Müəllif: Emin Abbasov, hüquqçu
Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların mühafizəsinə dair hüquqi təminatlar internetdən artan istifadənin və gizliliyi pozmaq potensialına malik olan texnologiyalarının dövlətlər tərəfindən getdikcə artan istifadəsi kontekstində daha çox müzakirə olunmağa başlayıb. İnternet istifadəçilərinin şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatlarının mühafizəsinə nəzarəti həyata keçirə biləcək müstəqil nəzarət orqanı və məhkəmələrin olmadığı Azərbaycanda bu sahədə qanunsuz və özbaşına müdaxilə halları haqqında da tez-tez bəhs edilir.
Bu məqalədə Azərbaycanda internet istifadəçilərinin hüquq mühafizə fəaliyyəti çərçivəsində şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatlarının qorunması üzrə qanunvericiliyə və onun tətbiqi ilə əlaqəli vəziyyətə nəzər yetirilir. İnternet məkanda fərdi məlumatların qorunması sahəsindəki milli qanunvericiliyin müvafiq beynəlxalq hüquqi standartlara uyğunluğunun ümumi təhlil edildiyi məqalədə son illərdə Azərbaycanda ictimai-siyasi fəalların şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatlarının qanunsuz ələ keçirilməsinə qarşı hüquqi təminatların cari vəziyyətindən bəhs ediləcək.
1. Azərbaycanda internet azadlığının vəziyyəti: hökümət tənqidçilərinin şəxsi həyata dair məlumatlarının izlənilməsi və ələ keçirilməsi
Dinləmə və izləmə (surveillance) kimi imkanları özündə birləşdirən informasiya-kommunikasiya texnologiyaları həm qeyri-qanuni, həm kütləvi, həm də məqsədyönlü nəzarəti təmin etmək imkanına malikdir.[i] Yerli və beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları göstərir ki, Azərbaycanda hökümət tənqidçilərinin (jurnalistlər, insan hüquqları və siyasi fəallar, vətəndaş cəmiyyəti nümayəndələri və.s) şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması və fərdi məlumatlarının izlənilmə və ələ keçirilməsi halları ildən-ilə artmaqdadır. Bu hesabatlar və təhlillər onu göstərir ki, Azərbaycanda dövlət orqanları ölkə daxilində ötürülən kommunikasiya məlumatlarının və onun məzmununa qanuni əsaslar olmadan müdaxilə etmək imkanına malikdir.[ii]
Freedom House insan haqları təşkilatı 2011-ci ildən etibarən “şəbəkədə azadlıq” adlı illik hesabatlarında ayrıca olaraq, Azərbaycanda internet azadlığının vəziyyətini təhlil edir. 2011-ci ildən yayımlanan illik hesabatlarda Azərbaycanda internet azadlıqlarının ildən-ilə ardıcıl olaraq pisləşdiyi qeyd olunur.[iii]
Bir sıra beynəlxalq insan hüquqları müqavilələrinə tərəf olan Azərbaycanın milli qanunvericiliyi aşağıda daha ətraflı izah ediləcəyi kimi internet istifadəçilərinin fəaliyyətinə və fərdi məlumatlarına dövlət nəzarətinin həddini yalnız qanuni, zəruri, mütənasib və qanuni məqsəd daşıdığı hallarda yolverilə bilən hesab edir.[iv] Bu tələblərə cavab verməyən fərdi məlumatların və şəxsi həyatın gizlilik aspektlərinin (privatlıq) izlənilməsi, toplanılması və ya ələ keçirilməsi halları şəxsi həyata qanunsuz müdaxilə təşkil edə bilər.
Şəxsi həyatın toxunulmazlığı hüququna izləmə (surveillance) ilə bağlı olan müdaxilə halları zamanı əsasən təhlükəsizlik (əsasən milli və ya dövlət təhlükəsizliyi) kimi ümumi ictimai maraqlarla müqayisədə daha az üstünlük verilir. Lakin son illərdə internetdə geniş izləmə imkanları tanıyan texnologiyalarının dövlətlər tərəfindən təkcə milli təhlükəsizlik məqsədləri üçün istifadə edilmədiyinə dair çox saylı narahatlıqlar ortaya çıxmışdır.
2020-ci ildə BMT-nin Fikir və İfadə Azadlığı üzrə Xüsusi Məruzəçisi müşahidə texnologiyasının insan hüquqlarına təhlükəli təsiri haqqında hesabatında insan hüquqlarının təminatlarını özündə birləşdirən beynəlxalq qaydalar qəbul edilənə qədər izləmə (surveillance) texnologiyalarının satışına və ötürülməsinə dərhal moratorium qoyulmasını tövsiyə edilmişdir. Hesabatda qeyd edilir ki, bir çox halda ifadə azadlığı hüququndan istifadə edən şəxslərə – çox vaxt jurnalistlərə, fəallara, müxalifətçilərə, tənqidçilərə və başqalarına tətbiq olunan izləmə əsassız həbslərə, bəzən işgəncələrə və ola bilsin ki, məhkəmədənkənar qətllərə səbəb olduğu müəyyən edilir.z
Tənqidçilərə qarşı kiber hücumlar
Azərbaycanda internet azadlıqlarının vəziyyətini izləyən Azerbaijan Internet Watch təşkilatının hesabatları göstərir ki, hesabların oğurlanması, vebsaytların sındırılması, DDoS cəhdləri və fişinq Azərbaycanda olan jurnalistləri, hüquq müdafiəçilərini və fəalları hədəf almaq üçün istifadə edilən bir neçə taktikalardan biridir.[v] Təşkilat 2021-ci ildə Azərbaycanda jurnalistlərə, insan hüquqları və siyasi fəallara qarşı hökümət tərəfindən edildiyi güman edilən ən azı 7 kiberhücum faktını müəyyən edə bilib.
