Avropa Məhkəməsi 35 ərizəçinin iddialarını əsaslı saydı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 7-də Azərbaycanla bağlı iki qərarını elan edib. Qərarlar 35 ərizəçinin ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, köləliyin, məcburi əməyin yolverilməzliyi, və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır.

Ülvi Həsənov və Məcid Məcidli Azərbaycana qarşı

Bu işdə ərizəçilər müxalifət yönlü gənc fəallar idi. 2013-cü ilin iyul ayında Bakıdakı İçərişəhər metro stansiyasında vərəqələr yayarkən, polislər tərəfindən saxlanılan hər iki ərizəçi polisə aparılmış, bir gecə orda saxlanılmışdı. Barələrində “inzibati xəta haqqında protokol” tərtib edilən ərizəçilər hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırlmış, onlara 15 sutka həbs cəzası verilmişdi. Bu işdə AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilə olunduğunu iddia edilirdi.

AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib, onların ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.

Ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5850 avro təzminat ödəyəcək.

Seudin Zoletic və başqa 32 nəfər Azərbaycana qarşı

Bu işdə ərizəçilər- 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edirdilər. Onlar AİHM-ə şikayətlərində bildirmişdilər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar. Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçirdi, ərizəçilərin bəziləri həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdıqlarını bildirmişdilər.

33 ərizəçi iddia edirdi ki, onları işə götürərkən, hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara cəmi 3-4 dollar ödənilib. Yaşayış durumları dözülməz olub, pasportları əllərindən alınmış bosniyalılar acınacaqlı şəritdə saxlanılıb, hamam, tualeti olmayan, yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər. Ərizəçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı məhkəməyə çıxara bilmişdilər. Hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilmiş, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndərilmişdilər.

Ərizəçilər Avropa Məhkəməsində iddia edirdilər ki, onlara münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusuna yol verilib.

AİHM onların iddialarını qismən qəbul etdi, hesab etdi ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib. Hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 5 min (ümumi – 165 min) avro ödəməlidir.