Avropa Şurası AİHM-in Azərbaycanla bağlı 7 qərarının icra durumunu müzakirə edir

Bu gün, martin 8-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1428-ci görüşü başlayıb. Görüşdə Avropa Məhkəməsinin qərarlarının icra durumu müzakirə edilir. 3 gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.

İcra durumu müzakirə ediləcək qərarlar Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Malta, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

Toplantıda Azərbaycanla bağlı Məmmədli Qrupuna daxil olan qərarların, eləcə də Sarqsyan Azərbaycana qarşı qərarının icra durumu müzakirə ediləcək.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Əzizov və Novruzlu, İ.Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Sarqsyan Azərbaycana qarşı qərarı isə 1992-ci ildəki Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşən şəxslərin evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü ilə əlaqəlidir.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.