Bundan öncə də Amnesty International beynəlxalq insan haqları təşkilatının 2017-ci ildə açıqladığı hesabatda bildirilir ki, Azərbaycanda siyasi fəallar “hökumət tərəfindən təşkil olunan” kiberhücumlara məruz qalırlar.[vi]
Facebook 2022-ci ilin aprel ayında yayımladığı rüblük Zərərli Təhdid Hesabatında [vii] qeyd edib ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən idarə olunan və Azərbaycan vətəndaş cəmiyyətininin hesablarını və vebsaytları ələ keçirməyi hədəf alan Koordinasiyalı Qeyri Müəyyən Davranış ilə səciyyələndirilən bir hibrid casus şəbəkənin hesablarını ləğv etdib.[viii] Hesabatda qeyd olunur ki, ləğv edilmiş casus şəbəkəsi Azərbaycanda demokratiya fəallarının, müxalifətçilərin və jurnalistlərin internet saytlarını və onlayn hesablarını hədəfə alıb və iki məqsəd güdüb: i) hədəf aldığı şəxslərin fərdi məlumatlarını ələ keçirmək və ii) onlar haqqında və onların adından xüsusi hekayələr uydurmaq və yaymaq.
2021-ci ilin iyul ayında müxtəlif nüfuzlu xarici mətbuat orqanları tərəfindən dərc edilmiş “Pegasus layihəsi” (“The Pegasus Project”) adlı beynəlxalq jurnalistika araşdırması təşəbbüsünün yaydığı məlumata görə dünyanın müxtəlif ölkələrindən ictimai və siyasi fəllar (aktivistlər), jurnalistlər, siyasətçilərə məxsus kompüter sistemlərində və mobil telefonlarda məlumatların icazəsiz götürülməsinə imkan verən “Pegasus” adlı cəsus proqramı (“spyware”) vasitəsilə onlayn üsullarla izlənilərək onların istifadəsində olan texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyalar çıxarılıb və telefon danışıqlarına qulaq asılıb.[ix]
Bu araşdırmanın Azərbaycana dair hissəsində[x] Azərbaycanda və ölkə hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan hökumətinin fəaliyyətinə tənqidi yanaşan, müxalif fəaliyyət göstərən siyasətçilər, ictimai-siyasi fəallar, müxalif və müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, insan haqları fəalları və hüquqşünasları “Pegasus” cəsus proqramı vasitəsilə izlənilib yaxud izləməyə götürülüb.[xi] Yuxarıda adı qeyd edilən şəxslərin izlənilməsi ilə bağlı məlumatlar “OCCRP” (Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi) internet səhifəsində yayımlanıb.[xii] OCCRP tərəfindən dərc edilərək ictimaiyyətə açıqlanmış siyahı vasitəsilə adı açıqlanmayan digər şəxslərin izlənilməsi ilə bağlı məlumatlar isə OCCRP əməkdaşı tərəfindən şikayətçilərin telefon nömrələrinə bağlı Vatsap tətbiqinə göndərilmiş “Vatsap”/e-mail mesajı vasitəsilə təsdiqlənir. Siyahıda adı keçən ən azı 65 nəfər şikayətçi Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etsə də, onların şikayətləri üzrə ibtidai araşdırmaya imkan verən cinayət işi açılmayıb. Baş Prokurorluq hər hansı səbəb və izah etmədən şikayətləri Dövlət Təhlükəsizlik Xidmətinə göndərib. Şikayətçilər Baş Prokurorluğun bu hərəkətindən yerli məhkəmələrə şikayət etsələr də, yerli məhkəmlər Baş Prokurorluğun ərizəçilərin şikayətlərinin Dövlət Təhlükəsizlik Xidmətinə göndərilməsi hərəkətinin məhkəmə qaydasında nəzərdən keçirilməsinin qeyri mümkün olduğuna qərar verib və həmin şikayətlərə baxılmasını mümkünsüz sayıb. Apellyasiya Məhkəməsi də şikayətləri təmin etmədikdən sonra ərizəçilər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.[xiii]
2. İnternet istifadəçilərinin izlənilməsi və məlunatların ələ keçirilməsinə qarşı hüquqi təminatlar
a. Hüquq mühafizə fəaliyyəti məqsədləri üçün fərdi məlumatları izləmə və ələ keçirmə: qanunilik və məhkəmə nəzarəti
Kommunikasiya üzərində dövlət nəzarətini asanlaşdıran texnologiyalardan istifadə imkanları artan Azərbaycan son illərdə dövlət orqanlarının bu sahədəki səlahiyyətlərini artıran nəzarət və izləmə ilə bağlı yeni qanunlar və qaydalar qəbul edib və ya mövcud qanunvericiliyə dəyişikliklər və əlavələr edib.
