsinə baxmayaraq sərbəst surətdə mühakimə yürütmək və həmin mühakiməsinə uyğun qaydada hərəkət etmək iqtidarında idi. Xəstəliyin normal gedişatını izləməyi davam etdirəcəyi halda iztirab çəkməkdən qorxduğu və özü intihar edə bilməyəcəyi üçün bu mövzuda ərindən kömək istəmək məcburiyyətində qalmışdı. Böyük Britaniyada intihar etmək cinayət sayılmasa da, kiməsə intihar etməkdə kömək etmək cinayət sayılır.[16] Lakin cinayət işi yalnız bu məsələdə səlahiyyətə malik olan Lord- vəkilin[17] razılığı ilə açıla bilər.
Xanım Pretty ərinin xahişi ilə intihar etməsinə kömək etdiyi halda mühakimə olunmayacağına dair təminat istəmiş, lakin Lord-vəkil bunu rədd etmişdir. Böyük Britaniya məhkəmələri Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Komissiyasının presedent hüququnun ətraflı təhlilindən sonra Lord-vəkilin bu məsələylə bağlı öhdəlik götürməmək qərarını təsdiqləyib.
Məhkəmə 2-ci maddəylə təminat verilən “yaşamaq hüququ”nun mənfi anlamda şərh edilə bilməyəcəyi qənaətindədir. Məsələn, AİHM-in Konvensiyanın 11-ci maddəsinə uyğun olaraq birlik yaratmaq hüququna təkcə birliyin üzvü olmaq hüququnu deyil, həm də birliyin üzvü olmağa məcbur edilməmək hüququnun aid edildiyini bildirərək azadlıq anlayışının eyni zamanda bu azadlığın həyata keçirilməsində bəzi seçim hüququnu tanımasına baxmayaraq,[18] 2-ci maddənin heç bir dil təhrifi olmadan ölüm hüququ və ya fərdin yaşamaq əvəzinə ölməyi seçmək hüququ kontekstində öz müqəddəratını təyinetmə hüququ kimi təfsir edilə bilməyəcəyi qənaətindədir.[19] Məhkəmə hesab edir ki, Konvensiyanın 2-ci maddəsindən üçüncü şəxsin əli ilə və ya dövlət orqanlarının köməyi ilə ölmək kimi bir hüquq irəli gəlmir.[20]
Həmçinin məhkəmə vurğulayır ki, intihara köməyə icazə verilməsinin hər hansı bir ölkədə pozuntu sayılmaması bunun Böyük Britaniyada intihara kömək etməyin qadağan olunmasının AİHK-ın 2-ci maddəsinin pozuntusu sayılması anlamına gəlmir.[21]
Vacib məsələlərdən biri də ölməkdə olan şəxs üçün əks təsiri onun ölüm prosesini sürətləndirə biləcək müalicə üsullarının tətbiqinə icazə verilib-verilməməsidir. Bununla əlaqədar olaraq, Avropa Şurası Parlament Assambleyası üzv dövlətlərə tövsiyə edir:” Əgər şəxs başqa cür seçim etməzsə, ölməkdə olan şəxsə, əks təsiri həyatını qısaltsa belə, kifayət qədər ağrıkəsici verilməli və palliativ müalicə tətbiq edilməlidir.”[22]
3. Konvensiyanın 8-ci maddəsi aspektindən evtanaziyanın qiymətləndirilməsi
AİHK-ın 8-ci maddəsi evtanaziya hüququnu birbaşa təsbit etmir. Bununla yanaşı, AİHM 8-ci maddənin şəxsi həyat aspektini ekstensiv şəkildə genişləndirici təfsir edir. Bu baxımdan şəxsi həyat hüququnun əhatə dairəsinə həmçinin evtanaziya hüququ aid edilir. Lakin AİHM müəyyən edir ki, evtanaziya məsələsində dövlətlərin geniş mülahizə sərbəstliyi var. Üzv dövlətlərin əksəriyyəti insanın həyatına son vermək hüququndan (Konvensiyanın 8-ci maddəsi) daha çox onların həyatının qorunmasına (Konvensiyanın 2-ci maddəsi) əhəmiyyət verir.
