Azərbaycan AİHM-də “Lapşin qərarı”na yenidən baxılmasını istəyir

Azərbaycan hökuməti Avropa Məhkəməsinin Aleksandr Lapşin Azərbaycana qarşı qərarından məhkəmənin Böyük Palatasına şikayət edib. Hökumət qərara Böyük Palatada yenidən baxılmasını istəyir.
Hökumətin qərara yenidən baxılması tələbi ilkin olaraq, Böyük Palatanın 5 hakimdən ibarət kollegiyasında incələnəcək. Həmin kollegiya Azərbaycan hökumətinin tələbinin Böyük Palataya çıxarılıb-çıxarılmayacağına qərar verəcək.

Toplantı gələn həftə, oktyabrın 11-də keçiriləcək. Həmin tarixdə ümumilikdə Böyük Palataya ünvanlanan 8 tələb üzrə qərar verilməlidir.

AİHM-in qərarlarından məhkəmənin Yuxarı Palatasına şikayət verilə bilər. Avropa Konvensiyasının 43-cü maddəsinə uyğun olaraq, iş üzrə istənilən tərəf müstəsna hallarda, qərarın elan edilməsindən sonrakı üç ay ərzində, işin yenidən baxılması üçün Böyük Palataya göndərilməsi haqqında yazılı vəsatət təqdim edə bilər. Həmin vəsatətdə tərəf mütləq Konvensiyanın müddəalarının şərhinə və ya tətbiqinə toxunan mühüm məsələni, yaxud işə Böyük Palatada baxılmasına əsas verən ümumi xarakterli başqa mühüm məsələni göstərməlidir.

Belə vəsatətlərə AİHM-in 24-cü qaydasına uyğun olaraq təşkil edilmiş beş üzvdən ibarət kollegiya işin mövcud materialları əsasında baxır. Vəsatətin rədd edilməsini əsaslandırmaq tələb olunmur. Kollegiya vəsatəti qəbul etdikdə, Böyük Palata qərar çıxarmaqla işi yekunlaşdırır.

Lapşin Azərbaycana qarşı qərarı haqqında

AİHM Lapşinlə bağlı qərarı bu il mayın 20-də elan edib. Qərarda ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusu (həm substantiv, həm də prosedural) tanınıb. Ərizəçiyə mənəvi zərər əvəzi 30 min avro təzminat ödənilməlidir.

Lapşin işi ərizəçinin həbsxanadakı son günlərində baş vermiş olayla əlaqəlidir – ərizəçi iddia edirdi ki, ona həbsxana kamerasında (10 sentyabr 2017-ci il tarixdə) naməlum, maskalı şəxslər hücum ediblər, döyüblər, boğmaq istəyiblər. Hökumət isə bildirmişdi ki, ərizəçinin psixi çətinlikləri yaranıbmış, o, intihara təşəbbüs edib, tibbi problemləri də bundan yaranıb.

AİHM-in 2-ci maddənin substantiv pozuntusu qənaəti, əsasən, məhkəməyə təqdim edilən 3 ekspert rəyinin çək-çevirinə söykənir. Həmin rəylərdən birini Azərbaycan hökuməti təqdim edib. Digər iki ekspert rəyi (rus həkim və xorvat məhkəmə ekspertinin rəyi) ərizəçi tərəfindən təqdim olunub. Hökumətin təqdim etdiyi rəydə ifadə olunub ki, ərizəçinin tibbi problemləri, onun öz ailəsi ilə danışmasından sonra intihara cəhd etməsindən qaynaqlanıb. Ərizəçinin təqdim etdiyi rəylərdəsə göstərilib ki, ərizəçi boğulma təşəbbüsünə və şiddətli hücuma məruz qalıb. Hökumətin təqdim etdiyi dəlillərin mübahisə edilən olaya yetərli aydınlıq gətirmədiyini ifadə edən AİHM İsrailə ekstradisiya edilməsini gözləyən ərizəçinin ailəvi səbəblərdən dolayı intihara cəhd etməsinin inandrıcı olmadığını vurğulayıb. Belə qənaətə gəlib ki, intihara cəhd yox, hücum, boğmağa təşəbbüs olayı baş verib və bunun təcridxana rəhbərliyinin bilgisindən kənar yaşanması inandırıcı deyil.

2-ci maddənin prosedur pozuntusu ilə bağlı qiymətləndirməsində AİHM ərizəçinin mübahisələndirdiyi olayın təsirli araşdırılmadığını, qeyri-effektiv olduğunu ifadə edir. Qeyd edir ki, araşdırma zamanı heç bir tibbi müayinə aparılmayıb. Məhz belə olaylarda çox önəmli alət olan video-kamera görüntüləri incələnməyib.