Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ müharibəsi kontekstində dövlətlərarası şikayətlərinə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatasında baxılacaq. Bu haqda məhkəmənin açıqlamasında vurğulanır.
Məlumatda şikayətlərin Ermənistan və Azərbaycan arasında baş vermiş hərbi əməliyyatların gedişində iki ölkə tərəfindən İnsan Haqları haqqında Avropa Konvensiyasının pozuntusu iddiaları ilə bağlı olduğu bildirilir. İddialarda mülki şəxslər, habelə mülki və ictimai mülkiyyət infrastrukturu üzərinə heç bir fərq qoymadan hücumlar, hərbçilərə və mülkiilərə qarşı pis rəftar, habelə onlara fiziki xəsarətin yetirilməsi, əsir götürülməsi və əsirlərinin saxlanmasının davam etdirilməsi və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərdən yerli əhalinin zorla çıxarılmasından bəhs edilir.
Azərbaycan iddia edir ki, Ermənistan 1992-ci ildən bəri yüzminlərlə azərbaycanlının evlərindən qovulması, Azərbaycan vətəndaşlarına qarşı qəddar rəftar və onların itkin salınması, habelə dini-mədəni mülkiyyətin dağıdılması ilə Konvensiyanın bir sıra bəndlərini kobud şəkildə pozub.
Dövlətlərarası şikayətlər Ermənistan tərəfindən 27 sentyabr 2020-ci il, Azərbaycan tərəfindən isə 27 oktyabr 2020-ci il tarixlərində verilib.
AİHM ərizələr təqdim edilən zaman münaqişənin qaynar xarakteri diqqətə alınaraq, müvəqqəti tədbir barədə qərar qəbul edilib. Müvəqqəti tədbir qərarında hər iki dövlətin mülki əhalinin hüquqlarını pozan tədbirlərdən, xüsusilə də hərbi hərəkətlərdən çəkinməsi tövsiyyə edilib.
AİHM bu ilin mar ayında hər iki şikayətçi dövlətə məsələnin Böyük Palatanın yurisdiksiyasına verilməsini təklif edib. Dövlətlər buna etiraz etməyiblər. May ayının 11-də iki dövlətin qarşılıqlı şikayətlərinin Böyük Palatanın icraatına verilməsinə qərar verilib.