Pretty Böyük Britaniyaya qarşı məhkəmə işində AİHM ilkin olaraq bu nəticəyə gəldi ki, şəxsin hansı yolla öləcəyi barədə qərar vermək hüququ 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyatın tərkib elementidir.[23] Sonrakı presedent hüququnda isə aydınlıq gətirildi ki, şəxsin öz həyatına hansı yolla və hansı anda son qoyacağı barədə qərar vermək hüququ Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququnun aspektlərindən biridir, bu şərtlə ki, həmin şəxs sərbəst surətdə mühakimə yürütmək və həmin mühakiməsinə uyğun qaydada hərəkət etmək iqtidarında olsun.[24]
Həmçinin AİHM müəyyən edib ki, könüllü intihara yardım etmə məsələlərində üzv dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Məhkəmə qeyd edir ki, həyat funksiyaları aparatla təmin edilən şəxsin müalicəsinin dayandırılmasına icazə vermək məsələsində Avropa Şurasına üzv olan dövlətlər arasında hazırda konsensus yoxdur.[25] Buna icazə verən qanunlarda belə bir tələb yer alır ki, həyata son qoyan dərmanlar yalnız həkimin göstərişi ilə verilməlidir.[26] Pretty işindən fərqli olaraq, Haas İsveçrəyə qarşı məhkəmə işində Məhkəmə qeyd etdi ki, ərizəçi təkcə həyatının çətin və ağrılı olduğunu iddia etməyib, həm də qeyd edib ki, sözügedən maddəni almayacağı təqdirdə intiharın özü ləyaqətli ölüm keyfiyyətindən məhrum olacaq. Bundan əlavə, Prettynin işindən fərqli olaraq bu işdə ərizəçi faktiki olaraq taqətdən düşmüş hesab edilə bilməzdi, belə ki, o, öz həyatına özünün son qoymasına mane ola biləcək sağalmaz degenerativ xəstəliyin son mərhələsində deyildi.
Kox Almaniyaya qarşı məhkəmə işində ərizəçi şikayət etmişdi ki, daxili məhkəmələr onun arvadının ölümcül dozada natrium pentobarbital əldə etməsinə icazə verməkdən Federal İnstitutun imtina etməsi ilə əlaqədar olaraq ərizəçinin verdiyi şikayəti mahiyyəti üzrə araşdırmaqdan imtina ediblər ki, bu da onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatına hörmət hüququnu pozmuş olub. Məhkəmə daxili məhkəmələrin ərizəçinin vəsatətinə mahiyyəti üzrə baxmaqdan imtina etmələri səbəbindən 8- ci maddənin pozulduğunu müəyyən etmişdir.
Yuxarıdakı işlərlə yanaşı nəzərə almaq lazımdır ki, AİHM 8-ci maddənin tətbiq dairəsini genişləndirməyi və iştirakçı dövlətlərin üzərinə intihar aktına yardım etməyə qoyulmuş qadağanın şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu olduğu barədə iddiaya mahiyyəti üzrə daxili məhkəmələr tərəfindən baxılmasını tələb edən hüquqi müdafiə vasitəsini təmin etmək kimi prosessual öhdəlik qoymağı məqsədəuyğun hesab etmir.[27]
4. Azərbaycan Respublikası cinayət qanunvericiliyində evtanaziya qadağası
Evtanaziyanın qanuniləşdirildiyi ölkələrlə müqayisədə, evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutan ölkələr üstünlük təşkil edir. Evtanaziyanı qanuni hesab edən ölkələrin yanaşmasına görə, hər kəsin yaşamaq hüququ olduğu kimi ölmək hüququ da olduğu üçün evtanaziya cinayət sayılmamalıdır. Bu, ağrıdan əzab çəkən sağalmaz xəstələrin həyatına son verməyə yardım etdiyi üçün faydalı bir əməldir. Həmçinin bu yanaşmaya görə, evtanaziya ölüm ayağında olan şəxsləri “can vermə” prossesindən qurtarır. Hollandiya[28], Belçika[29], İsveç[30], Avstraliya[31] və bir sıra digər ölkələrdə evtanaziya qanunidir. Azərbaycanda isə evtanaziya hüquqi baxımdan qəbul edilmir və cinayət qanunu ilə sanksiyalaşdırılır.
