Biznes və insan hüquqları – Səxavət Yusifov

Səxavət Yusifov: Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə son kursunda təhsil alır,

insan hüquqları sahəsində işləyir.

PDF yüklə

 

    Biznes və insan hüquqları

Giriş

İnsan hüquqlarına hörmət göstərilməsi və onlara əməl olunması ənənəvi olaraq dövlətlərin öhdəliyi sayılır. Lakin son dövrlər üçüncü şəxslər tərəfindən insan hüquqlarına hörmət edilməsi məsələsi gündəmə gəlməkdədir. Biznes qurumlarının getdikcə inkişaf etməsi onların insan hüquqlarına mənfi təsir göstərməsi problemini və bu qurumların insan hüquqlarına hörmət etmək öhdəliyinin olub-olmaması məsələsini ortaya çıxarmışdır. Xüsusilə 1960-cı illərdən başlayaraq bizneslərin sosial məsuliyyəti konsepsiyası iqtisadi nəzəriyyədə diqqət mərkəzindədir. Bununla yanaşı sonrakı dövrlərdə biznes qurumlarının daha konkret olaraq insan hüquqlarına hörmət göstərməsi məsuliyyəti meydana çıxmışdır. BMT nəzdində biznes və insan hüquqlarına dair çoxsaylı sənədlər hazırlanmış və işçi qrupları yaradılmışdır.

Bu yazıda ilk növbədə biznes və insan hüquqlarının qarşılıqlı əlaqəsi əks etdiriləcəkdir. Daha sonra BMT-nin Biznes və İnsan Haqları üzrə Rəhbər Prinsiplərində nəzərdə tutulmuş şirkətlərin insan hüquqlarına hörmət məsuliyyətinə dair prinsiplər göstəriləcək və həmin prinsiplər şərh edilərək şirkətlərin bu məsuliyyətinin hədləri müəyyən edilməyə çalışılacaqdır. Bu istiqamətdə Rəhbər Prinsiplər daxilində insan hüquqlarına hörmətin şirkətlər üçün niyə öhdəlik deyil, məsuliyyət olaraq müəyyən edilməsi  araşdırılacaqdır. Sonda isə “Pegasus” insidenti nümunəsində biznes qurumunun insan hüquqlarına təsiri BMT-nin Biznes və İnsan Haqları üzrə Rəhbər Prinsipləri çərçivəsində qiymətləndiriləcəkdir. Yazıda biznes qurumlarına münasibətdə korporasiya və şirkət sözləri konteksdən asılı olaraq işlədiləcəkdir.

 

  1. Biznes və insan hüquqlarının əlaqəsi

 

Biznes dünyasında şirkətlərin böyüməsi, onların əldə etdikləri iqtisadi, sosial və siyasi güc insan hüquqlarına da təsirsiz ötüşməmişdir. Bu təsir özünü bir tərəfdən insanların həyat səviyyəsini yüksəldə biləcək innovasiya və xidmətlər şəklində göstərdiyi halda, digər tərəfdən insanların həyatını məhv edəcək və ya işçilərin əməyini istismar edəcək kommersiya fəaliyyətlərindən dolayı mənfi nəticələrə səbəb ola bilər.[1]

Uzun müddət biznes və insan hüquqları sözləri bir araya gəldikdə daha çox əmək hüququ, istirahət hüququ və ya həmkarlar ittifaqında birləşmək hüququ kimi ikinci nəsil insan hüquqları yada düşürdü. Lakin 1970-ci illərdən sonra transmilli korporasiyaların adlarının yaşamaq hüququ da daxil olmaqla, bir çox insan hüquqları pozuntusunda hallanması şirkətlərin fundamental hüquq və azadlıqlar üzərində nə qədər təsirli ola biləcəyini gündəmə gətirmişdir.[2]

Bununla belə, şirkətlərin insan hüquqlarına dair hansısa bir məsuliyyətinin olması fikri uzun müddət bir mənalı qarşılanmamışdır. Bu mövzu ətrafında aparılan müzakirələr ilk dəfə amerikalı akademiklər Berle və Dodd arasında olmuş və tarixə “Berle-Dodd debatı” adı ilə düşmüşdür. Berle şirkətlərin yalnız şirkətdə payı olan şəxslərin (shareholder) mənafeyinə uyğun olan işləri görməsini zəruri hesab edir, Dodd isə payı olmayanların da maraqlarının nəzərə alınmasını müdafiə edirdi.[3] 1970-ci illərdə iqtisadçı Milton Fridman  “şirkətlərin məsuliyyəti qazanclarını artırmaqdır” fikrini irəli sürdüyü zaman məsələ yenidən gündəmə gəlməyə başlamışdır. Fridman korporativ sosial məsuliyyət anlayışını sosializmin təsiri altında azad bazara hücum kimi qiymətləndirərək bildirirdi ki, şirkət rəhbərlərinin sosial hadisələr qarşısında hiss edə biləcəyi sosial məsuliyyət yalnız fərdi şəkildə hiss oluna bilən bir şeydir və şirkətdə payı olanları narahat edən məsələ deyil. Buna görə də, şirkət rəhbərləri payçıların adından belə öhdəliklər götürə bilməzlər.[4]

