Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı azı 60 qərar və qərardad qəbul edib. Həmin qərar və qərardadlar ümumilikdə 180-dən artıq ərizə əsasında çıxarılıb.
Media Hüququ Qrupu-nin “AİHM – Azərbaycan, 2023: Yarımillik analiz”inə görə, yarım ilin göstəriciləri ümumilikdə 2022-ci ilin rəqəmlərindən xeyli çoxdur. Belə ki, AİHM 2022-ci il ərzində Azərbaycanla bağlı 170-dən artıq ərizə əsasında 55-dən artıq qərar və qərardad qəbul etmişdi.
Məhkəmə yarım il ərzində Azərbaycanla bağlı mahiyyəti üzrə 25 qərar elan edib. Həmin qərarların 24-də iddia olunan pozuntuların azı 1-i tanınıb. Yalnız bir işdə pozuntu müəyyən edilməyib. AİHM 2022-ci il ərzində Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 23 qərar qəbul etmiş, 22 qərarında azı bir hüquq pozuntusu tapmışdı.
AİHM 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı işlərdə ən çox mülkiyyət hüququnun pozuntusunu tapıb. Məhkəmə 21 ərizəçiyə münasibətdə 1 Saylı Protokolun 1-ci maddəsinin, 14 ərizəçiyə münasibətdə ədalətli məhkəmə araşdırması, 8 ərizəçiyə münasibətdə isə toplaşmaq azadlığı hüququn pozuntusunu tanıyıb. Bunlardan başqa, Azərbaycan hökuməti 8 ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü və 13-cü, 20 ərizəçiyə münasibətdə 5-ci, 36 ərizəçiyə münasibətdə isə 6-cı maddələrinin pozuntusunu etiraf edib. Müqayisə üçün, AİHM Azərbaycanla bağlı qərarlarında həm 2021-ci, həm də 2022-ci illərdə ən çox azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar vermişdi.
2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı 35 qərardad qəbul edib. 135-dən çox ərizəni əhatə edən həmin qərardadlar tərəflərin dostca anlaşmalarına, hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır. Həmin qərardadların 10-u qəbuledilməzlik və digər əsaslarla bağlıdır. AİHM 2022-ci ildə Azərbaycandan göndərilmiş 91 ərizə üzrə eyni əsaslarla 33 qərardad qəbul etmişdi.
AİHM 2023-cü ilin birinci yarısında Azərbaycanla bağlı 80-dən artıq ərizə üzrə qəbul etdiyi 19 qərardad tərəflərin dostca anlaşmalarına əsaslanır. 2022-ci ildə 69 ərizə əsasında çıxarlmış 22 belə qərardad tərəflərin dostca anlaşmalarına söykənirdi. Ötən 6 ayda AİHM Azərbaycandan göndərilmiş 40 ərizəni 6 qərardadla hökumətin təqdim etdiyi təktərəfli bəyannamə əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. 2022-ci ildə belə bəyannamələr əsasında 15 ərizə üzrə 5 qərardad çıxarılmışdı.
AİHM 2023-cü ilin birinci yarısında Azərbaycandan göndərilmiş 14 ərizəni qəbuledilməz sayan 8 qərardad elan edib. Məhkəmə 6 ayda Azərbaycandan göndərilmiş 32 ərizəni hökumətlə kommunikasiya etməyə başlayıb. Kommunikasiyasına başlanılan işlərdə ən çox ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu iddia edilir.
2023-cü ilin birinci yarısında AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Azərbaycanla bağlı 7 qərarın icrasına nəzarəti qapadıb. Həmin qərarlar 15 ərizəçiyə münasibətdə çıxarılmışdı. İcrasına nəzarət qapadılan işlərin 3-ü tərəflərin dostca anlaşmalarına əsasın çıxarılmış qərardardlar idi. 3 iş təkrarlanan, 1 iş isə aparıcı iş idi. Hazırkı duruma görə, indiyə qədər AİHM-in Azərbaycanla bağlı 407 qərarından 105-nin icrasına nəzarət qapadılıb. Bu göstərici AİHM-in Azərbaycanla bağlı çıxardığı bütün qərarların ümumilikdə 26 faizini təşkil edir. Azərbaycanla bağlı çıxarılmış qərarların 74 faizi icrasını gözləyir. Azərbaycan aparıcı qərarların 19 faizini (12 qərar) icra edib, 51 aparıcı qərar (81 faiz) isə icra edilməsini gözləyir. Hazırda AİHM-in Azərbaycanla bağlı ümumilikdə 302 qərarı icra edilməsini gözləyir, onların 251-i təkrarlanan işlərdir.
2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı qəbul etdiyi bütün qərar və qərardadlar üzrə ümumilikdə 551 min avrodan artıq ədalətli əvəz müəyyən edilib. Mahiyyəti üzrə çıxarlmış qərar ərizəçilərə 187 min avrodan artıq ədalətli əvəz ödənilməsini nəzərdə tutur. Bu göstərici dostca anlaşmalara əsaslanan qərardadlarda 251 min avrodan artıq, hökumətin təktərəfli bəyannamələri üzrə çıxarlan qərardadlarda isə 112 min avrodan artıq məbləğ təşkil edib.