Azərbaycanın bu sahədəki qanunvericiliyinin təhlili göstərir ki, dövlət orqanlarının internetdə gizli izləmə tədbirlərini tətbiq etmək səlahiyyətinin verildiyi hallar, habelə bu tədbirlərin müddəti, xüsusən də onların dayandırılmalı olduğu hallar, şəxsi həyata dair məlumatların ələ keçirilməsinə icazə verilməsi, habelə ələ keçirilmiş məlumatların saxlanması və məhv edilməsi prosedurları və bütün bu prosesə davamlı məhkəmə nəzarətinin təmin edilməsi sahəsində ciddi boşluqlar və qeyri müəyyənliklər (qeyri şəffaflıq) mövcuddur. Bu boşluq və qeyri müəyyənliklərə əlavə olaraq şəxsi həyata dair məlumatların özbaşına və qanunsuz ələ keçirilməsi hallarından şikayət etmək, həmçinin, vurulan zərərin əvəzini tələb etmək üçün milli səvviyədə mövcud olan müdafiə vasitələrinin səmərəliliyi sahəsində də çatışmazlıqlar mövcuddur.
Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların mühafizə olunması ilə bağlı dövlət orqanları və özəl şirkətlərin riayət etməli olduğu həm milli qanunvericiliyin tələblərindən, həm də ratifikasiya edilmiş beynəlxalq insan hüquqları sənədlərinin tələblərindən irəli gələn öhdəlikləri mövcuddur.
Milli qanunvericilik
Fərdi məlumatların qorunması ilə əlaqəli hüquqlar Azərbaycan Konstitusiyasının yazışma, telefon, poçt, teleqraf göndərişləri də daxil olmaqla müxtəlif rabitə vasitələri ilə ötürülən məlumatların əhatə olunduğu şəxsi və ailə həyatının toxunulmazlığı hüququnu təmin edən 32-ci maddəsinin təminatı altındadır.[xiv] Konstitusiyanın 32-ci maddəsinə (IV) əsasən şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumat əldə etmək, saxlamaq, istifadə etmək və yaymaq yolverilməzdir. Bu hüquqlar qanunla müəyyən edilmiş qaydada cinayətin qarşısını almaq və ya cinayət işinin istintaqı zamanı həqiqəti müəyyən etmək məqsədilə məhdudlaşdırıla bilər.
Konstitusion hüquqi təminatdan əlavə olaraq şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatlara dair hüququ tanıyan, o cümlədən telekommunikasiya şəbəkələrində şəxsi həyatı və fərdi məlumatların mühafizəsini və ya məhdudlaşdırılmasını tənzimləyən müxtəlif normativ hüquqi aktlar mövcuddur. Bura fərdi məlumatların dairəsi, toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən 2010-cu il tarixli fərdi məlumatlar haqqında qanun,[xv] şəxsi həyatın toxunulmazlığını pozan məlumatların internet məkanda yayılmasını qadağan edən 1998-ci il tarixli İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun,[xvi] telekommunikasiya sistemlərində məxfiliyin təmin olunması məqsədi ilə operatorlar və provayderlərin üzərinə müəyyən öhdəliklər qoyan 2005-ci il tarixli telekommunikasiya haqqında qanun,[xvii] həmçinin telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması və texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması kimi fərdi məlumatların əldə edilməsi ilə bağlı məsələləri tənzimləyən 1999-cu il tarixli Əməliyyat-axtarış fəaliyyəti haqqında qanun və cinayət prosessual qanunvericilik (Cinayət Prosessual Məcəlləsi) aid edilə bilər.
Bundan başqa Azərbaycan Konstitusiyası, həmçinin müxtəlif normativ hüquqi aktlar şəxsi həyatın toxunulmazlığını, onun gizli qalmalı olan aspektlərini, habelə yazışmalara qanunsuz və özbaşına müdaxilələr zamanı müxtəlif hədlərdə məsuliyyət müəyyən edir. Milli qanunvericilikdə şəxsi həyatın toxunulmazlığına və fərdi məlumatların gizlilik apsketlərinə (privatlıq) qanunsuz müdaxilə halları üçün mülki[xviii]*, inzibati[xix] və cinayət[xx] məsuliyyəti müəyyən edilir.
Hüquq mühafizə məqsədləri üçün fərdi məlumatların ələ keçirilməsi
Milli qanunvericiliyə əsasən legitim cinayət-hüquqi və əməliyyat-axtarış maraqlarından irəli gəldikdə şəxsi həyatın toxunulmazlığının məhdudlaşdırılması və fərdi məlumatlarının əldə edilməsi qanunla müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər.[xxi]
Milli qanunvericilik şəxsi həyatın toxunulmazlığına (şəxsin qanunla qorunan fərdi məlumatlarının əldə edilməsinə) yolverilən iki xüsusi prinsipə diqqət yetirir: əldə edilmənin qanuniliyi və məhkəmənin qərarı.