Şirkətlərin insan hüquqlarına hörmət etmək məsuliyyətinin korparativ sosial məsuliyyət konsepsiyası ilə daxil olduğunu nəzərə alsaq, ridmanın fikirlərinin  əksinə, şirkətlərin bu vəzifəsinin bazar iqtisadiyyatının əsasını zəiflətməkdən daha çox, kapitalist iqtisadi modelin əsasını gücləndirməyə xidmət etdiyini söyləyə bilərik. Belə ki, şirkətlərin insan hüquqlarına hörmət etmək məsuliyyətinin iqtisadi əsasları sırasına şirkətin dəyərini qorumaq, maliyyə nəticələrini qorumaq və yaxşılaşdırmaq aid edilir.[5] Göstərilən iqtisadi əsaslara istinadən insan hüquqlarına hörmətin şirkətin maliyyə nəticələrinə müsbət, hörmət edilməməsinin isə mənfi təsirləri olduğu qeyd olunur. Məsələn, hüquqlarına hörmət edilmədiyini düşünən işçilərin tətil etməsi maliyyə göstəricilərinə mənfi təsir etdiyi halda, hüquqları təmin olunan işçilərin motivasiyası onların məhsuldarlığını artırmaqla müsbət maliyyə təsirinə malik ola bilir.[6]

Şirkətlərin insan hüquqlarına dair daşıdıqları məsuliyyət məsələsindən aşağıda geniş şəkildə bəhs olunacaqdır. Bu məsələ ilə yanaşı, hüquqi şəxs olan şirkətlərin insan hüquqlarına malik olub-olmaması məsələsi də müzakirəyə açıq bir mövzudur. Şirkətlərin insan hüquqlarına malik olması doktrinal olaraq qəbul edilməsə də, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məhkəmə təcrübəsində (case law) tanınmışdır. Məhkəmə ilk dəfə “Sunday Times” Böyük Britaniyaya qarşı işində kommersiya hüquqi şəxsinin şikayətinə baxmışdır. Məhkəmə bu işlə bağlı qərarında hüquq sahibinin əsas məqsədi gəlir əldə etmək olan bir şirkət olması faktını şikayətə baxmaq üçün maneə hesab etməmiş və şirkətin xeyrinə qərar çıxarmışdır.[7] Bundan sonra Məhkəmə şirkətlərin digər maddələr üzrə şikayətlərinə də baxmışdır. Həmçinin qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində hər bir hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ olduğu birbaşa göstərilmişdir.[8] Bununla belə, Konvensiyada və AİHM-in  məhkəmə təcrübəsində (case law) şirkətlərin insan hüquqları pozuntusuna səbəb olan fəaliyyətlərinə görə birbaşa məsuliyyəti müəyyən edilməmişdir. Şirkətlərin məsuliyyəti ilə bağlı Məhkəmənin yanaşması ondan ibarətdir ki,  şirkətlərin insan hüquqlarına təsir edən (məhdudiyyət qoyan) fəaliyyətinə görə dövlətlər məsuliyyət daşımalıdır. Məhkəmə Bărbulescu Rumıniyaya qarşı işində də bu  yanaşmanı sərgiləmişdir. Adı çəkilən işdə Məhkəmə işəgötürən şirkət tərəfindən işçinin yazışmalarının izlənilməsinə görə dövlətin Konvensiyasının 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) maddəsindən irəli gələn pozitiv öhdəliyini yerinə yetirmədiyini və  8-ci maddənin pozulduğunu müəyyən etmişdir.[9] Göründüyü kimi, AİHM şirkətlərə münasibətdə insan hüquqları tənzimləməsini həyata keçirməyi dövlətlərin üzərinə pozitiv öhdəlik kimi qoyur.

 

  1. BMT-nin biznes və insan hüquqlarına dair rəhbər prinsipləri

   

     a. Rəhbər Prinsiplərin qəbuluna gedən yol

BMT-nin insan hüquqları və biznes münasibətlərində iştirak prosesini üç mərhələdə təhlil etmək olar.[10] Birinci mərhələ 1970-ci illərdə İqtisadi və Sosial Şuranın Baş Katiblikdən transmilli korporasiyaların fəaliyyətinin insan hüquqları üzərində təsirlərini araşdırmaq tələbi ilə başlamışdır.[11] Bunun nəticəsində fəaliyyətə başlayan komissiya “Şirkətlərin Davranış Kodeksi” (Code of Conduct) üzərində işləməyə başlamış, lakin dövlətlər arasında konsensus əldə edilmədiyi üçün komissyanın fəaliyyəti 1994-cü ildə dayandırılmışdır.[12] Bununla da prosesin birinci mərhələsi bitmiş hesab olunur.

