Avropa Məhkəməsi saytların blok edilməsindən şikayətləri araşdırır

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən beş şikayəti araşdırmağa başlayıb. Araşdılan işlərdən 4-ü ölkə ərazisində blok edilmiş media saytlarının şikayətləridir.

AzadlıqRadiosu və başqa 3 ərizəçi Azərbaycana qarşı

Bu işlər AzadlıqRadiosunun (azadliq.org), anaxeber.az, 24saat.org və xural.com saytlarının Rabitə Nazirliyinin müraciəti üzrə, məhkəmə qərarları ilə məhdudlaşdırılması ilə bağlıdır. Həmin məhkəmə qərarları milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai asayişin və iğtişaşların və cinayətlərin qarşısının alınması maraqları ilə əsaslandırılıb.

Ərizəçilər şikayətlərində Konvensiyanın 10 və 18-ci, eləcə də digər maddələrinin pozulduğunu iddia edirlər.

Məmməd İbrahim Azərbaycana qarşı

Bu iş ərizəçinin xuliqanlığa görə həbs edilməsinin qanunsuzluğu ilə bağlıdır. Ərizəçi iddia edir ki, onun cinayət törətməsinə əsaslı şübhələr mövcud olmayıb və azadlıqdan məhrum edilməsi qanunsuz olub. Belə ki, hakim qarşısına çıxarılmazdan əvvəl qırx səkkiz saatdan artıq həbsdə tutulub. Eyni zamanda, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı ilkin məhkəmə qərarı daxili qanunvericiliyin tələblərinə zidd idi, çünki, həbs qətimkan tədbiri yalnız iki ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu cinayətdə ittiham olunan şəxslər barəsində seçilə bilər.