Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 7-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib. Məhkəmə mərhum yazıçı Rafiq Tağının həyat yoldaşının şikayəti üzrə qərarında Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanıyıb.
Mailə Tağıyeva Azərbaycana qarşı (№ 72611/14)
Bu işdə ərizəçi mərhum tanınmış yazıçı və köşə yazarı Rafiq Tağının həyat yoldaşı Mailə Bulud qızı Tağıyeva idi. Onun şikayəti Rafiq Tağının 19 noyabr 2011-ci ildə bıçaqlanmasından sonra ölümünün effektiv araşdırılmaması ilə bağlıydı.
Rafiq Tağı xüsusilə İslam dini ilə bağlı tənqidi fikirləri ilə tanınırdı. Onun müəllifi olduğu “Şərq-Qərb araşdırmaları” adlı silsilə məqalələrin dərc olunmasından sonra 2006-cı ildə İranda barəsində dini ölüm fətvası verilmişdi.
R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkarların müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. Milli məhkəmələr ərizəçinin istintaqın dayandırlması ilə bağlı qərardan verdikləri bütün şikayətləri rədd etmişdilər. Ərizəçi Konvensiyanın 2, 10 və 13-cü maddələrinə əsaslanaraq, dövlətin onun həyat yoldaşının yaşamaq hüququnu qorumamasından, qətl edilməsi ilə bağlı cinayət araşdırmasının səmərəsiz olmasından və ərinin məhz nəşrlərinə görə hədəfə alınmasından şikayət etmişdi.
Avropa Məhkəməsi qərar verdi ki, Konvensiyanın 2-ci maddəsi (yaşamaq hüququ) prosessual baxımdan pozuntusu baş verib.
Məhkəmə qərarında R.Tağının ölümü ilə bağlı cinayət araşdırmasının effektivliyini incələyib.
“Məhkəmə bir sıra istintaq hərəkətlərinin uyğun və vaxtında həyata keçirildiyini müşahidə edir və iş materiallarından görünür ki, istintaq qurumları ərizəçinin ərinin öldürülməsinin arxasındakı müxtəlif mümkün motivləri, o cümlədən, bunun onun nəşrləri ilə əlaqəli ola biləcəyi ehtimalını incələyiblər. Bu durumda Məhkəmə, yerli qurumlar tərəfindən həyata keçirilmiş istintaqın ümumi yetərliliyini şübhə altına alacaq hər hansı əksiklik görmür”.
Bununla belə, Avropa Məhkəməsi zərərçəkmiş kimi tanınmış ərizəçinin haqlarının istintaq zamanı pozulduğunu ifadə edir.
“İstintaq zamanı ərizəçiyə zərəçəkmiş status verilməsinə rəğmən, istintaq qurumlarının onun işin sənədlərinə çatımını dəfələrlə əngəllədiyi görünür. Məhkəmə, istintaq orqanlarının bu duruma haqq qazandırmaq üçün daxili qanunvericiliyə istinad etməsini qəbul edə bilməz… Məhkəmə, bu məsələnin Azərbaycana qarşı əvvəlki məhkəmə işlərində də vurğulandığını müşahidə edir. Daxili qanunvericiliyin durumunun nəticəsi olaraq, ərizəçi davam edən cinayət istintaqı ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini dəfələrlə xahiş etsə də, onun tələbləri diqqətə alınmayıb və ya rədd edilib. Bu durum ərizəçini qanuni maraqlarını qorumaq imkanından məhrum edib və istintaqın ictimaiyyət tərəfindən yetərincə müzakirə edilməsini əngəlləyib. Məhkəmə, bu məsələdə vurğulayır ki, mərhumun ailə üzvlərinin və ya onların qanuni nümayəndələrinin istintaqda iştirakı və məlumatların onlara verilməsi, habelə, onlara digər sübutlar təqdim etmək imkanının yaradılması vacibdir… Yuxarıda vurğulanan mülahizələr Məhkəmənin, ərizəçinin ərinin ölümü ilə bağlı aparılan araşdırmanın, ölən şəxsin ailəsinin qatılımı kimi önəmli bir təminatdan məhrum olması səbəbindən səmərəsiz olması qənaətinə gəlməsi üçün yetərlidir… Beləliklə, ərizəçinin istintaqa qatılma çərçivəsi ilə əlaqədar olaraq, Konvensiyanın 2-ci maddəsi prosessual baxımdan pozulub…”
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, xərc və məsrəflərə görə 2 min avro ödəməlidir.