90-cı illərin sonundan bu yana qloballaşmanın və transmilli korporasiyaların insan hüquqlarına təsirlərinə daha çox diqqət yönəlməyə başlanmışdır. 1998-ci ildə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi və Təşviqi üzrə Alt Komitəsi tərəfindən “Transmilli Korporasiyaların İş Metodları və Fəaliyyətləri” üzrə İşçi Qrupu yaradılmışdır. 2003-cü ildə işçi qrupu tərəfindən Alt Komitəyə şirkətlərin öhdəlikləri ilə bağlı beynəlxalq müqavilə mətninin layihəsi təklif edilmişdir.[13] Lakin 2004-cü ildə layihə şirkətlər üzərinə məcburi öhdəliklərin qoyulmasının beynəlxalq hüquqa uyğun olmadığı əsası ilə rədd edilmişdir.[14]

Üçüncü dövrün başlanğıcı 2005-ci ildə İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə ekspert təyin edilməsi ilə bağlı qərar qəbul etməsi və BMT Baş Katibi tərəfindən professor John G. Ruggienin ekspert təyin edilməsi hesab olunur. 2011-ci ildə Ruggie altı illik fəaliyyətinin nəticəsi kimi BMT-nin Biznes və İnsan Haqları üzrə Rəhbər Prinsiplərini[15] (UN Guiding Principles on Business and Human Rights) İnsan Hüquqları Şurasına təqdim etmiş və bu prinsiplər yekdilliklə qəbul edilmişdir.

     b. Rəhbər Prinsiplərin ümumi müddəaları

Rəhbər Prinsiplərin əsas məqsədi fərdləri və icmaları biznes fəaliyyətinin insan hüquqlarına mənfi təsirlərindən hansı üsullarla daha yaxşı qoruyacaqları barədə dövlətlərə (hökumətlərə), şirkətlərə və ya digər maraqlı tərəflərə praktiki məsləhətlər verməkdən ibarətdir.[16] Rəhbər Prinsiplər “Qoru, hörmət et və bərpa et” adlı üç hissədən (pillar) ibarətdir: Dövlətlər insan hüquqlarını qorumalı; şirkətlər insan hüquqlarına hörmət etməli; qurbanların hüquqları bərpa edilməlidir.[17] Bu çərçivə daxilində dövlətlərə münasibətdə öhdəlik (obligation), şirkətlərə münasibətdə isə məsuliyyət (responsibility) ifadələrindən istifadə edilmişdir. Bu ifadələrin göstərilən qaydada işlədilməsi şirkətlərin insan hüquqlarına hörmət vəzifəsinin xüsusiyyətlərini müəyyən etmək baxımından olduqca əhəmiyyət kəsb edir. Bu əhəmiyyətin nədən ibarət olması aşağıda izah olunacaqdır.

Bildiydiyimiz kimi, Rəhbər Prinsiplər üç hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulmuş dövlətlərin insan hüquqlarını qorumaq öhdəliyi klassik insan hüquqları doktrinasında əhatəli şəkildə müzakirə olunduğundan məqalə çərçivəsində əsasən biznes qurumlarının insan hüquqlarına hörmət məsuliyyətinə dair təməl prinsiplər araşdırılacaqdır.

     c. Rəhbər Prinsiplər çərçivəsindən biznes qurumlarının insan hüquqlarına hörmət məsuliyyəti

Rəhbər Prinsiplərin şirkətlərin insan hüquqlarına hörmət məsuliyyətinə dair ikinci bölməsi iki hissədən ibarətdir. 11-15 nömrəli prinsiplərdə şirkətlərin məsuliyyəti ilə əlaqəli baza prinsiplər, 16-21 nömrəli prinsiplərdə isə fəaliyyət prinsipləri (Operational principle) təsbit olunmuşdur.

11 nömrəli prinsipə əsasən “Şirkətlər insan hüquqlarına hörmət etməlidir.” Şirkətlərin bu vəzifəsi insan hüquqlarını pozmaqdan çəkinməkdə və fəaliyyətlərinin insan hüquqlarına mənfi təsirinin aradan qaldırılmasında təzahür olunur.[18] İnsan hüquqlarına mənfi təsirlərin aradan qaldırılması bu təsirlərin qarşısının alınmasını, azaldılmasını və lazımi hallarda  aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edir.[19] İnsan hüquqlarına mənfi təsir dedikdə şəxsin insan hüquqlarından istifadə etmək imkanını əlindən alan və ya azaldan hər hansı bir hərəkət başa düşülməlidir.[20] Şirkətlərin insan hüquqlarına mənfi təsir göstərməsinin səbəb (cause), təsir (contribution[21]) və əlaqə (no contribution, but linkage) olmaqla üç əsas yolu fərqləndirilir. Bu yolların fərqlərini aşağıdakı nümunələrlə göstərəcəyik:

  • Müvafiq təhlükəsizlik avadanlığı olmadan fabrik işçilərinin təhlükəli iş şəraitində işləməyə məcbur edilməsi şirkətin bir başa öz fəaliyyəti ilə insan hüquqlarına mənfi təsirlərə səbəb ola biləcəyinə dair bir nümunədir.
  • Şirkətin xüsusi xidmət orqanlarına etirazları zorakılıqla yatırmaqda kömək etməsi və ya müxalif şəxsləri təqib edən dövlətlərə müştəriləri haqqında konfidensial məlumatları təqdim etməsi hallarında isə şirkət birbaşa öz fəaliyyəti ilə deyil, hökumət və ya əlaqədə olduğu başqa bir şirkət vasitəsilə belə təsirə malik olmuş olur.
  • Razılaşdırılmış standartları pozaraq, icmaların çıxarılması ilə nəticələnən biznes fəaliyyəti üçün müəssisəyə maliyyə kreditlərinin verilməsi və ya müqavilə öhdəliklərinə zidd olaraq, pərakəndə satış şirkətinin istehsal etdiyi geyimlərin bəzədilməsi işinin podratçı tərəfindən uşaq işçilərə həvalə edilməsi misallarında isə şirkət insan hüquqlarına mənfi təsirə bir başa səbəb olmadığına və ya üçüncü tərəflər vasitəsilə təsir göstərməməsinə baxmayaraq, əlaqədə olduğu müəssisələr tərəfindən insan hüquqları pozuntusuna yol verildiyinə görə həmin şirkətin də insan hüquqlarına mənfi təsirdə əlaqəsi [22]

