Dövlət Xədicə İsmayıla təzminat ödəməlidir – Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 7-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Söhbət Azərbaycanda ən yuxarı səviyyədəki korrupsiya halları ilə bağlı jurnalist araşdırmaları ilə tanınan Xədicə İsmayılovanın şikayəti üzrə qərardan gedir.

Bu məhkəmə işi X.İsmayılovanın AİHM qarşısına çıxarılan sayca üçüncü işidir. 2012-ci ilin mart ayında jurnalistin yataq otağında gizli bir kamera ilə gizlin şəkildə çəkilən videoyazı internetdə yayımlanır. Bu və bununla əlaqəli hadisələr AİHM-in Xədicə İsmayılova Azərbaycana qarşı 2019-cu il tarixli qərarının predmetini təşkil edib və həmin işdə ərizəçinin hüquqlarının pozulduğu aşkar edilib.

2014-cü ilin dekabrında X.İsmayılova keçmiş həmkarını intihara sürükləməkdə ittiham olunaraq həbs olunub. Bu hadisələr Məhkəmənin Xədicə İsmayılova Azərbaycana (№2) qarşı çıxardığı qərarının predmetin təşkil edib, AİHM ərizəçinin hüquqlarının pozulduğunu aşkar edib.

2012-ci ilin noyabr ayında hökumətyönlü “Səs” qəzetində müxalif yönümlü jurnalistlər və siyasətçilər haqqında təhqiramiz ifadələrin yer aldığı məqalə dərc edilib. Digər məsələlərlə bərabər məqalədə deyilirdi ki: “Əgər müxalifət qəzetlərinin qələmini itiliyən zəvzəklərin düşüncələri bu qədər ucuz və dardırsa, qoy, Xədicə İsmayılovaya öz İctimai Palatasında yer versinlər və ona İctimai Palatanın Pornstar Cicciolina adını qoysunlar!” Məqalədə “Cicciolina” ilə əlaqəli bir sıra seksual xarakterli ifadələr yer alırdı. Qeyd edilənlər hazırkı məhkəmə işinin predmetini təşkil edirdi.

X.İsmayılova həmin vaxt məqalənin təhqiramiz olmasını və onun şərəf və ləyaqətinə, şəxsi və ailə həyatına hörmət etmək hüququna və ifadə azadlığına ziyan vurmasını əsas gətirərək qəzeti məhkəməyə verib. 2013-cü ilin fevralında işə baxan Səbail Rayon Məhkəməsi, 2013-cü ilin iyun və oktyabr aylarında isə apellyasiya və kassasiya instansiyaları X.İsmayılovanın şikayətlərini rədd edib, o, AİHM-ə şikayət edib.

Jurnalist bildirib ki, dövlət onun 8-ci maddə (şəxsi həyata hörmət hüququ) ilə təminat altına alınan hüquqlarını qoruya bilməyib, çünki məhkəmələr onun şəxsi və cinsi həyatını işıqlandıran məqaləyə görə qəzeti cəzalandırmayıb. X.İsmayılova 6-cı maddəyə əsaslanaraq, yerli məhkəmələrin onun səsləndirdiyi arqumentləri nəzərə almamasını onun əsaslandırılmış qərar almaq hüququnu pozduğunu iddia edirdi. 10-cu maddəyə əsaslanan jurnalsit iddia edib ki, qəzetdə dərc edilmiş məqalə, ona qarşı təhdid və hücumlar, şəxsi həyatına zərbə vurma kampaniyasının bir hissəsi olub və jurnalist fəaliyyəti ilə əlaqəlidir.

AİHM yekun qərarında 6 və 8-ci maddə ilə bağlı şikayətləri qəbul edilən sayıb. Jurnalistin şəxsi həyata hörmət hüququna müdaxilə edildiyinə qərar verən məhkəmə digər şikayətləri araşdırmağa zərurət görməyib. Qərara əsasən, hökumət jurnalistə 6 min avro təzminat ödəməlidir.

Qərarın ingiliscə mətni

Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)