Avropa Şurası AİHM qərarlarının icra durumunu müzakirə edir

Bu gün, sentyabrın 14-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1411-ci görüşü başlayıb. Görüşdə Avropa Məhkəməsinin qərarlarının icra durumu müzakirə edilir. 3 gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi 100-dən artıq qərarın icra vəziyyəti ilə bağlı qərarlarını açıqlayacaq. İcra durumu müzakirə ediləcək qərarlar Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Belçika, Bosniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Ukrayna, Türkiyə, İrlandiya ilə bağlıdır.

AŞ NK Azərbaycanla bağlı Məmmədli və Namazov qrupuna daxil olan 10 qərarın, habelə, Sarqsyan Azərbaycana qarşı qərarının icra durumunu incələyəcək.

Namazov işi qrupu çərçivəsində AİHM-in Azərbaycanla bağlı 3 qərarının (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) icrasına nəzarət edilir. Hər 3 qərar vəkilləri Azərbaycan Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərdə vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 7 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və Başqaları, İ.Əliyev, N.Cəfərli, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Sarqsyan Azərbaycana qarşı qərarı mülkiyyət hüququ mübahisəsi ilə əlaqəlidir.

AŞ NK həmçinin Çıraqov və başqaları Ermənistana qarşı qərarının icra durumunu da incələyəcək. Bu qərar 1992-ci ildə Laçın rayonundan didərgin düşən 6 Azərbaycanlı ailəsnin şikayəti üzrə çıxarılıb. AİHM bu qərarında mülkiyyət hüququnun pzountusunu tanıyıb, Ermənistanın qərarın icrasını yubadır.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

AŞ NK-nın son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-ə yaxın qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 43-nün icrasına nəzarət qapadılıb. 248-dən artıq qərarın icrasına nəzarət davam etdirilir. İcrası yubanan belə qərarların 202-si “təkrarlanan”, 46-sı isə “aparıcı” qərarlardır.