Avropa Məhkəməsi “Qanun”un şikayətini araşdırmağa başlayıb

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Qanun” Jurnalı və nəşriyyatının şikayətini araşdırmağa başlayıb. Məhkəmə hökumətə aydınlaşdırıcı suallar göndərib.

“Qanun” Jurnalı və nəşriyyatının şikayəti 2013-cü ildə vergi yoxlamalarına məruz qalmaları ilə bağlıdır. Hadisələr prezident seçkilərinin ardınca baş vermis, nəşriyyatın mühasibatlığındakı bütün əşyalar, sənədlər, möhürlər, kompüterlər, hətta işçilərin şəxsi əşyaları, qeyd dəftərçələri vergi işçiləri tərəfindən götürülmüşdü.

Yekunda Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasma görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etdi. Həmin qərarla Ərizəçiyə əlavə hesablanmış vergilər üzrə 31238.02 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görəsə 15675.50 manat vergi borcu hesablandı. Bakı şəhəri Vergilər Departamenti isə Ərizəçinin banklardakı hesablarına sərəncam qoydu, hesablara daxil olan vəsaitlər donduruldu.

Həmin qərardan verilmiş şikayətləri yerli məhkəmələr təmin etmədi. Nəşriyyat Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməli oldu.

Avropa İnsan Haqları Məhkəməsi həmin şikayəti araşdırmağa başlayıb. Məhkəmə hökumətə ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlı aydınlaşdırıcı suallar göndərib.