 

12 nömrəli prinsipdə qeyd olunur ki, şirkətlərin insan hüquqlarına hörmət etmək vəzifəsi beynəlxalq səviyyədə ümumqəbul olunmuş insan hüquqlarına əsaslanır. Bu hüquqlara İnsan Hüquqları haqqında Beynəlxalq Billdə təsbit edilmiş hüquqlar və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşdə Fundamental Prinsiplər və Hüquqlar üzrə 1998-ci il Bəyannaməsində müəyyən edilmiş təməl hüquqlarla bağlı prinsiplər aid edilir.[23] Burada qeyd olunan İnsan Hüquqları haqqında Beynəlxalq Billə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və onun iki Fakültativ Protokolu daxildir.[24] BƏT-in göstərilən bəyannaməsindəki prinsipləri isə aşağıdakılardır:

a) birləşmək azadlığı və kollektiv danışıqların tanınması;

b) məcburi və icbari əməyin bütün formalarının ləğvi;

c) uşaq əməyinin ləğv edilməsi;

d) peşə və sənətə görə olan ayrı-seçkiliyin aradan qaldırılması.[25]

13 nömrəli prinsip şirkətlərin insan hüquqlarına hörmət məsuliyyətini bir qədər də genişləndirir. Bu prinsipə əsasən şirkətlər öz fəaliyyətlərində insan hüquqlarına hörmət etməklə kifayətlənməməli, eyni zamanda  işgüzar əlaqələrdə (business relationships) olduğu digər şirkətlərin insan hüquqlarına mənfi təsir edən fəaliyyətlərinin, məhsullarının və ya xidmətlərinin qarşısını almaq və ya azaltmaq üçün səy göstərməlidir.[26] Rəhbər Prinsiplər çərçivəsində şirkətlərin fəaliyyəti dedikdə təkcə onların hərəkətləri (action) deyil, həmçinin hərəkətsizlikləri (omission) də başa düşülməlidir. Göstərilən prinsipin mətnində digər şirkətlərlə qurulan işgüzar əlaqələrdən bəhs edilsə də, bu öhdəlik biznes fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli dövlət və qeyri-hökumət təşkilatları ilə qurulan münasibətlərə də şamil olunur. [27]

Rəhbər Prinsiplərin ümumi prinsiplər (General principles) bölməsində göstərilir ki, “Bu Rəhbər Prinsiplər bütün dövlətlərə və ölçüsündən, fəaliyyət istiqamətindən, lokalizasiyasından, mülkiyyətindən və təşkilati hüquqi formasından asılı olmayaraq bütün transmilli və digər şirkətlərə şamil edilir.” [28]  Bu müddəanın şirkətlərə aid hissəsi 14 nömrəli prinsipdə bir daha vurğulanmış və əlavə olaraq bildirilmişdir ki,  şirkətlərin öz öhdəliklərini yerinə yetirmə üsullarının miqyası və mürəkkəbliyi yuxarıda göstərilən amillərə və insan hüquqlarına mənfi təsirlərin dərəcəsinə görə fərqlənə bilər.[29]

Rəhbər Prinsiplərin şirkətlərin üzərinə qoyduğu vəzifələrdən biri də insan hüquqlarına dair siyasətin müəyyən edilməsidir. 15 nömrəli prinsipə əsasən şirkətlər insan hüquqlarına hörmət məsuliyyətindən irəli gələn vəzifələrini həyata keçirmək üçün siyasət öhədliyi (policy commitment) müəyyən etməli və buna uyğun fəaliyyət planı hazırlamalıdır.[30] Fəaliyyət planında insan hüquqlarına mənfi təsirlərin müəyyən edilməsi, qarşısının alınması və azaldılması üçün tədbirlər nəzərdə tutmalıdır.[31]

Siyasət öhdəliyinin (commitment) həyata keçirilməsinə dair tələblər 16 nömrəli prinsipdə əks olunmuşdur. Bu prinsipə əsasən şirkətlər siyasət öhdəliyindən irəli gələrək şirkətin insan hüquqlarına dair siyasətini və bu siyasətə uyğun həyata keçiriləcək tədbirləri əhatə edən siyasət bəyanatı[32] (statement of policy) hazırlamalıdır. Bəyanat şirkətin ən yüksək qurumu tərəfindən təsdiqlənməli, ictimaiyyətə açıq olmalı və şirkətin fəaliyyəti ilə əlaqəli olan bütün şəxslərə bildirilməlidir.[33]

Rəhbər Prinsiplərin şirkətlər üçün müəyyən etdiyi digər bir vəzifə isə insan hüquqları ilə bağlı vəziyyətin qiymətləndirilməsidir (human rights due diligence). Sözügedən vəzifə bağlı məsələlər 17-21 nömrəli prinsiplərdə təsbit olunmuşdur. Şirkətlərin fəaliyyətlərinin insan hüquqlarına mənfi təsirlərini müəyyən etmək, onların qarşısını almaq və yumşaltmaq üçün  insan hüquqlarına dair vəziyyətin qiymətləndirilməsini davamlı şəkildə  həyata keçirməlidir.[34] Vəziyyətin qiymətləndirilməsi pozuntu baş verməzdən əvvəl profilaktik tədbirlərin görülməsi  üçün nəzərdə tutulmuşdur.

