Azərbaycandan 2100 ərizə AİHM-də qərar verilməsini gözləyir

©aihmaz.org

2021-ci il iyunun sonuna olan rəsmi bilgilərə görə, Avropa İnsan Haqları Məhkəməsində qərarını gözləyən ərizələrin cəmi sayı 65 800-dür. Bu ərizələrin 89 faizi 10 ölkədən – Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, İtaliya, Polşa, Azərbaycan, Serbiya, Yunanıstan və Ermənistandan daxil olan ərizələrdir.

AİHM-in statistik bilgilərinə görə, Rusiya qərar gözləyən ərizələrin sayına görə liderdir – 14 350 ərizə. Bu göstərici AİHM-də qərarını gözləyən ərizələrin ümumilikdə 22 faizini təşkil edir.

Sonrakı pillədə 13 950 ərizə ilə Türkiyə dayanır. Bu göstərici AİHM-də qərarını gözləyən ərizələrin ümumilikdə 21 faizi deməkdir.

AİHM-də qərar gözləyən ərizələrin 17 faizi (10800 ərizə) Ukraynanın, 10 faizi (6700 ərizə) Rumıniyanın, 6 faizi (3700) İtaliyanın, 3,3 faizi Polşanın (2150 ərizə) payına düşür.

Qərar gözləyən ərizələrin sayı baxımından Azəbaycan 7-ci sırada yer alır – 2 min 100 ərizə. Bu, AİHM-in ərizə yükünün 3,2 faizi deməkdir. 2020-ci ilin əvvəlində Azərbaycan bu sıralamada 6-cı idi, 2200 ərizə qərar gözləyirdi.

Serbiyadan 1850, Yunanıstandan 1400, Ermənistandan 1300 ərizə qərar verilməsini gzləyir.

AİHM yurisdiksiyası altında olan digər 37 ölkədən cəmi 7500 ərizə qərar verilməsini gözləyir.