Belə ki, Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (Bundan sonra CPM) (maddə 16) və Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun (maddə 10. III) tələblərindən aydın olur ki, yalnız əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyə səlahiyyəti olan müvafiq qurumlar qanunda göstərilən hallarda və məhkəmə qərarı ilə internet izləməni və fərdi məlumatların ələ keçirilməsini (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) həyata keçirə bilərlər.[xxii] CPM-nin 177.3.5-ci və 443.1-ci maddələrinə əsasən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti olub bu istintaq hərəkətinin məcburi aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur.
Bununla belə qeyd etmək vacibdir ki, CPM-nin 443, 177 və 445-ci maddələri məhkəmə qərarı əsasında tədbirin görülməsi ilə bərabər təxirəsalınmaz hallarda avtomatik post-məhkəmə yoxlaması (məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında) ilə əməliyyat-axtarış tədbirlərinə (telefon danışıqlarına qulaqasma və texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması) icazə verir.[xxiii]
Beləliklə, qanuni olaraq şəxsi həyat məlumatlarının dövlət orqanları tərəfindən gizli izləməyə və götürülməyə məruz qalmasının hüquqi əsasları yuxarıda göstərilənlərdən ibarətdir. Belə olan halda fərdlərin internet məkanda şəxsi həyatının toxunulmazlığının və fərdi məlumatlarının gizlilik aspektlərinə müdaxilələrin (izləmə, məlumatların ələ keçirilməsi) qanuni və əsaslı olub-olmamasına təminat verən qaydaların səmərəliliyinə nəzər yetirmək zəruridir.
İnternet məkanda şəxsi həyatın toxunulmazlığına və fərdi məlumatlara dair hüquqlara müdaxilələrin tənzimləndiyi iki əsas qanunda – CPM və əməliyyat axtarış fəaliyyəti haqqında qanunda – qeyd olunan tənzimləmələrdən görünür ki, milli qanunvericilik internet məkanda fərdi məlumatların hansı həcmdə izlənilməsi (toplanılması), bu fəaliyyətlərin hansı müddətdə davam etməsi və hansı hallarda dayandırılması, habelə ələ keçirilmiş məlumatların necə saxlanılması və necə məhv edilməsi, eyni zamanda bütün bu proseslərin müxtəlif mərhələlərində məhkəmə nəzarətinin təmin edilməsini tənzimləmədən kənarda – hüquq mühafizə orqanlarını sərbəst mülahizəsinə buraxır. Bu isə müvafiq sahədə beynəlxalq insan hüquqları sənədlərinin tələbləri ilə ziddiyət təşkil edir.
İnternet məkanda fərdi məlumatların mühafizə ilə bağlı digər narahatlığa Azərbaycan Respublikası Prezidentinin “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında 2017-ci il, 7 sentyabr tarixli Prezident fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinə internet şəbəkəsində istifadəçilərin anonimliyini istisna edən mexanizmin yaradılması barədə təkliflər verilməsi tapşırığını əlavə etmək olar.[xxiv] Burada qeyd edilməlidir ki, AİHM presedent hüququnda anonimliyin internetin mühüm xüsusiyyəti olduğunu qəbul edilir. Delfi AS Estoniyaya qarşı (-64569/09, 10.10.2013-cü il tarixli) qərarında Məhkəmə izah edir ki, internet istifadəçilərinin şəxsiyyətlərini açıqlamamaqda maraqlı olduqlarını nəzərə alır. Bundan əlavə, Avropa Şurası Nazirlər Komitəsinin İnternetdə ünsiyyət azadlığı haqqında Bəyannaməsi (Nazirlər Komitəsi tərəfindən 28 may 2003-cü ildə Nazirlər Müavinlərinin 840-cı iclasında qəbul edilmişdir) on prinsipdən ibarətdir və Bəyannamənin 7-ci Prinsipdə “üzv dövlətlər tərəfindən internet istifadəçilərinin şəxsiyyətlərini açıqlamamaq iradəsinə hörmət etməli” olduğu vurğulanır.[xxv]
Milli qanunvericilik və praktikanın beynəlxalq insan hüquqları standartlarına uyğunluğu məsələsi: AİHK/AİHM standartları
Milli qanunlara əlavə olaraq, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların gizliliyi ilə bağlı müxtəlif beynəlxalq[xxvi] və regional[xxvii] insan hüquqları müqavilələrini ratifikasiya edən Azərbaycan bu sahədə müvafiq bağlı beynəlxalq insan hüquqları standartlarının təmin edilməsi öhdəliyini daşıyır.[xxviii]
2002-ci ildən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasını (bundan sonra AİHK) ratifikasiya edən Azərbaycan Konvensiyanın təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra AİHM) yurisdiksiyasının məcburiliyini tanıyır. Bundan başqa Azərbaycan həmçinin 20 sentyabr 2009-cu il tarixində Avropa Şurasının 1981-ci il tarixli Fərdi məlumatların avtomatik emalı ilə bağlı fiziki şəxslərin müdafiəsi haqqında Konvensiyanı (ETS No. 108) da ratifikasiya[xxix] etməklə sözügedən Konvensiyanın fərdi məlumatların müfafizəsinə dair beynəlxalq standartları milli səviyyədə tətbiqinə dair öhdəliklər qəbul edib.
Şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların gizlilik aspektlərinin (privatlıq) qorunması AİHK-nın 8-ci maddəsi ilə təmin edilən şəxsi və ailə həyatına hörmət hüququnun tətbiq dairəsinə düşür.[xxx] Həmçinin, AİHM bir sıra qərarlarında müəyyən edir ki, daxili qanunvericilikdə fərdi məlumatların bu maddədəki təminatlara zidd şəkildə istifadə edilməsinin qarşısını almağa yönələn müvafiq təminatlar yer almalıdır.[xxxi] AİHM presedent hüququna görə dövlət gizli müşahidə tətbiq etdikdə və nəzarət altında olan şəxslər bu müşahidənin mövcudluğundan xəbərsiz olduqda və nəticədə bu tədbirdən şikayət etmək imkanına malik olmadıqda, həmin şəxslər özləri də bilmədən 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarından və milli səviyyədə və ya Konvensiya orqanlarında hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanından məhrum ola bilərlər.[xxxii]
AİHM-nin formalaşmış məhkəmə presedent hüququna (“case law”) əsasən Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlara (o cümlədən yazışma sirri hüququna) müdaxilə Konvensiyanın 8.2-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyət rejiminə o halda uyğun ola bilər ki, həmin məhdudiyyət qanunla nəzərdə tutulsun, 8-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş legitim məqsədlərdən birinə cavab versin və demokratik cəmiyyətdə belə məqsədə nail olmaq üçün zəruri olsun.[xxxiii]
Praktika onu göstərir ki, icra orqanlarına müəyyən səlahiyyətləri gizli şəraitdə həyata keçirmək səlahiyyəti verildikdə belə səlahiyyətlərdən özbaşına istifadə edilməsi riskləri aşkardır. Buna görə də gizli izləmə tədbirlərinə dair aydın və müfəsəl qaydalar mövcud olmalıdır. Xüsusilə izlməyə imkan verən texnologiya getdikcə daha təkmilləşdicə belə qaydalara daha çox zərurət yaranır. Bu baxımdan daxili qanunvericilik vətəndaşlara dövlət orqanları tərəfindən izləmə tədbiləri görülə biləcəyi hallar və şərait barədə kafi dərəcədə adekvat məlumatlandırma təmin etməlidir.[xxxiv]
Bununla belə AİHM Roman Zaxarov Rusiyaya qarşı işində qeyd etdi ki, müəyyən şərtlər mövcud olduğu təqdirdə ərizəçi sadəcə olaraq məxfi müşahidə tədbirlərinin və ya belə tədbirlərə icazə verən qanunvericiliyin mövcudluğu səbəbindən də pozuntu qurbanı olduğunu iddia bilər.[xxxv] AİHM-ə görə kommunikasiyaların gizli qaydada izlənməsi sisteminin yaradılmasına icazə verən qanunvericiliyin sadəcə mövcudluğu həmin qanunvericiliyin tətbiq edilə biləcəyi bütün şəxslərin müşahidə altına düşməsi təhlükəsini doğurur.[xxxvi]
Azərbaycan qanunvericiliyinə gəldikdə isə istər əməliyyat axtarış fəaliyyəti haqqında qanun, istərsə də CPM-in şəxsi həyatın toxunulmazlığı hüququnu müdaxilələri tənzimləyən müddəaları hüquq mühafizə orqanlarına internetdə izləmələ aparılan şəxslərin və əldə edilməsi planlaşdarılan fərdi məlumatların əhatə dairəsini müəyyənləşdirməkdə geniş qiymətləndirmə sərbəstliyi tanıyır. Belə ki, istər qanunvericilikdə, istərsə də praktikada rəsmi araşdırma (istər cinayət araşdırması, istərsə də digər araşdırma) çərçivəsində fərdi məlumatların toplanılmasının həmin araşdırmanın maraqları üçün istintaq orqanlarına nə qədər lazım olması tələbi və əsaslandırması ilə bağlı tələb və qaydalar mövcud deyil.
b.İnternet istifadəçilərinin hüquqlarının müdafiəsi: məhkəmə nəzarətinin və səmərəli hüquqi müdafiə vasitələrinin yoxluğu
Azərbaycanın informasiya kommunikasiya texnologiyaları infrastrukturu keyfiyyətsiz və inhisarlaşmış haldadır.[xxxvii] Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə əsas internet tənzimləyicisi olaraq qalır. Bu isə mərkəzsizləşdirmə və inhisarsızlaşdırma çağırışı edən yerli ekspertlər tərəfindən tez-tez tənqid olunur.[xxxviii] Başqa sözlə artan nəzarət və müdaxilə hallarına qarşı Azərbaycanda telekommunikasiya sektorunda internet istifadəçilərinin hüquqlarınn müdafiəsi ilə bağlı aydın qaydalar və bu qaydaların icrasına nəzarət edən və məsul olan müstəqil nəzarət orqanı mövcud deyil.