Şirkətlərin insan hüquqlarına hörmət etmək məsuliyyəti ilə bağlı əsas müzakirə obyektini bu məsuliyyətdən irəli gələn vəzifələrin (duty) neqativ yoxsa pozitiv xarakter daşıması məsələsi təşkil edir. Rəhbər Prinsiplərdə şirkətlərin insan hüquqlarına hörmət etməklə bağlı neqativ vəzifələrinin olması və hər hansı pozitiv öhdəlik və ya vəzifəsinin olmaması fikri hakimdir. Məhz bu səbəbdən Rəhbər Prinsiplər çərçivəsində Şirkətlərə münasibətdə məsuliyyət (responsibility) ifadəsi istifadə edilmişdir. Lakin Rəhbər Prinsiplərdə göstərilən insan hüquqlarına dair vəziyyətin qiymətləndirilməsi, siyasət bəyanatı və bunların həyata keçirilməsinə dair digər  vəzifələr şirkətlərdən sadəcə müdaxilədən çəkinməyi tələb edən neqativ vəzifədən daha çox  müəyyən hərəkətləri etməyi tələb edən pozitiv vəzifə kimi görünür. Beləliklə,yuxarıda göstərdiyimiz prinsipləri nəzərdən keçirdikdən sonra Rəhbər Prinsiplərdəki şirkətlərin insan hüquqlarına hörmət məsuliyyətindən irəli gələn vəzifələrin həm neqativ, həm də pozitiv vəzifələr olduğunu deyə bilərik.

 

  1. BMT-nin insan hüquqları məsələləri və transmilli korporasiyalar və digər biznes müəssisələri üzrə işçi qrupları

 

Hazırda BMT-nin nəznində  biznes və insan hüquqları ilə əlaqəli iki işçi qrupu fəaliyyət göstərir:

     a. İnsan hüquqları və transmilli korporasiyalar və digər biznes müəssisələri üzrə İşçi Qrupu[35]

İnsan hüquqları və transmilli korporasiyalar və digər biznes müəssisələri üzrə İşçi Qrupu (Biznes və İnsan Haqları üzrə İşçi Qrupu) 2011-ci ildə İnsan Hüquqları Şurasının 17/4 saylı qətnaməsi ilə yaradılmışdır. Şura İşçi Qrupun mandatını 2014, 2017 və 2020-ci illərdə müvafiq qətnamələrlə yeniləmişdir[36]. 17/4 saylı qətnaməyə əsasən İşçi Qrupu BMT üzvü olan ölkələrdə Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərin tətbiqini təşviq etmək və yaymaq səlahiyyətinə malikdir.[37]  Qrupun mandatına Rəhbər Prinsiplərin həyata keçirilməsi ilə bağlı formalaşmış təcrübələri müəyyən etmək, onları qiymətləndirmək, bu istiqamətdə tövsiyələr vermək və müvafiq mənbələrdən məlumatlar əldə etmək aiddir.[38] Qrup həmçinin ölkələrə səfərlər etmək səlahiyyətinə malikdir.[39]

İşçi Qrupu balanslaşdırılmış coğrafi təmsilçiliyə malik beş müstəqil ekspertdən ibarətdir. Bu ekspertlər kollektiv olaraq, müxtəlif ölkələrdə şirkətlərin insan hüquqlarına hörmət etməsinin inkişaf xətti üzrə müxtəlif fəaliyyətlər həyata keçirirlər.[40]

     b. İnsan hüquqları ilə bağlı transmilli korporasiyalar və digər biznes müəssisələri üzrə açıq hökumətlərarası İşçi Qrupu[41]

Hökumətlərarası İşçi Qrup 26 iyun 2014-cü ildə İnsan Hüquqları Şurasının qəbul etdiyi 26/9 saylı qətnamə ilə yaradılmışdır. İşçi Qrupun əsas məqsədi biznes və insan hüquqları münasibətlərini tənzimləyən məcburi qüvvəyə malik beynəlxalq müqavilənin işlənib hazırlanmasıdır.[42]  İşçi Qrupu hazırda bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.

