Azadlığı əlindən alınan şəxsin saxlanma şəraiti, ümumi müddəalar – AİHM bələdçisi

Azadlığı əlindən alınmış şəxsin saxlanma şəraiti

Ümumi müddəalar

Azadlığı dövlət tərəfindən alınmış və təcridxana, həbsxana, psixiatrik hospital və sair bu kimi qapalı müəssisələrdə saxlanılan şəxslər müəyyən normal sayılan məhdudiyyətlərə qatlaşmalı olurlar. Məsələn, cəza çəkən şəxs başqaları ilə eyni kamerada qalmaq, müəssisədə qüvvədə olan rejimə əməl etmək məcburiyyətində olur, onun hərəkət, ünsiyyət və digər imkanları məhdudlaşdırılır və sair. Həmin məhdudiyyətlər azadlıqdan məhrumetmənin özündən doğur və qaçılmazdır.

Bəzi hallarda isə məhdudiyyətlər o qədər ağır olur ki, bu Konvensiyanın 3-cü maddəsi ilə qadağan edilən qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya bərabərdir. Bəzi hallarda isə məhdudiyyətlər şəxsin ölümünə gətirib çıxara bilər (Konvensiyanın 2-ci maddəsinin pozuntusu).

Konvensiyanın 3-cü maddəsinin tələblərinə əsasən dövlət azadlığı əlindən alınmış şəxsi insan ləyaqətinə hörmət prinsipi ilə uzlaşan şəraitdə saxlanmasını, onun sağlamlığının və rifahının qorunmasını təmin etməlidir (o cümlədən lazımi tibbi yardım təmin etməklə) (bax Kudla Polşaya qarşı (Böyük Palata), Yunusova və Yunusov Azərbaycana qarşı və Slyusarev Rusiyaya qarşı).

Konvensiyanın 2-ci maddəsinin tələblərinə əsasən dövlət azadlığı əlindən alınmış şəxsin həyatını qorumaq üçün addımlar atmalıdır (o cümlədən lazımi tibbi yardım təmin etməklə) (bax Mustafayev Azərbaycana qarşı, Karsakova Rusiyaya qarşı).

Saxlanma şəraiti ilə bağlı pozuntu nümunələri hansılardır?

(a) Qeyri-adekvat tibbi yardım

Konvensiyanın 3-cü maddəsi ümumi şəkildə dövlətin üzərinə saxlanılan şəxsi səhhətinə görə azadlığa buraxmaq öhdəliyini qoymur.

Amma öncə qeyd olunduğu kimi, Konvensiyanın 3-cü maddəsinin tələblərinə əsasən dövlət azadlığı əlindən alınmış şəxsin fiziki rifahını təmin etməlidir, o cümlədən lazımi tibbi yardımı təmin etməklə (bax Bloxin Rusiyaya qarşı (Böyük Palata), Yunusova və Yunusov Azərbaycana qarşı, Hümmətov Azərbaycana qarşı). Oxşar öhdəlik Konvensiyanın 2-ci maddəsi altında da mövcuddur.

Şəxsin həkim tərəfindən müayinə edilməsi və müəyyən müəlicənin təyin olunması tibbi yardımı avtomatik olaraq “adekvat” etmir (bax Hümmətov Azərbaycana qarşı). Tibbi yardımın adekvat olub-olmamasını qiymətləndirərkən Məhkəmə “iş bə iş” yanaşmasını tətbiq edir və aşağıdakı aspektləri nəzərə alır:

Şəxsin səhhəti və aldığı müəlicə barədə dolğun tibbi qeydiyyat aparılmalıdır;

Diaqnostika və mülicə tez və doğru olmalıdır (bax Hümmətov Azərbaycana qarşı);

Şəxsin tibbi vəziyyəti bunu tələb edirsə həkim nəzarəti mütəmadi və sistematik olmalıdır və özündə dolğun terapevtik strategiya daşımalıdır (strategiya şəxsin ya səhhəti ilə bağlı problemlərinin adekvat şəkildə çözülməsinə və ya ağırlaşmasının qarşısının alınmasına yönəlməlidir, nəinki həmin problemlərə simptomatik reaksiya verilməsinə);

Təyin olunmuş müalicənin həqiqətən aparılması üçün lazım olan şərait yaradılmalıdır;