Səmərəli hüquqi müdafiə vasitələrinin olmaması
Səmərəli hüquqi müdafiə vasitəsi hüququ AİHK-nın 13-cü maddəsində təsbit edilmişdir. İnternetdə hüquq və azadlıqları məhdudlaşdırılan və ya pozulan hər kəsin səmərəli müdafiə hüququ var. AİHK-nın 13-cü maddəsi milli səviyyədə AİHM hüquq və azadlıqlarının daxili hüquqi qaydada təmin oluna bildiyi formada onların mahiyyətini həyata keçirmək üçün hüquqi müdafiə vasitələrinin mövcudluğuna zəmanət verir. O, AİHK çərçivəsində şikayətin mahiyyəti ilə məşğul olmaq və müvafiq yardım göstərmək üçün daxili hüquqi müdafiə vasitələrinin təmin edilməsini tələb edir. AİHK-da təmin edilən hüquqların pozulması ilə bağlı iddialara dair qərar qəbul etmək tapşırığı verilmiş milli orqan olmalıdır.[xxxix]
Şəxsin öz hüququnun müəyyən edilməsində məhkəmə prosesinin əsassız uzunluğundan şikayət edə biləcəyi xüsusi hüquqi yol olmalıdır.[xl] Səmərəli hüquqi müdafiə vasitələri əlçatan, məlum, əlçatan, münasib qiymətə malik və müvafiq kompensasiya təmin etmək qabiliyyətinə malik olmalıdır. Effektiv hüquqi müdafiə vasitələri birbaşa İnternet xidmət provayderlərindən (baxmayaraq ki, onlar AİHK-nın 13-cü maddəsinə uyğun olmaq üçün kifayət qədər müstəqilliyə malik olmaya bilər), dövlət orqanlarından və/və ya digər milli insan hüquqları institutlarından əldə edilə bilər.
Yuxarıda da qeyd edilən bir sıra nümunələrdə Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə, insan hüquqları və siyasi fəallara qarşı hüquq mühafizə orqanları tərəfindən edildiyi güman edilən əməliyyat-axtarış tədbirləri üçün qanuni əsaslar mövcud olmayıb. Pegasus işi üzrə hazırda Azərbaycan məhkəmələrində davam edən çoxsaylı məhkəmə işləri və digər davam edən məhkəmə işləri onu göstərir ki, bu qrupa aid edilən şəxslərin hesablarının, mobil telefonlarının və internet səhifələrinə kiber məkanda edilən müdaxilələr hökümət və məhkəmə orqanları tərəfindən səmərəli şəkildə araşdırılmasından imtina edilib.
Nəticədə həmin şəxslərə münasibətdə internet məkanda həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin qanunsuzluğundan müdafiə üzrə şikayət və müraciətlərə yerli inzibati nəzarət və məhkəmə orqanları səmərəli müdafiə təmin etməyib. Baxmayaraq ki, qanuni əsaslar olmadan internet məkanda fərdi məlumatların qanunsuz və özbaşına əldə edilməsi ilə bağlı fəaliyyətlər şəxsi həyatın toxunulmazlığı hüququnu pozduğu və əməliyyat axtarış fəaliyyəti qanunvericiliyinin pozulmasına görə Cinayət Məcəlləsi vasitəsi ilə cinayət məsuliyyətinə səbəb olur.[xli]
3. Nəticə
İnternetdə gizli izləmə və fərdi məlumatların hüquq mühafizə fəaliyyətləri çərçivəsində əldə edilməsi ilə bağlı qanunvericiliyin təhlili və fərdi məlumatları qanunsuz müdaxilələrə məruz qalan şəxslərin şikayətlərinin araşdırılmamasından belə görünür ki, Azərbaycanda onsuz da hüquq mühafizə orqanlarına tanına geniş mülahizə sərbəstliyi kontekstində müstəqil və qərəzsiz müdafiə imkanlarının olmaması şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların mühafizəsinə təminat səmərəli deyil.
Gözləmək olar ki, AİHM-nin internetdə gizli izləmə (surveillance) və fərdi məlumatları toplama ilə bağlı işlərə münasibətinin getdikcə dəyişməsi və Azərbaycandan Avropa Məhkəməsinə bu sahədə daha çox şikayətlərin göndərilməsi nəticəsində yaxın gələcəkdə Azərbaycanın gizli izləmə (surveillance) rejiminin beynəlxalq insan hüquqları standartlarının tələblərinə uyğunluğu daha əhatəli təhlil ediləcəkdir.
Ədəbiyyat siyahısı:
[i]https://www.ohchr.org/sites/default/files/Documents/Issues/Opinion/Surveillance/AMNESTY_INTERNATIONAL.pdf
[ii] PULLING THE PLUG: How Azerbaijan’s government combines technology and fear to control the internet
Hesabatda ABŞ, Kanada, İsveç, İtaliya və İsrail texnologiya şirkətlərinin Azərbaycan hökumətinə internetin çıxışı, keyfiyyəti və müxtəlifliyinə nəzarəti görünməmiş dərəcədə gücləndirməkdə necə kömək etdiyini – vətəndaşların ifadə azadlığı, fərdi məlumat, və digər əsas hüquqlarını pozduğu qeyd olunur.
