Azərbaycandan göndərilən 3 şikayət qəbuledilməz elan olunub

Avropa Insan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 4-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə qərarını elan edib. Məhkəmə hər 3 şikayətiu qəbul edilməz elan edib.

Elmar Paşayev və başqaları Azərbaycana qarşı işi üzrə qərar – DETALLI

Elmar Paşayev və başqalarının şikayətində hərəkət azadlığı və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu iddia edilirdi. Paşayev və başqaları ailələri ilə birgə 2007-ci ildə istirahət üçün Quba rayonuna – dostlarının mənzilinə yerləşiblər. Elə həmin gün polis əməkdaşları mənzilə gəlib, onların sənədlərini yoxlayıb, onlarla qaba rəftar edib və müvəqqəti yaşayış qaydalarının pozulması əsası ilə dərhal rayonu tərk etmələrini tələb edib. Tələbə əməl olunub. Ərizəçilər bir müddət sonra hərəkət azadlığı və dini ayrı seçkiliyə məruz qalmamaq hüququnun pozuntusu iddiası ilə məhkəməyə müraciət ediblər. Tələb ediblər ki, polisin onların hər birinə 5 min manat təzminat ödəməsi barədə qərar qəbul etsin. Məhkəmə həmin iddialara mahiyyəti üzrə baxmayıb. Ərizəçilər AİHM qarşısında 4 saylı Protokolun 2-ci maddəsinin, Konvensiyanın 9.1-ci maddəsinin və 9+14-cü maddənin pozuntusunu mübahisələndirmişdilər.

Kamran Bəyəliyev Azərbaycana qarşı işi üzrə qərar – DETALLI

Kamran Bəyalıyev Azərbaycana qarşı işi ərizəçinin inzibati qaydada həbs edilməsi ilə bağlı idi. Ərizəçi 2013-cü ildə inzibati qaydada 10 günlüyə həsb edilmiş, apellyasiya onun cəzasını 5 günə endirmişdi. Ərizəçi birinci instansiya məhkəməsində istədiyi vəkilə çatımının təmin edilmədiyini, bununla, Avropa Konvensiyasının 6.1 və 6.3-cü maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilə olunduğunu iddia edirdi.

Bəylər Abbasov Azərbaycana qarşı işi üzrə qərar DETALLI

Bəylər Abbasov Azərbaycana qarşı işində ərizəçi müharibə veteranı idi. O, 2004-cü ildə əlaqəli qurumalara müharibə veteranı vəsiqəsi və müvafiq müavinətin təyin edilməsi üçün müraciət edibmiş. 2007-ci ildə ona vəsiqə təqdim edilib və müavinət ödənilməsinə başlanılıb. Ərizəçi hesab edir ki, o, zamanında müraciət edib, 2004-07-ci illər aralığında veteranlığa görə müavinəti əlaqəli qurumların hərəkətsizliyi səbəbilə ala bilməyib. B.Abbasov hesab edirdi ki, şikayətlərinə baxılarkən, yerli qurumlar onun ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilə ediblər.