Cəzaçəkmə müəssisəsindəki tibbi müəalicə dövlətin ümumilikdə əhaliyə təmin etməyi öhdəsinə götürdüyü tibbi müəlicənin səviyyəsi ilə müqayisə oluna biləcək səviyyədə olmalıdır. Amma bu o demək deyil ki, cəzaçəkmə müəssisəsindəki tibbi müalicə cəzaçəkmə müəssisəsindən kənarda mövcud olan ən yaxşı tibbi müəssisələrdəki ilə eyni səviyyədə olmalıdır (bax Cara-Damiani İtaliyaya qarşı);

Məhkəmə şəxsin vəziyyətinin qapalı saxlanma müddətində mühüm dərəcədə pisləşib-pisləşmədiyini də nəzərə ala bilər (bax Yunusova və Yunusov Azərbaycana qarşı).
Beləliklə, tibbi yardımın qeyri-adekvat olması ilə bağlı şikayəti Məhkəməyə təqdim edərkən işin hallarını yuxarıda qeyd olunan aspektlər baxımından analiz edərək aidiyyatı olan sübutları Məhkəməyə təqdim etmək tövsiyə olunur.

(b) Saxlama şəraitinin müxtəlif fiziki aspektləri

Saxlanma şəraitini qiymətləndirərkən Məhkəmə onun müxtəlif aspektlərinin toplam təsirini nəzərə alır. Məsələn, şəxsin basırıq şəraitdə saxlanması pozuntu sayıla bilər. Məhkəmənin presedentlərinə əsasən, azadlığı əlindən alınmış şəxsə çoxadamlıq kamerada minimum şəxsi sahə kimi 3 kvadrat-metr düşməlidir. Bu zaman mebelin tutduğu yer də həmin sahəyə daxil edilir, amma sanitar qovşağın tutduğu ərazi isə nəzərə alınmır. Sahənin 3 kvadrat-metrdən az olması avtomatik pozuntunun tapılması demək deyil, yerin darlığı başqa aspektlərin toplam təsiri ilə kompensasiya olunursa. Adambaşına düşən sahədən başqa nəzərə alınan digər aspektlər məsələn bunlardır (baxMuršić Xorvatiyaya qarşı (Böyük Palata), Khlaifia və Başqaları İtaliyaya qarşı (Böyük Palata), İnsanov Azərbaycana qarşı):

məhdudiyyətin müddəti və miqyası (məsələn, basırıq şəraitdə saxlanma müddəti);

hərəkət azadlığının miqyası (məsələn, kamerada normal hərəkət etmək mümkündürmü);

kameradan kənar məşquliyyətlərin adekvat olub-olmaması (məsələn, idman etmək, işləmək, təhsili artırmaq imkanı varmı);

konkret müəssisədəki saxlama şəraiti ümumilikdə fərli olub-olmaması;

təbii işığın və ya havanın, ventilyasiyanın olub-olmaması, kamerada temperaturun adekvat olub-olmaması, əsas sanitar və gigiyenik tələblərə riayət olub-olunmaması;

tualetdən təklikdə istifadə etmək imkanının olub-olmaması.

Diqqət!

Yuxarıda sadalananlar açıq siyahıdır. Ərizəçi/onun hüquqşünası saxlanma şəraitinin digər aspektlərini də göstərə bilər (məsələn, kamerada bit-birənin olması faktı). Bu zaman CPT-nin saxlanma şəraiti ilə bağlı standartlarını analiz etmək tövsiyyə olunur.

(c) Başqalarından təcridolunma

Başqalarından təcridolunma, digər qapalı saxlanılan şəxslərlə kontaktın təhlükəsizlik, intizam və ya qoruma məqsədilə qadağan edilməsi, hətta biradamlıq kamerada saxlama özü-özlüyündə deyil, yalnız müəyyən hallar mövcud olduqda Konvensiyanın 3-cü maddəsinin pozuntusu (qeyri insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza) sayılır. Qiymətləndirmə apararkən Məhkəmə həmin məhdudiyyətlərin ağırlığı, müddəti, şərtləri, məqsədi və şəxsə təsirini nəzərə alır. Digər tərəfdən, tam sensor və sosial təcridolunma insanın şəxsiyyətini məhv edə bilər və heç bir təhlükəsizlik və ya digər səbəblər bu cür təcridolunmaya haqq qazandırmır (bax Ramirez Sanchez Fransaya qarşı (Böyük Palata), Rzaxanov Azərbaycana qarşı).

©legallibrary.org