 

  1. Pegasus insidenti nümunəsi əsasında biznes qurumlarının insan hüquqları öhdəliyinin nəzərdən keçirilməsi

 

2021-ci ilin iyul ayı ərzində müxtəlif nüfuzlu xarici mətbuat orqanları tərəfindən dərc edilmiş “Pegasus layihəsi” (“The Pegasus Project”) adlı beynəlxalq jurnalistika araşdırması təşəbbüsünün yaydığı məlumata görə 24 müxtəlif ölkədən 200-dən çox jurnalist, siyasi müxalif, diplomat, dövlət başçısı, hüquqşünas, insan hüquqları fəalları “Pegasus” adlı casus proqramı (“spyware”) vasitəsilə onlayn üsullarla izlənilərək onların istifadəsində olan texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyalar çıxarılımış və telefon danışıqları dinlənilmişdir.[43]

“Pegasus layihəsi”-ndə adı çəkilən “Pegasus” cəsus proqramı “NSO Group” adlı İsraildə fəaliyyət göstərən kibersilahlanma şirkəti tərəfindən hazırlanmışdır. “Bu proqramından potensial olaraq sui-istifadə edilməsi uzun müddət beynəlxalq insan hüquqları təşkilatlarını və hüquq müdafiəçilərini narahat etmişdir. “NSO Group” şirkətinin yaydığı məlumata əsasən həmin şirkətin bütün məhsulları, o cümlədən “Pegasus” casus proqramı yalnız təsdiq edilmiş və yoxlanılmış dövlət orqanlarının hüquq mühafizə və kəşfiyyat orqanlarına satış müqaviləsi əsasında təmin edilir və qeyri-dövlət subyektlərinə bu məhsullar təmin edilmir.[44] Araşdırmanın dərc edilməsindən sonra “NSO Group” şirkəti  “Pegasus layihəsi”-ndə göstərilənləri təkzib edib və araşdırmanın “yanlış fərziyyələr və təsdiqlənməmiş nəzəriyyələrlə dolu” olduğunu bildirmişdir.[45]

“Pegasus” casus proqramı vasitəsilə “NSO Group”  şirkətinin insan hüquqlarına təsirlərini Avropa İnsan Hüquqları Konvensiyası və Rəhbər Prinsiplər çərçivəsində qiymətləndirəcəyik. “Pegasus layihəsi”-ndə göstərilənləri nəzərə alsaq, araşdırmada göstərilən hökumətlərin “Pegasus” casus proqramı vasitəsilə Konvensiyasının 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (fikri ifadə etmək azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrini pozduğunu iddia edə bilərik. Belə ki, AİHM-in məhkəmə təcrübəsinə (case law) əsasən Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlara (o cümlədən yazışma sirri hüququna) müdaxilə Konvensiyanın 8.2-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyət rejiminə o halda uyğun ola bilər ki, həmin məhdudiyyət qanunla nəzərdə tutulsun, həmin maddədə göstərilən legitim məqsədlərdən birinə cavab versin və demokratik cəmiyyətdə belə məqsədə nail olmaq üçün zəruri olsun. İzləmələr üçün həmin maddədə göstərilən legitim səbəblər olmadığı üçün belə bir müdaxilə pozuntu kimi qiymətləndirilə bilər. Həmçinin qeyd etmək lazımdır ki, “Pegasus layihəsi”-ndə göstərilən izləmələrdə vətəndaş cəmiyyəti fəalları, siyasətçilər, jurnalistlər və insan hüquqları aktivistləri ifadə azadlıqlarını həyata keçirdikləri üçün hədəf olmuşdular. Ona görə də bu cür izləmələr, AİHK-in 10-cu maddəsinin pozuntusu kimi də qiymətləndirilə bilər. Bu pozuntularla yanaşı, bu cür izləmələrin legitim məqsədlərlə deyil, siyasi məqsədlərlə həyata keçirilməsi Konvensiyanın 18-ci maddəsinin pozuntusunu təşkil edə bilər.

“NSO Group”  şirkəti Rəhbər Prinsiplərin 16 nömrəli prinsipini əsas götürərək insan hüquqlarına dair siyasət bəyanatı hazırlamış və bu bəyanatda insan hüquqlarının qorunmasını fəaliyyətlərinin bütün aspektlərində nəzərə aldıqlarını bildirmişdir. Lakin yuxarıda göstərdiyimiz pozuntu halları “NSO Group” şirkətinin insan hüquqlarına üçüncü tərəf vasitəsilə mənfi təsirdə (contribution) iştirak etdiyini göstərir. Bu hal Rəhbər Prinsiplərdə göstərilən şirkətlərin insan hüquqlarına hörmət məsuliyyətinə riayət etməməsi kimi qiymətləndirilə bilər. AİHK-lə yanaşı, araşdırmada göstərilən faktlar izlənilən şəxslərin şəxsi həyata müdaxilədən qorunmaq, düşüncə azadlığı və öz fikrində qalmaq kimi  BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 17, 18 və 19-cu maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu deməyə imkan verir. Yuxarıda da bildirdiyimiz kimi, şirkətlərin insan hüquqlarına hörmət etmək məsuliyyətinin əsaslandığı aktlardan biri adı çəkilən Paktıdır. Bu nöqteyi-nəzərdən yuxarıda göstərilən hüquqların “NSO Group”  vasitəsilə  pozuntusu Rəhbər Prinsiplərdə nəzərdə tutulmuş insan hüquqlarına hörmət məsuliyyətinin  pozuntusu kimi hesab oluna bilər. Lakin Rəhbər Prinsiplər şirkətlər üçün insan hüquqlarına hörmət etməyi məcburedici öhdəlik kimi müəyyən etmədiyi üçün  “NSO Group”  şirkəti Rəhbər Prinsiplərin  müddəalarını pozduğuna görə birbaşa məsuliyyət daşımayacaqdır.

