Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 20-də Azərbaycanla bağlı yeni qərarını elan edib, məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.
Fariz Namazlı Azərbaycana qarşı (№ 8826/20)
Bu işdə ərizəçi Fariz Mübariz oğlu Namazlı Azərbaycan vətəndaşıdır, 1982-ci ildə anadan olub və Sumqayıt (Azərbaycan) şəhərində yaşayır. Hüquqşunas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan ərizəçi, həbsxana rəhbərliyinin onun şəxsi həyata və özəl yazışmalara hörmət hüququna müdaxilə etməsindən şikayətçi olub.
2018-ci ilin avqust ayında ərizəçi Avropa Məhkəməsindəki işini müzakirə etmək üçün müvəkkili Ə.H.-nin həbsdə olduğu Qobustan həbsxanasına gedib. Ərizəçi iddia edir ki, müvəkkili ilə görüşə icazə verilməzdən əvvəl onun üzərində axtarış aparılıb, sənədləri yoxlanılıb. Həbsxananı tərk edəndə ərizəçinin üzərində yenidən axtarış aparılıb. İddiasına görə, müvəkkilinin ona verdiyi yazılı izahat mühafizəçilər tərəfindən götürülüb və ona qaytarılmayıb.
Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələrinə əsaslanaraq, üzərində axtarış aparılmasının, xüsusilə, sənədlərinin yoxlanılmasının, götürülməsinin qanunsuzluğundan və milli məhkəmələrin onun şikayətlərini mahiyyəti üzrə araşdırmamasından şikayət etmişdi.
Avropa Məhkəməsi bu iş üzrə qərarında qeyd edib ki, ərizəçinin mübahisələndirdiyi şikayətlər müntəzəm təhlükəsizlik yoxlaması ilə bağlı yox, vəkilin sənədlərinin hər hansı bir qanun pozuntusuna şübhə olmadığı halda yoxlanılması ilə əlaqəli olub. Qobustan həbsxanası rəhbərinin məktunundan da görünür ki, ərizəçi 10 avqust 2018-ci il tarixdə müştərisi ilə görüşmək üçün Qobustan həbsxanasına gedəndə həm girişdə, həm də çıxışda yoxlanışdan keçirilib. Ancaq yoxlamanın aparılması üşün əsaslar – ərizəçinin qanunsuz hərəkətlərinə dair hər hansı maddi sübut, hər hansı şübhə mövcud olmayıb.
“Məhkəmə hesab edir ki, həbsxanada müvəkkili ilə görüşündən əvvəl və sonra ərizəçinin sənədlərinin yoxlanılması, daxili qanunvericilikdəki təsnifatından asılı olmayaraq, Konvensiyanın 8-ci maddəsinin işığında ərizəçinin “şəxsi həyatına” və “yazışmalarına” müdaxilə təşkil edib”, AİHM qərarında qeyd edir.
Müdaxilənin qanuni olub-olmamasına gəlincə, məhkəmə vurğulayır ki, “qanuna uyğunluq” ifadəsi mübahisələndirilən tədbirin daxili qanunvericilikdə müəyyən əsaslara malik olmasını və qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. “Qanunvericiliyə uyğunluq” ifadəsi həm də sözügedən qanunun keyfiyyətini – aidiyyəti şəxslər üçün əlçatanlığı və təsirlərinin proqnozlaşdırıla bilən olmasını ehtiva edir.
“Hazırkı işin hallarına gəldikdə, Məhkəmə ilkin olaraq qeyd edir ki, daxili qanunvericilik həbsxananın giriş və çıxışında vəkilin sənədlərinin yoxlanılması ilə bağlı aydın müddəaları ehtiva etmir… Məhkəmə əlavə edir ki, Cəzaların İcrası Məcəlləsi … vəkilin öz peşə fəaliyyətini həyata keçirərkən əldə etdiyi məlumat və sənədlərlə bağlı məxfilik prinsipini açıq şəkildə qoruyur. Həm də daxili qanunvericilik vəkilin şəxsiyyət vəsiqəsini və peşə statusunu təsdiq edən sənədləri təqdim etməklə həbsxanaya daxil olmasına icazə verir, ancaq aydın şəkildə vəkilin sənədlərinin həbsxana işçiləri tərəfindən yoxlanılmasını nəzərdə tutmur”, qərarda ifadə edilib.
Qərarda vurğulanır ki, hazırkı işdə daxili məhkəmələr ərizəçinin sənədlərinin yoxlanılmasının qanuniliyi ilə bağlı şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina ediblər, bu, onu göstərir ki, daxili qanunvericiliyin qeyd olunan müddəaları ilə bağlı daxili presedent hüququ mövcud deyil.
“İstənilən halda, hətta, Cəzaların İcrası Məcəlləsinin müvafiq müddəalarının hökumətin iddia etdiyi kimi ərizəçinin yoxlamaya məruz qalmasının hüquqi təməlini təşkil etdiyini fərz etsək belə, Avropa Məhkəməsi belə bir ümumi müddəanın Konvensiyanın 8-ci maddəsinin işığında qanunun keyfiyyəti tələbinə cavab vermədiyi qənaətindədir. Bununla əlaqədar olaraq Məhkəmə, vəkillərlə müvəkkilləri arasındakı mübadilələrin Konvensiyanın 8-ci maddəsi çərçivəsində gücləndirilmiş qorumanın və bu kontekstdə hər hansı tədbirin tətbiqi üçün ciddi çərçivənin təmin edilməsi ehtiyacına diqqəti yönəldir. Mümkün sui-istifadə və ya özbaşınalığa qarşı təminatları müəyyən edən aydın və detallı qaydaların mövcud olması önəmlidir. Ancaq Cəzaların İcrası Məcəlləsinin cəzaçəkmə müəssisələrinə daxil olma qaydalarını tənzimləyən 75.5-ci maddəsi mümkün sui-istifadə və ya özbaşınalığa qarşı aydın və ətraflı hüquqi baza yaratmır və ya təminatı ortaya qoymur. Əksinə, bu müddəalar məhbusların vəkilləri ilə ailə üzvləri kimi digər ziyarətçilər arasında heç bir fərq qoymur və ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin xüsusi statusunu nəzərə almır”, Məhkəmə vurğulayıb.
AİHM qeyd edilən mülahizələrin işığında hesab edib ki, Namazlının məruz qaldığı müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin işığında “qanunvericiliyə uyğun” olmayıb və vəkilə münasibətdə 8-ci maddənin pozuntusu baş verib.
Qərara əsasən, hökumət ərizəçi vəkilə 4,539 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.