Avropa Insan Haqları Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 Saylı Protokol, bu gün, 1 avqust 2021-ci il tarixdən etibarən qüvvəyə minib.
Bu Protokol, Konvensiyanın Preambulasının subsidiarlıq (köməkçi) prinsipi və mülahizə sərbəstliyi doktirinası ilə əlaqəli müddəalarına dəyişiklikləri nəzərdə tutur. Bundan əlavə, ölkədaxili yekun məhkəmə qərarı qəbul edildikdən sonra Avropa Məhkəməsinə ərizə vermək üçün nəzərdə tutulan altı aylıq müddət dörd aya endirilir. Bu qayda 1 fevral 2022-ci il tarixdən qüvvəyə minəcək.
15 Saylı Protokol həmçinin, Avropa Konvensiyasına aşağıdakı dəyişikliklərin edilməsini nəzərdə tutur:
– “əhəmiyyətli zərərin olmaması” qəbuledilənlik meyarı ilə bağlı, ikinci şərt, yəni ölkədaxili məhkəmə tərəfindən lazımi qaydada baxılmamış bir işin rədd edilməməsi şərti (35.3b) – dəyişdirilib və bu müddəa silinib;
– bundan sonra Tərəflər Məhkəmənin hansısa palatasının işdən Böyük Palatanın xeyrinə imtina etməsinə etiraz edə bilməyəcəklər;
– məhkəmə hakimliyinə namizədlərin yaşı, üç namizədin siyahısının Parlament Assambleyası tərəfindən tələb edildiyi tarixdə, 65 yaşdan aşağı olmalıdır;
15 Saylı Protokol 2013-cü ildə qəbul edilib. Avropa Şurasının bütün üzv dövlətləri protokolu ratifikasiya ediblər.