 

Nəticə və tövsiyələr

Göründüyü kimi, şirkətlər fəaliyyət göstərdikləri dövlətlərin iqtisadiyyatına töhfə versələr də, fəaliyyətləri ilə ciddi insan hüquqları pozuntularına səbəb ola bilməkdədirlər. Korporasiyaların inkişafı ilə bu pozuntuların sayının artmasına baxmayaraq, şirkətlərin üzərinə icrası məcburi öhdəliklər qoyulmadığından bu pozuntuların qarşısını almaq və sayını azaltmaq bir o qədər də asan deyildir. Şirkətlərə münasibətdə məcburi tənzimləmənin olmaması biznes və insan hüquqları sahəsində daha bir paradoks yaradır: şirkətlər müəyyən insan hüquqlarının subyekti kimi hüquqi müdafiəyə malik olsalar da, onlar insan hüquqlarını pozmamaqla bağlı məcburi öhdəlik daşımırlar.

Beləliklə, Rəhbər Prinsiplər çərçivəsinə şirkətlər üçün sadəcə məsuliyyət müəyyən edildiyini və bu məsuliyyətin dövlətlərin öhdəliyi qarşısında məhdudlaşdırıldığını müəyyən etdik. Həmçinin onu da aydınlaşdırdıq ki, şirkətlər üçün müəyyən edilmiş vəzifələrdən bəziləri şirkətlərdən aktivlik göstərərək müəyyən hərəkətləri həyata keçirməyi tələb edir.

Rəhbər Prinsiplərin şirkətlərin insan hüquqlarına hörmət etmələrinə dair vəzifələrinin həyata keçirilməsinə nəzarət mexanizmi və ümumiyyətlə şirkətlər üçün məcburi öhdəliklər müəyyən etməməsi səbəbindən tənqidlərə məruz qalsa da, Rəhbər Prinsiplərin bu sahədə qəbul olunmuş sənədlər arasında ilk uğurlu cəhd olduğunu unutmamaq lazımdır. Hər nə qədər çatışmayan cəhətləri olsa da, onu hazırda biznes və insan hüquqları münasibətlərinə dair ən effektiv sənəd kimi dəyərləndirmək olar.

Azərbaycanda biznesin insan hüquqlarına mənfi təsirləri mövcud olsa da, bu sahənin tənzimlənməsində ciddi boşluqlar mövcuddur. Obmusdman yanında Biznes və insan hüquqları üzrə İşçi Qrupu mövcud olsa da, həmin İşçi Qrupunun tərkibi, fəaliyyəti və vəzifələri barədə məlumatlar ictimaiyyəti açıq deyildir. Bu sahədə mövcud olan problemlər BMT-nin İşçi Qrupunun Azərbaycana tövsiyələrində də əks olunmuşdur.

Bu istiqamətdə atılmalı olan ilkin addımlardan biri Rəhbər Prinsiplərin azərbaycan dilinə rəsmi tərcümə edilərək ictimaiyyətə açıq paylaşılması olmalıdır. Daha sonra isə şirkətlər Rəhbər Prinsiplərin müddəalarına riayət etməyə, həmçinin insan hüquqlarına hörmətlə bağlı siyasət müəyyən etməyə təşviq edilməlidirlər. Eyni zamanda Ombusdman yanında Biznes və insan hüquqları üzrə İşçi Qrupunun fəaliyyəti genişləndirilməli və icmaiyyətə açıq həyata keçirilməlidir. İşçi Qrupunun fəaliyyət istiqamətlərinə Azərbaycanda biznes qurumlarının insan hüquqlarına təsirləri barədə müntəzəm hesabatlar hazırlanması və yayılması, habelə Azərbaycanda, xüsusilə də enerji sektrorunda fəaliyyət göstərən transmilli korporasiyaların törədə biləcəyi insan hüquqları pozuntularının qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirməsi əlavə edilməlidir.

 

Ədəbiyyat siyahısı:

[1] United Nations (UN) (2014) Frequently Asked Questions About The Guiding Principles on Business and Human Rights, HR/PUB/14/3 United Nations Publication, s 4-5

[2] İş dünyası ve insan hakları alanında ulusal eylem planları, 2020, s1-2

Bax: Didinmez, Mehmet Alp (2018) İş Dünyası ve İnsan Hakları Üzerine Değerlendirmeler, Uzmanlık Tezi, Türkiye İnsan Hakları ve Eşitlik Kurumu, Ankara, s 17

[3] Yücel Dericiler “Şirketlerin İnsan Haklarına İlişkin Yükümlülüklerinin Niteliği ve Temellendirilmesi Sorunu: Saygı Gösterme Sorumluluğu Ne Yükler?”, Antalya Bilim Üniversitesi Hukuk Fakültesi Dergisi (ABÜHFD) | Cilt: 6 – Sayı: 11 – Haziran 2018, s 68

Bax: A. Berle, Jr.: “Corporate Powers as Powers in Trust”, Harward Law Review, 1931, Vol. 44; E. Dodd, Jr.: “For Whom are Corporate Managers Trustees?”, Harward Law Review, 1932, Vol. 45

[4] Yuxarıda

Bax: Friedman, Milton: “Legitimacy and Responsibility: The Social Responsibility of Business is to Increase its Profits, (The New York Times Magazine, 13 September 1970)”, Applied Ethics: Critical Concepts in Philosophy, Vol. V, (Ed.: R. F. Chadwick, D. Schroeder), New York 2002, s. 57.