Evtanaziya AR Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslinə daxil edilib və yüngülləşdirici hallarda adam öldürmənin bir növüdür. Qüvəddə olan Cinayət Məcəlləsinin 135-ci maddəsi evtanaziyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu maddəyə əsasən, “evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərərkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.[32]
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsinin şərhində evtanaziya cinayətinin obyekti kimi şəxsiyyətin həyatının təhlükəsizliyi ilə bağlı olan ictimai münasibətlərin olması (sağalmaz və ağır xəstələr) nəzərdə tutulur.[33]
Evtanaziya cinayətini törətmiş şəxsin əməlinin qiymətləndirilməsi zamanı Ali Məhkəmənin qərarına əsasən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır.[34]
Nəticə
Beləliklə, evtanaziyanın qəbul edilib-edilməməsində insan həyatının müqəddəsliyi və əvəzsizliyinin hələ də təsirli dəyərlər olmasına baxmayaraq, zamanla fərdin müstəqilliyi, həyat keyfiyyətini təyin etmək hüququ, öz bədəni və ölümünə dair söz sahibi olmaq ehtiyacının nəzərə alınmağa başladığını deyə bilərik.
Bu dəyərlərə əsasən iradəyə bağlı-passiv evtanaziyanın, yəni müalicədən imtina etmək hüququnun həkimlər tərəfindən geniş şəkildə qəbul edildiyi görünməkdədir. Hüquq sistemləri bu istiqamətdə iradəyə bağlı-passiv evtanaziyaya daha müsbət baxmağa və bu növ evtanaziyanı xəstələrin hüquqları baxımından nəzərə alaraq qanuniləşdirməyə meyillidirlər.
Bu məsələni Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları işığında araşdırdıqda da məhkəmənin passiv evtanaziyanı qanuni görməkdə daha çox meyilli olduğunu söyləmək mümkündür. AİHK-ın 2 və 8-ci maddələri aspektindən yanaşdıqda görürük ki, Konvensiyanın 2-ci maddəsi evtanaziya hüququnu nəzərdə tutmur (Pretty işi). Evtanaziya məsələsi Konvensiyanın 8-ci maddəsi ilə mühafizə edilir, lakin bu məsələdə dövlətlərə geniş mülahizə sərbəstliyi verilir. Hazırda Azərbaycan Respublikası evtanaziyanı qadağan edir və həmin əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur.
[i] Britannica “Evtanaziya” (“euthanasia“) https://www.britannica.com/topic/euthanasia
[2] Erika Biton Serdaroğlu “ Evtanaziya- ölmək hüququ” (“Ötanazi- ölme hakkı”) 2016, səh. 465-468
https://dergipark.org.tr/tr/download/article-file/333843
[3] Arzu Besiri, “Evtanaziya və yaşamaq hüququ” (“Ötanazi ve Yaşam Hakkı”), TBB jurnalı, nömrə 86, 2009 səh.190 http://tbbdergisi.barobirlik.org.tr/m2010-86-581
[4] Özge Demirörs, Sevinç Arslan Hızal, “Evtanaziya Türkiyə Cinayət hüququ baxımından” (“Türk Ceza Hukuku Açısından Ötanazi”), səh.1485 https://dergipark.org.tr/en/download/article-file/621561
[5] Mehmet Emin Artuk, Caner Yenidünya, “Evtanaziya” (“Ötanazi”, Prof. Dr. Turhan Tufan Yüce’ye Armağan), İzmir, 2001, səh. 300 https://hukuk.deu.edu.tr/wp-content/uploads/2020/01/Artuk-Yenidunya1.pdf
[6] Yuxarıda
[7] Serdaroğlu səh. 465
[8] Artuk və digərləri səh.301
[9] BBC “Aktiv və passiv evtanaziya” (“Active and passive euthanasia”). https://www.bbc.co.uk/ethics/euthanasia/overview/activepassive_1.shtml
[10] Bilal Kılınç “Müqayisəli hüquqda evtanaziyaya yanaşmalar və hüququmuzda evtanaziyanın yeri problemi” (“Mukayeseli Hukukta Ötanaziye İlişkin Yaklaşımlar ve Hukukumuzda Ötanazinin Yeri Sorunu”) İstanbul 2018, səh 18. https://acikbilim.yok.gov.tr/bitstream/handle/20.500.12812/309234/yokAcikBilim_10190977.pdf?sequence=-1&isAllowed=y
[11] Serdaroğlu 468.