[iii] ŞƏBƏKƏDƏ AZADLIQ 2021. Azərbaycan. Azərbaycanda internet azadlığı bu müddət dövründə pisləşib. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2021
ŞƏBƏKƏDƏ AZADLIQ 2020. Azərbaycan. Azərbaycanda internet azadlığının pis vəziyyəti bu müddət içərisində bir qədər də pisləşdi. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2020
ŞƏBƏKDƏ AZADLIQ 2019. Azərbaycan. Azərbaycanda internet azadlığının onsuz da pis vəziyyəti bu müddət ərzində pisləşməkdə davam edib. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2019
ŞƏBƏKƏDƏ AZADLIQ 2018. Azərbaycan. Məhkəmənin müstəqil xəbər saytlarının bloklanmasını təsdiq etməsindən və həm xəbər agentliklərini, həm də müxalifət fəallarını hədəf alan texniki hücumlardan sonra Azərbaycanda internet azadlığı pisləşib. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2018
ŞƏBƏKƏDƏ AZADLIQ 2017. Azərbaycan. Keçən il hökumətin geniş şəraitdə məzmunu bloklamaq səlahiyyətini verən yeni qanunlar tətbiq etməsindən sonra Azərbaycanda internet azadlığı azalıb, eyni zamanda hökumətə bağlı olan tərəflər zərərli proqramlar vasitəsi ilə hücumları ilə fəalları hədəfə alıblar. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2017
ŞƏBƏKƏDƏ AZADLIQ 2017. Azərbaycan. Azərbaycanda internet azadlığı 2015-2016-cı illərdə Nardaran kəndində polis qarşıdurmasından sonra hökumətin qəsdən internetə çıxışını məhdudlaşdırdıqdan sonra bir qədər də pisləşib. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2016
[iv] Universal İnsan Hüquqları Bəyannaməsi: Maddə 12
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt: Maddə 17
Uşaq Hüquqları haqqında Konvensiya: Maddə 16
Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin müdafiəsi haqqında Beynəlxalq Konvensiya: Maddə 14
[iv] Regional səviyyədə gizlilik hüququ aşağıdakılarla qorunur:
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası: Maddə 8
Fərdi məlumatların avtomatik emalı ilə bağlı fiziki şəxslərin müdafiəsi haqqında Konvensiyanı (ETS No. 108): maddə 1
[v] Hacks and compromised accounts continue to target journalists and activists in Azerbaijan, September 13, 2021
https://www.az-netwatch.org/news/hacks-and-compromised-accounts-continue-to-target-journalists-and-activists-in-azerbaijan/
[vi] Amnesty International: Azərbaycanda hökumət tənqidçilərinə kiberhücumlar təşkil edilir, Mart 10, 2017, https://www.amerikaninsesi.org/a/kiberhucum/3758387.html
[vii] Adversarial Threat Report, April, 2022,
https://about.fb.com/wp-content/uploads/2022/04/Meta-Quarterly-Adversarial-Threat-Report_Q1-2022.pdf
[viii] Azerbaijani government ran cyber espionage and influence ops on Facebook, company says, 11 April 2022 https://oc-media.org/azerbaijani-government-ran-cyber-espionage-and-influence-ops-on-facebook-company-says/
[ix] (bax: OCCRP, Israeli-Made Spyware Used to Monitor Journalists and Activists Worldwide, https://www.occrp.org/en/the-pegasus-project/israeli-made-spyware-used-to-monitor-journalists-and-activists-worldwide)
[x] (bax: OCCRP, Life in Azerbaijan’s Digital Autocracy: ‘They Want to be in Control of Everything’, https://www.occrp.org/en/the-pegasus-project/life-in-azerbaijans-digital-autocracy-they-want-to-be-in-control-of-everything)
[xi] (bax: Azərbaycanda hökumətin gizli izlədiyi jurnalistlər və fəalların siyahısı – Yeni araşdırma, https://www.azadliq.org/a/occrp-jurnalist-arasdirma-pegasus-telefon-xedice-ismayil/31365048.html).
[xii] (bax: Siyahıda kimlər var – Pegasus Layihəsi | OCCRP, https://cdn.occrp.org/projects/project-p/?_gl=1%2Avv4hwz%2A_ga%2AODYxNzg2ODg4LjE2MjY0NDA5MzM.%2A_ga_NHCZV5EYYY%2AMTYyNjYyNDYzNy41LjEuMTYyNjYyNTg2NS42MA..#/countries/AZ)
[xiii] Litigating Pegasus in Azerbaijan: Addressing harms of the government-sponsored surveillance on civic groups in the absence of legal guarantees, August 24, 2022, https://www.az-netwatch.org/news/litigating-pegasus-in-azerbaijan-addressing-harms-of-the-government-sponsored-surveillance-on-civic-groups-in-the-absence-of-legal-guarantees/
[xiv]Azərbaycan Konstitusiyasının 32-ci maddəsi (II) müəyyən edir ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Konstisusiyanın həmin maddəsi qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxiləni qadağan edir və hər hansı qanunsuz müdaxilədən müdafiə hüququnu tanıyır. Konstitusiya həmçinin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir (32.III). Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir (Konstitusiya (32.VIII). https://www.e-qanun.az/framework/897
[xv] Qanun əsas məqsədlərinə fərdi məlumatlar sahəsində ümumi prinsipləri, bu sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, həmçinin bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etmək və əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etmək daxildir. https://e-qanun.az/framework/19675
[xvi] (Maddə 13-2) şəxsi həyatın toxunulmazlığını pozan məlumatların internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən (informasiya-telekommunikasiya şəbəkəsində) yayılmasını qadağan edir. https://e-qanun.az/framework/3525
[xvii] telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyinin qanunlarla qorunduğunu və bu məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verildiyinə təminat verir. (maddə 38.3). https://e-qanun.az/framework/10663
[xviii] Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi
23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.
