Azər MƏMMƏDOV Azərbaycana qarşı – 8 yanvar 2018-ci il

Kommunikasiya 8 yanvar 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 59117/09
Azər MƏMMƏDOV Azərbaycana qarşı
Ərizə 27 oktyabr 2009-cu il tarixdə qəbul edilmişdir

FAKTLARIN TƏSVİRİ

Ərizəçi cənab Azər Məmmədov 1962-ci ildə anadan olub, azərbaycanlıdır, Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən hüquqşunas A.Məmmədova təmsil edir.

İŞİN HALLARI

Işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

28 sentyabr 1990-cı il tarixdə Bakı Şəhər Xalq Deputatları Soveti Ramana kəndinin bəzi ərazilərində fərdi evlərin inşasına icazə verən bir qərar qəbul edib.

12 iyun 1992-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yuxarıda göstərilən qərar əsasında Ərizəçiyə ev tikmək məqsədi ilə Ramanada torpaq sahəsi ayrılması barədə qərar verib. 1992-ci ildə Ərizəçinin qardaşı sözügedən torpaq sahəsində bir ev inşa edib, həmin vaxtdan bəri ailəsi ilə birlikdə həmin inşa etdiyi evdə yaşayır.

16 iyul 1996-cı il tarixdə Azərbaycandfa “Torpaq islahatı haqqında” Qanun qəbul edilib. Həmin qanunun 9-cu maddəsi Ərizəçiyə sözügedən torpaq sahəsini özəlləşdirmək hüququ verib.

2007-ci ildə Ərizəçi torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan sənədi – kadastr planını almaq məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (“DTXK”) müraciət etdi. 12 aprel 2007-ci il tarixdə DTXK, torpaq sahəsinin neft quyusunun qorunması zonasında olduğunu bildirdi, buna görə, kadastr planını verməkdən imtina etdi.

Ərizəçi 2007-ci ildə DTXK-ya qarşı Sabunçu rayon Məhkəməsində iddia qaldırdı. Xahiş etdi ki, məhkəmə DTXK-nin üzərində kadast planını Ərizəçiyə vermək vəzifəsi qoyan qərar qəbul etsin. 15 fevral 2008-ci il tarixdə Sabunçu rayon Məhkəməsi Ərizəçinin iddiasını təmin etdi, müəyyən etdi ki, uzun müddətdən bəri göstərilən ərazilərdə neft istismarı fəaliyyəti həyata keçirilməyib və mühafizə olunan zona hesab edilə bilməz.

DTXK həmin qərardan apellyasiya şikayəti Verdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”) məhkəmə prosesinə üçüncü tərəf kimi qatıldı.

31 oktyabr 2008-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdi. Məhkəmə Ərizəçinin torpaq sahəsinin neft quyusunun mühafizə zonasında olduğunu müəyyəne tdi və onun torpaq sahəsinə iddialarını rədd etdi.

20 may 2009-cu il tarixdə Ali Məhkəmə həmin qərarı qüvvədə saxladı.

ŞİKAYƏT

Ərizəçi, ona məxsus torpaq sahəsinin özəlləşdirilməsi üçün DTXK-nin kadastr planını verməkdən imtina etməsinin qanunsuz və əsassız olmasından, Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinin pozulmasından şikayət edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi mənasında mülkiyyətdən dinc şəkildə istifadə etməsinə müdaxilə edilibmi? Əgər müdaxilə edilibsə, bu, qanunlarda nəzərdə tutulmuş şərtlərə uyğun olubmu?

2. Özəlliklə, DTXK-nin kadastr planını verməkdən imtinası qanunu idimi? İmtinanın aydın hüquqi əsası nələr idi?

3. 1986-cı ildə qəbul edilmiş Qaydalar Ərizəçiyə verilən torpaq sahəsinə münasibətdə tətbiq edilən idimi? Həmin Qaydalar neft quyusundan 25 metr məsafədə evin inşa edilməsini qadağan edirdimi?

4. 2004-cü ildə qəbul edilmiş Qaydalar Ərizəçiyə verilmiş torpaq sahəsi üçün tətbiq edilmişdimi? Torpaq sahəsinin özəlləşdirilməsi üçün ARDNŞ-nin icazəsini tələb edilirdimi?

5. Ərizəçiyə verilmiş torpaq sahəsi neft quyularının mühafizə zonasında yerləşirdimi? Əgər belədirsə, bu mühafizə zonası nə vaxt və hansı sənəd əsasında formalaşdırılmışdır? Sözügedən neft quyusu nə vaxtdan qeyri-işlək olub? 1992-ci ildən bəri həmin ərazidə neft istismarı işləri aparılıbmı? Sözügedən torpaq sahəsi ilə həmsərhəd olan digər torpaq sahələrindən hər hansı biri özəlləşdirilibmi?