Azadlığı əlindən alınan şəxsin saxlanma şəraiti, hansı daxili vasitələr tükəndirilməli? – AİHM bələdçisi

Azadlığı əlindən alınmış şəxsin saxlanma şəraiti ilə bağlı işlərdə hansı ölkədaxili vasitələr tükəndirilməlidir?

(a) Mülki hüquq xarakterli vasitələr

Məlumdur ki, İnzibati Prosessual Məcəllənin 2011-ci ildə qüvvəyə minməsindən öncə fərdlər və dövlət orqanları arasında olan davalara Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq mülki işlər üzrə məhkəmələrdə baxılırdı. Qapalı müəssisədə saxlanma şəraitinə (o cümlədən adekvat tibbi yardımın göstərilməməsinə) dair şikayətlə Məhkəməyə müraciət etmədən öncə ərizəçi ölkə daxilində həmin müəssisəyə qarşı milki iddia qaldırmalı və işi ən son instansiya (kassasiya instansiyası) daxil olmaqla davam etməliydi.

İnzibati Prosessual Məcəllə qüvvəyə mindikdən sonra Mülki Prosessual Məcəllənin sözügedən normaları ləğv olundu. Fərdlər və dövlət orqanları arasında olan davalar İnzibati Prosessual Məcəllənin normalarına uyğun olaraq inzibati-iqtisadi məhkəmələrin yurisdiksiyasına keçdi. Amma hazırda qapalı müəssisədə saxlanma şəraitinə (o cümlədən adekvat tibbi yardımın göstərilməməsinə) dair şikayətlə Məhkəməyə müraciət etmədən öncə ərizəçi ölkə daxilində həmin müəssisəyə qarşı şikayətlə inzibati-iqtisadi məhkəməyə müraciət etməlidir ya yox, buna dair tam oturuşmuş praktika mövcud deyil.

Söhbət davamedici pozuntudan gedirsə, vəziyyət mürəkkəbdir. Belə ki, Yunusova və Yunusov Azərbaycana qarşı və Əliyev Azərbaycana qarşı işlərində Məhkəmə qərara gəlib ki, adekvat tibbi yardımın göstərilməməsinə dair işlərdəhökümət inzibati-iqtisadi məhkəməyə şikayət vasitəsinin həqiqətən effektiv vasitə olduğunu sübut edə bilməyib. Məhkəmə xüsusilə aşağıdakı məqamları vurğulayıb:

İnzibati Prosessual Məcəllə hakimə “müvəqqəti xarakterli müdafiə” tədbiri tətbiq etmək səlahiyyəti versə də, həmin tətbirin tətbiq olunması barədə vəsatətə hansı müddət ərzində baxılmalı olduğunu müəyyən etməyib (beləliklə davamedici pozuntunu dayandırmaq, onun qarşısını almaq baxımından inzibati-iqtisadi məhkəməyə şikayət etmə vasitəsi effektiv deyil);

Hökümət inzibati-iqtisadi məhkəməyə şikayət etmənin effektivliyini sübut etmək üçün cəmi bir yekunlaşmamış işə istinad edib (həmin istinad kifayət deyil).

Nəticədə həmin işlərdə Məhkəmə ərizəçilərin adekvat tibbi yardımın göstərilməməsinə dair şikayətlərini mahiyyəti üzrə araşdırıb.

Amma söhbət bir dəfə baş verib bitmiş pozuntudan gedirsə, Məhkəmə ərizəçidən inzibati-iqtisadi məhkəməyə şikayət vasitəsini tükəndməyi tələb edir (bax Əliyev Azərbaycana qarşı, məhkəməyə aparılma və məhkəmə binasında saxlanma şəraitinin Konvensiyanın 3-cü maddəsinə zidd olduğu barədə şikayət). Belə ki, davamedici pozuntudan fərqli olaraq, bir dəfə baş verib bitmiş pozuntunu effektiv şəkildə aradan qaldırmaq üçün ölkədaxili vasitənin “pozuntunun qarşısını almaq” səlahiyyətinin olması vacib deyil; yalnız (a) işi araşdırıb pozuntunu tapmaq və (b) kompensasiya ödənilməsini qətt etmək səlahiyyətinin olması kifayətdir.

Diqqət!

Gələcək işlərdə ola bilər ki, Məhkəmə Yunusova və Yunusov Azərbaycana qarşı və Əliyev Azərbaycana qarşı işlərində göstərdiyi yanaşmanı dəyişsin və qərara gəlsin ki, inzibati-iqtisadi məhkəməyə şikayət vasitəsi effektivdir. Bu səbəbdən tövsiyə olunur ki, ərizəçilər hər bir halda inzibati-iqtisadi məhkəməyə şikayət vasitəsini dənəsinlər (sözsüz ki, Məhkəməyə müraciətetmə müddətini (yəni altı aylıq müddəti) keçirməmək şərti ilə).

(b) Cinayət hüququ xarakterli vasitələr

Qapalı müəssisədə saxlanma şəraitinə (o cümlədən adekvat tibbi yardımın göstərilməməsinə) dair bəzi işlərdə cinayət hüququ xarakterli vasitələri tükəndirmək daha məqsədəuyğundur.

Belə ki, işdə cinayət əməlinin olmasına şübhə varsa, bu barədə effektiv araşdırma aparılmalıdır. Effektiv araşdırma olmadıqda, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən (hərəkətsizliyindən) məhkəmə nəzarəti qaydasında şikayət etmək və işi ən son yuxarı instansiya (apellyasiya məhkəməsi) daxil olmaqla davam etdirmək lazımdır.

Başqa bir misal. Pis rəftarın cinayət prosesini həyata keçirən orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində olması iddia olunursa, yenə də məhkəmə nəzarəti qaydasında şikayət etmək və işi ən son yuxarı instansiya (apellyasiya məhkəməsi) daxil olmaqla davam etdirmək lazımdır.

Diqqət! Cinayət işinin açılması barədə qərar və ya cinayət işinin açılmasından imtina edilməsi barədə qərar qəbul edilməsi gecikdirilirsə, ərizəçi ehtiyyatlı olmalıdır: həmin qərarı sonsuza qədər deyil, “ağlabatan müddət” ərzində gözləmək lazımdır. Qərarın həddindən artıq gecikməsi özü araşdırmanın effektiv olmamasının göstəricisidir. Belə olduğu halda ağlabatan müddət keçdikdən sonra şikayəti Məhkəməyə göndərmək tövsiyə olunur, əks halda Məhkəmə 6 aylıq müddətin ötürüldüyü nəticəsinə gələ bilər.

©legallibrary.org