23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
[xix] İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə;
375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 388-1. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması
[xx] Cinayət Məcəlləsi, maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma
156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
156.2. Eyni əməllər:
156.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
156.2.2. məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 155. Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
[xxi] Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
Maddə 16. Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi
16.1. Cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatın sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.
16.2. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər.
Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanun. Maddə 10. Əməliyyat-axtarış tədbirləri
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər:
3) telefon danışıqlarına qulaqasma;
4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;
5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
6) məhkumların məktublarının yoxlanılması;
7) nəqliyyat vasitələrinə baxış keçirilməsi;
8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə;
9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi;
10) insanların güdülməsi;
[xxii] Bax: Əməliyyat-axtarış fəaliyyəti haqqında qanun. Maddə 10. Əməliyyat-axtarış tədbirləri. III. Bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.
[xxiii] Bununla belə bu qaydaya əsasən müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq: 1) aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli; 2) 48 saat müddətində aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.
[xxiv] https://e-qanun.az/framework/36470
[xxv] https://search.coe.int/cm/Pages/result_details.aspx?ObjectID=09000016805dfbd5
[xxvi] Universal İnsan Hüquqları Bəyannaməsi: Maddə 12
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt: Maddə 17
Uşaq Hüquqları haqqında Konvensiya: Maddə 16
Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin müdafiəsi haqqında Beynəlxalq Konvensiya: Maddə 14
[xxvii] Regional səviyyədə gizlilik hüququ aşağıdakılarla qorunur:
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası: Maddə 8
Fərdi məlumatların avtomatik emalı ilə bağlı fiziki şəxslərin müdafiəsi haqqında Konvensiyanı (ETS No. 108): maddə 1
[xxviii] Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Maddə 151. Beynəlxalq aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
[xxix] Fərdi məlumatların avtomatik emalı ilə bağlı fiziki şəxslərin müdafiəsi haqqında Konvensiya (ETS No. 108) ; https://mincom.gov.az/upload/files/38c3de8877a7e94f1577e71b770bbe32.pdf
[xxx] Leander İsveçə qarşı, 48-ci bənd; Rotaru Rumıniyaya qarşı [BP], 46-cı bənd.
[xxxi] Z Finlandiyaya qarşı, 95-ci bənd; Avropa Məhkəməsi S. və Marper Birləşmiş Krallığa qarşı məhkəmə işində ([BP], 103-cü bənd) gəldiyi qənaətlərə uyğun olaraq, Məhkəmə müəyyən edib ki, mühafizə edilən məlumatların polis tərəfindən istifadə edildiyi hallar bir yana qalsın, hətta onların avtomatik emal prosesinə məruz qaldığı hallarda da bu cür təminatlara xüsusilə böyük ehtiyac olur. Daxili qanunvericilik bu cür məlumatların yalnız aktuallıq kəsb etdikdə saxlanmasını və onlardan sui-istifadə edilməsinə və hüquqa zidd şəkildə istifadə edilməsinə qarşı səmərəli müdafiənin olmasını xüsusi olaraq təmin etməlidir. Qardel Fransaya qarşı, 62-ci bənd
[xxxii] Klass və başqaları Almaniyaya qarşı, 36-cı bənd
[xxxiii] Roman Zaxarov Rusiyaya qarşı iş, 227-ci paraqraf; Kennedy Birləşmiş Krallığa qarşı, 130-cu paraqraf
[xxxiv] Roman Zaxarov Rusiyaya qarşı iş, 229-cu paraqraf, Ueber və Saravia Almaniyaya qarşı iş, 93-cü paraqraf.
[xxxv] Roman Zaxarov Rusiyaya qarşı [BP], 171-172-ci bəndlər
[xxxvi] Veber və Saraviya Almaniyaya qarşı (qərardad), 78-ci bənd
[xxxvii] “Azərbaycan: Əlçatanlıq: İstifadə: İnternet istifadəçiləri,” 2020 İnklüziv İnternet İndeksi, The Economist Intelligence Group, Yanvar 2020, https://theinclusiveinternet.eiu.com/explore/countries/performance/availability/usage/internet-users?highlighted= AZ
[xxxviii] IPHR-AIW report: PULLING THE PLUG: How Azerbaijan’s government combines technology and fear to control the internet, https://www.iphronline.org/wp-content/uploads/2021/09/Pulling-the-Plug_report_updated_compressed-1.pdf
[xxxix] 98 Silver və Digərləri Böyük Britaniyaya qarşı, №. 5947/72; 6205/73; 7052/75; 7061/75; 7107/75; 7113/75; 7136/75 §113; Kaya Türkiyəyə qarşı, №. 22729/93, §106.
[xl] Kudla Polşaya qarşı, №. 30210/96, §157.
[xli] Belə ki, CM-nin 302-ci maddəsi (“Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması”) belə pozuntunu kriminallaşdırır. CM-nin 302.1-ci maddəsinə əsasən, digər halla yanaşı, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur.CM-nin 302.2-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin pozulması gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədilməsi ağırlaşdırıcı hal kimi nəzərdə tutulur.