Azərbaycan – Avropa Məhkəməsi, 2018-ci ilin ümumi göstəriciləri

Analiz

Avropa İnsan Haqları Məhkəməsi illik hesbatını (2018) açıqlayıb. Sənədə görə, Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayında azalma var.

2018-ci ildə Azərbaycandan hər 10 min nəfərdən AİHM-ə 0,32 şikayət göndərilib. 2017-ci ildə hər 10 min nəfərə 0,69, 2016-cı ildə 0,34, 2015-ci ildə isə 0,28 şikayət düşürdü. (Müqayisə üçün: Ermənistandan hər 10 min nəfərdən AİHM-ə 0,56, Gürcüstandan isə 0,27 şikayət göndərilib. Bu parametr üzrə rekordçu Montenegro və Serbiyadır – hər 10 min nəfərdən 5 və 3 şikayət).

Azərbaycan – Avropa Məhkəməsi 6-cısı

Avropa Məhkəməsinə ən çox şikayət edilən ölkələrin sıralamasında Azərbaycan 6-cıdır. Azərbaycandan göndərilmiş 2050 şikayət hazırda baxılmasını gözləyir.

Bu parametr üzrə birinci Rusiyadır – 11 min 745 şikayət. İkinci pillədə 8500 şikayətlə Rumıniya gəlir. 3-cü İtaliya (4051), 4-cü Ukraynadır (7267). Türkiyə Cumhuriyyəti 5-cidir, 7107 şikayət.

Ermənistandan 1901, Gürcüstandan isə 1873 şikayət baxılmasını gözləyir.

Bu kriteriya üzrə sonuncu Lixtenşteyndir, cəmi 1 şikayət.

Sənədə görə, Azərbaycan seçki və birləşmək hüququ pozuntuları üzrə Avropa Şurası məkanında liderdir.

Avropa Məhkəməsi 1959-2018-ci il aralığında ümumilikdə 21 mindən çox qərar verib. Həmin qərarlardan 157-si Azərbaycanla bağlı çıxarılıb. 157 qərardan 151-də müxtəlif hüquqların pozuntusu tanınıb.

Qərarlara görə, Azərbaycanda ən çox pozulan hüquqlar hansılardır?

İlk sırada Ədalətli məhkəmə araşdırması hüququ gəlir – AİHM 61 qərar bu hüququn pozuntusunu tanıyıb. Sonrakı sırada Azadlıq və toxunulmazlıq hüququdur – 54 qərarda bu hüququn pozuntusu tanınıb. 32 işdə isə Mülkiyyət hüququnun pozulduğu qərarına gəlinib.
Birləşmək, toplaşmaq azadlığının pozuntusu 30, Seçki hüququnun pozuntusu isə 23 işdə tanınıb.

Aşağıdakı hüquqları Azərbaycandan çox pozan ölkə yoxdur

Seçki hüququ pozuntularına (cəmi 157 qərardan 23-də) görə, Azərbaycan birmənalı olaraq Avropa lideridir. Bizdən sonra İtaliya və Türkiyə gəlir. İtaliya əleyhinə çıxarılmış 2396 qərardan 17-də, Türkiyə əleyhinə çıxarlmış 3532 qərardan 11-də seçki hüququnun pozuntusu tanınıb.

Birləşmək, toplaşmaq hüququ ilə bağlı (157 qərardan 30-da) qərar sayı-faiz nisbəti ilə götürdükdə də Azərbaycanın göstəriciləri yuxarıdır. Türkiyə əleyhinə verilən 3532 qərardan 95-də, Rusiya əleyhinə verilən 2501 qərardan 35-də birləşmək hüququnun pozuntusu tanınıb.