Böhtana görə həbs edilən jurnalistin şikayəti – AİHM qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi yanvarın 31-də Azərbaycandan göndərilmiş şikayət üzrə növbəti qərarını elan edəcək. Söhbət yazılarına görə məhkum edilmiş jurnalist Fuad Hüseynovun həbsdəykən cərimələnməsi işindən gedir.

F.Hüseynov yazılarına görə böhtan və təhqir ittihamı ilə həbs edilmiş, daha sonra əfv edilib, azadlığa buraxılmışdı.

F.Hüseynov həbsdə olarkən, ona qarşı xüsusi ittiham qaydasında şikayət etmiş şəxs, jurnalistin azadlıqdan məhrum edulməsini əsas göstərərək, mülki məhkəmə davası açmışdı. Jurnalist həmin mülki iş üzrə dəymiş maddi-mənəvi zərərə görə 5 min manat cərimə edilmişdi.

F.Hüseynov AİHM-ə şikayətində iddia edirdi ki, mülki qaydada cərimələnməsi ilə bağlı məhkəmə prosesi Konvensiyanın 6-cı maddəsinə uyğun olmayıb. Ərizəçi bildirib ki, ona məhkəmə işi barədə qanuna uyğun olaraq bilgi verilməyib, məhkəmədə iştirakı təmin edilməyib və bununla da Konvensiyanın 6-cı maddəsinin pozuntusuna (məhkəmədə şəxsən və ya qanuni nümayəndəsi vasitəsilə iştirak etməyə imkan yaradılmaması) yol verilib.