[12] Valentin Campeanu adından Hüquqi Araşdırmalar Mərkəzi Rumıniyaya qarşı işi [BP], § 130, № 47848/08 (17 iyul 2014). https://hudoc.echr.coe.int/eng?i=001-145577
[13] Armani Da Silva Böyük Britaniyaya qarşı işi [BP], § 229, № 5878/08 (30 mart 2016). https://hudoc.echr.coe.int/eng?i=001-161975
[14] Keenan Böyük Britaniyaya qarşı işi, № 27229/95 (3 aprel 2001). https://hudoc.echr.coe.int/fre?i=001-59365
[15] Sanles Sanles İspaniyaya qarşı qəbuledilənlik qərarı § 6.2, №1024/2001 (30 mart 2004). http://www.worldcourts.com/hrc/eng/decisions/2004.03.30_Sanles_Sanles_v_Spain.htm
[16] 1961-ci il İntihar aktı (”Suicide Act 1961”). https://www.legislation.gov.uk/ukpga/Eliz2/9-10/60/data.pdf
[17] Lord-vəkil- Şotlandiyada Baş prokuror səlahiyyətlərini icra edən şəxs, Şotlandiyanın ən yüksək məhkəmə məmurlarında biri və Britaniya hökumətinin üzvü (əsli ingiliscədir). https://en.wikipedia.org/wiki/Lord_Advocate
[18] Pretty Böyük Britaniyaya qarşı işi, § 39-40, № 2346/02 (29 aprel 2002). https://hudoc.echr.coe.int/eng?i=001-60448
[19] Avropa Şurası Parlament Assambleyasının 1418 (1999) saylı Tövsiyəsi, (REC_1418 (1999), GR-H(2002)7) 4-cü bənd. https://rm.coe.int/0900001680507043
[20] Yuxarıda.
[21] Pretty işi, § 41.
[22] AŞPA-nın 1418 (1999) saylı tövsiyəsi, 9-cu bənd.
[23] Pretty işi, § 67.
[24] Haas İsveçrəyə qarşı işi, № 31322/07 (20 iyun 2011), § 51. https://hudoc.echr.coe.int/eng?i=001-102940
[25] Lamber və başqaları Fransaya qarşı işi, № 46043/14 (25 iyun 2015) [BP], § 148. https://hudoc.echr.coe.int/eng?i=001-155352
[26] Haas işi, § 52.
[27] Niklinson və Lemb Böyük Britaniyaya qarşı işi, 2478/15 və 1787/15 § 84. https://hudoc.echr.coe.int/eng?i=001-156476
[28]“Evtanaziyaya icazə verilirmi?” ( Government of the Netherland “Is euthanasia allowed?“). https://www.government.nl/topics/euthanasia/is-euthanasia-allowed
[29] Belçikanın Evtanaziya qanunu (“Wet betreffende de euthanasia”). http://www.ejustice.just.fgov.be/cgi/article_body.pl?language=nl&pub_date=2002-06-22&numac=2002009590&caller=summary
[30] “İsveç passiv evtanaziyaya icazə verir “ (AFP/The Swedish Wire, “Sweden Allows Passive Euthanasia,” swedishwire.com, Apr. 26, 2010) (istinad edilir: https://euthanasia.procon.org/euthanasia-physician-assisted-suicide-pas-around-the-world/#sweden).
[31] “Evtanaziya: Viktoriya könüllü yardımla ölümü qanuniləşdirən ilk Avstraliya ştatı oldu” ( News “Euthanasia: Victoria becomes the first Australian state to legalise voluntary assisted dying”). https://www.abc.net.au/news/2017-11-29/euthanasia-passes-parliament-in-victoria/9205472
[32] AR Cinayət Məcəlləsi m. 135. http://e-qanun.az/framework/46947
[33] Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası, Bakı 2014, səh 342, 4-cü bənd. http://web2.anl.az:81/read/page.php?bibid=380469&pno=173
[34] “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il 3 saylı qərarının 1-ci bəndi. http://supremecourt.gov.az/post/view/149