[5] CSR Consulting Turkey: İş Dünyasının İnsan Haklarına Saygı Gösterme Sorumluluğu: Şirketler İçin El Kitabı, 2012, s. 7

[6] Yuxarıda 3

[7] Engin YILDIRIM “LANETLENECEK BİR RUH, TEKMELENECEK BİR BEDEN”: ŞİRKETLERİN, “İNSAN” HAKLARI OLABİLİR Mİ?,  2017, s 74

Bax: Case of The Sunday Times v. The United Kingdom, № 6538/74 (26 aprel 1979).

[8] Article 1 of Protocol No. 1 to the European Convention on Human Rights

[10] Bax: Bilchitz, David/Deva, Surya “The Human Rights Obligations ofBusiness: A Critical Framework for the Future”, Human Rights Obligations of Businnes: Beyondthe Responsibility to Respect?, Cambridge 2013, s. 4-10

[11] Yuxarıda 3 , s 61

[12] Yıldırım “Hukukta Yeni Bir Çalışma Alanı: İş Dünyası ve İnsan Hakları”

[13] Yuxarıda 7, s 62

[14] Yuxarıda 8

[15] Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər: Birləşmiş Millətlər Təşkilatının “Qorumaq, hörmət  etmək və bərpa etmək” Çərçivəsinin həyata keçirilməsi (Guiding Principles on Business and Human Rights, Implementing the United Nations “Protect, Respect and Remedy” Framework)

Bax: HRC, The Guiding Principles on Business and Human Rights: Implementing the United Nations “Protect, Respect and Remedy” Framework, UN Doc. A/HRC/17/31, 21 March 2011

[16] Nicola Jägers “UN Guiding Principles on Business and Human Rights: Making Headway towards Real Corporate Accountability?”, Netherlands Quarterly of Human Rights, Vol. 29/2 (2011), s. 159

[17] Ruggie, John G. : Just Business: Multinational Corporations and Human Rights , New York 2013, s. 11

[18] Yuxarıda 15

[19] Guiding Principles , no. 11, Commentary

[20] The corporate responsibility to respect human rights : an interpretive guide s. 15

[21] “Contribution” feili bu konteksdə təsir göstərmək anlamında istifadə edildiyindən bu cür tərcümə edilmişdir.

[22] Yuxarıda 19. s

[23] Guiding Principles , no. 12.

[24] Guiding Principles , no. 12, Commentary

[25] ILO Declaration on Fundamental Principles and Rights at Work, art 2

[26] Guiding Principles , no. 13.

[27] Guiding Principles , no. 13, Commentary

[28] The Guiding Principles on Business and Human Rights: Implementing the United Nations “Protect, Respect and Remedy” Framework, UN Doc. A/HRC/17/31, 21 March 2011, s.1

[29] Guiding Principles , no. 14

[30] Guiding Principles , no. 15

[31] Yuxarıda 7, s 65

[32] Nümunə üçün Bp-nin biznes və insan hüquqları barədə siyasət bəyanatına bax:  https://www.bp.com/content/dam/bp/business-sites/en/global/corporate/pdfs/sustainability/group-reports/bp-business-and-human-rights-policy-azerbaijani.pdf

[33] Guiding Principles , no. 16

[34] Guiding Principles , no. 17

[35] The Working Group on the issue of human rights and transnational corporations and other business enterprises (also referred to as the Working Group on Business and Human Rights)

[36] https://www.ohchr.org/EN/Issues/Business/Pages/WGHRandtransnationalcorporationsandotherbusiness.aspx

[37] Resolution 17/4  adopted by the Human Rights Council “Human rights and transnational corporations and other

business enterprises”, art 6

[38] Yuxarıda 22, art 6, (c)

[39] Yuxarıda 22, art 6, (d)

[40] Yuxarıda 21

İşçi Qrupunun tərkibi üçün bax: https://www.ohchr.org/EN/Issues/Business/Pages/Members.aspx

[41] Open-ended intergovernmental working group on transnational corporations and other business enterprises with respect to human rights

[42] Open-ended intergovernmental working group on transnational corporations and other business enterprises with respect to human rights,   https://www.ohchr.org/EN/HRBodies/HRC/WGTransCorp/Pages/IGWGOnTNC.aspx

[43] The Pegasus Project: a worldwıde collaboratıon to counter a global crime, 18 July 2021, https://forbiddenstories.org/the-pegasus-project-a-worldwide-collaboration-to-counter-a-global-crime/

[44] First Annual Report Highlights Extensive Safeguards Against Misuse of Technology, Outlines Internal Governance and Compliance Processes, https://www.nsogroup.com/Newses/cyber-intelligence-sector-leader-nso-group-unveils-the-industrys-first-transparency-and-responsibility-report/

[45] NSO Group and governments respond to the Pegasus project, 18 July 2021 https://www.business-humanrights.org/en/latest-news/governments-and-nso-group-respond-to-the-pegasus-project/