Azərbaycan vətəndaşlarının Ermənistana qarşı şikayətləri qəbuledilməz sayılıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 5-də bir qrup Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayətləri üzrə 4 qərarını elan edib. Ermənistan-a qarşı işlərin hamısında ərizəçiləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov təmsil edib.

Salman Qurbanov Ermənistana qarşı

Bu işdə Bakıda yaşayan Azərbaycan vətəndaşı olan ərizəçinin Azərbaycan Silahlı Qüvvələrində xidmət edən 22 yaşlı oğlu 29 dekabr 2016-cı il tarixdə Azərbaycan və Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalarda həlak olmuşdu. Onun meyiti Ermənistanın Tavuş rayonunda aşkar edilmişdi Məhkəmə işi həlak olmuş hərbçinin nəşinin verilməsinin gecikdirilməsi, yalnız 5 fevral 2017-ci il tarixdə ailəsinə təhvil verilməsi ilə bağlı idi. Ərizəçi onlara münasibətdə Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 8-ci (şəxsi və ailə həyatına hörmət), 13-cü (effektiv müdafiə vasitələrinə malik olmaq) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulduğunu iddia edirdi.

Avropa Məhkəməsi bu işdə pozuntu tapmayıb.

Firuzə ƏSGƏROVA və Albina VESELOVA Ermənistana qarşı

AİHM-ə 2015-ci ildə təqdim edilmiş bu işdə ərizəçilər Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini və Tərtər rayonunun Qarağacı kəndində yaşayan Rusiya vətəndaşı idi. Onlar erməni hərbçiləri tərəfindən tutulub məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşları idi. Ərizəçilər AİHM qarşısında iddia edirlər ki, D.Əsgərov və Ş.Quliyevin saxlanılması, mühakimə və məhkum olunması ilə bağlı icraatlar onların Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 8-ci, 13-cü və 14-cü maddələri ilə təminat altına alınan işgəncənin yolverilməzliyi, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarını pozub.

AİHM bu ərizəni qəbuledilməz sayıb.

Abbas Allahverdiyev Ermənistana qarşı

Bu işdə ərizəçi Goranboy rayonunun Tapqaraqoyunlu kəndi sakini idi, o, 2016-cı il aprel döyüşləri zamanı təmas xəttindən bir neçə kilometr aralıda yerləşən Tapqaraqoyunlu kəndindəki evi davamlı atəşə tutulduğuna görə, evini tərk edərək qonşu kəndlərdə məskunlaşmalı olmuşu. Ərizəçinin evinə mərmi düşmüş, o, üz və göz nahiyələrindən xəsarətlər almışdı. Mərmilər onun evinə də ziyan vurmuş, habelə, 60-dan artıq heyvanı tələf olmuşdu. Ərizəçi AİHM qarşısında yaşamaq, işgəncəyə məruz qalmamaq, şəxsi həyata hörmət, mülkiyyət və effeltiv müdafiə vasitələrinə malik olmaq hüquqularının pozulduğunu iddia edirdi. AİHM bu ərizəni də qəbuledilməz sayıb.

İslam Əliyev Ermənistana qarşı

Bu işin halları Abbas Allahverdiyev Ermənistana qarşı işinin halları ilə oxşardı. 2016-cı il aprel döyüşləri zamanı ziyana məruz qalan ərizəçi AİHM qarşısında oxşar pozuntu iddiaları irəli sürmüşdü. Məhkəmə bu ərizəni də qəbuledilməz sayıb.