Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, noyabr ayının 21-də Azərbaycanla bağlı növbəti qərarını elan edib, ərizəçilərin iddia etdikləri pozuntunu tanıyıb.
AZADLIQ qəzeti və Ramin CƏBRAYILZADƏ Azərbaycana qarşı
Məhkəməyə 2014-cü ildə təqdim edilmiş bu ərizə ifadə azadlığı hüququnun pozuntusu iddiaları ilə bağlı idi.
Ərizəçilər müxalif yönlü qəzet və onun tanınmış journalist olan əməkdaşı idi. “Azadlıq” qəzetində Bakı şəhərindəki iri ticarət mərkəzlərinindən birinin rəhbəri barəsində ikinci ərizəçinin qələmə aldığı 2 məqalə yayılmışdı. Məqalələrdə ticarət mərkəzi rəhbərinin icarədarlarla müxtəlif qeyri-qanuni biznes münasibətlərindən bəhs edilirdi.
Məqalələrdə ifadə olunan məlumatların yalan, böhtan və onun reputasiyasına xələl gətirdiyini iddia edən ticarət mərkəzi rəhbəri, jurnalisti və qəzeti mülki qaydada məhkəməyə verib, təzminat tələb etmişdi. Birinci instansiya məhkəməsi həmin iddiaları təmin edərək, ərizəçi qəzetin üzərinə təkzib dərc etmək, 30.000 Azərbaycan manatı (AZN) təzminat ödəmək, ikinci ərizəçinin üzərinə isə 2.000 manat təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etmişdi. Yuxarı məhkəmələr ərizəçilərin şikayətlərini rədd edərək, həmin qərarı olduğu kimi qüvvədə saxlamışdı.
Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçilər, daxili məhkəmələrin qərarlarının onların ifadə azadlığı hüquqlarını pozduğunu iddia edirdilər.
İddianı qəbul edən məhkəmə, mübahisəli məqalələrin mövzusunun – ölkənin ən böyük ticarət mərkəzlərindən birində biznes müstəvisində pozuntulara yol verilməsi iddialarının ictimai maraq doğuran məsələlərə aid olduğunu vurğulayıb. “Yerli məhkəmələr məqalələrdə yer verilən ifadələrin faktiki ifadələr, yoxsa, qiymətləndirici mülahizələr olub-olmadığını incələməyiblər, sadəcə, iddiaçının məqalələrin onun reputasiyasına xələl gətirdiyinə dair iddialarını olduğu kimi qəbul etməklə kifayətləniblər. …Məhkəmə hesab edir ki, ərizəçilərin arqumentinin əksinə olaraq, mübahisələndirilən ifadələr, qiymətləndirici mülahizələr yox, faktlarla bağlı ifadələr olub. Bununla belə, Məhkəmə müşahidə edir ki, bu ifadələr faktiki xarakter daşısa da, ərizəçilərdən qaynaqlanmayıb”, deyən Məhkəmə, mübahisəli məqalələrdəki ifadələrin faktlarla da dəstəkləndiyini ifadə edib.
“Məhkəmə ayrılıqda, məsuliyyətli jurnalistika konsepsiyasının jurnalistlərdən ictimaiyyətə ötürdükləri bilgilərin doğruluğunu və etibarlılığını ağlabatan dərəcədə yoxlamalı olmalarını və öz peşə fəaliyyətlərini həyata keçirərkən qanunlara riayət etməli olmalarını qeyd edir. Bu baxımdan, Məhkəmə müşahidə edir ki, məhkəmə prosesləri zamanı ikinci ərizəçi (R.Cəbrayılzadə) məqalədəki iddiaların doğruluğunu yoxlamaq … üçün ticarət mərkəzinin rəhbəri ilə əlaqə saxlamağa cəhdlər edib, lakin bu cəhdlərin hamısı nəticəsiz olub. Məhkəmə həmçinin, ərizəçilərin sözügedən ticarət mərkəzindəki obyekt sahiblərinin 2011-2013-cü illər arasında artan xərclərə qarşı etiraz aksiyası keçirmələri barədə dəlilləri diqqətə alır. Hansı ki, 31 mart və 1 aprel 2012-ci il və 19 yanvar 2013-cü il tarixlərində keçirilən etiraz aksiyaları yerli mediada geniş işıqlandırılıb və həmin etirazların videoları internet üzərindən yayılıb”, məhkəmə qərarında vurğulayıb.
AİHM həmçinin, hesab edib ki, yerli məhkəmələrin ərizəçilərin üzərinə ümumilikdə 32 min AZN təzminat ödəmək vəzifəsi qoyan qərarları əsaslandırılmayıb. “Ancaq məhkəmə, Hökumətin ərizəçilərin yerli məhkəmələrdə verilən cəzaların mütənasibliyi sualını qaldırmadığı ilə bağlı iddiasını nəzərə alır. Bununla belə, Məhkəmə, cəzanın mütənasibliyini incələməyə ehtiyac görümür. Çünki, artıq müəyyən etmiş olduğu xüsusatlar, Məhkəmənin yerli məhkəmələrin ərizəçilərin hüquqlarına müdaxiləni haqlı çıxarmaq üçün uyğun və yetərli dəlillər təqdim etməməsi nəticəsinə gəlməsi üçün yetərlidir. Beləliklə, məhkəmə, mübahisələndirilən müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olmadığını, Konvensiyanın 10-cu maddəsinin pozulduğunu müəyyən edir”.
Qərara əsasən, hökumət ikinci ərizəçiyə – Ramin Cəbrayılzadəyə mənəvi zərər əvəzi 2 min avro ödəməlidir. Həmçinin, hüquqi xərclərə görə ərizəçilərin təmsilçisi Rəşid Hacılının hesabına 1500 avro ödənilməlidir.