Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 4-də Azərbaycanla bağlı 2 yeni qərarını elan edib.
Şahbaz Rüstəmxanlı Azərbaycana qarşı (№ 24460/16)
Bu işdə ərizəçi 1992-ci ildə Azərbaycanda yaradılmış, tanınmış nəşriyyat olan “Qanun Jurnalı Redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, direktoru və sahibidir. Məhkəmə işi vergi orqanı tərəfindən əvvəlcədən elan edilməmiş səyyar vergi yoxlamasının keçirilməsi və “Qanun” jurnalı redaksiyasının bank hesablarının dondurulması ilə bağlı idi.
Konvensiyanın 8-ci maddəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, şirkətin binalarında aparılan axtarış və götürmənin onun Konvensiya ilə qorunan hüquqlarını pozmasından şikayət edirdi. Ərizəçi həmçinin, 6-cı maddəyə əsaslanaraq şikayət edirdi ki, ölkədaxili icraat ədalətli olmayıb, onun əsaslandırılmış qərar əldə etmək hüququ pozulub.
Avropa Məhkəməsi bu işdə şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə maddi və mənəvi zərər əvəzi 12 min, hüquqi xərclər əvəzi 1500 avro ödəməlidir.
Ərizəçini Avropa Məhkəməsində hüquqşunas Xalid Ağaliyev təmsil edib.
Azərbaycan Hüquqşunaslar Assosiasiyası Azərbaycana qarşı
Bu işdə ərizəçilər hüquqi maarifləndirmə və insan hüquqlarının təşviqi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı və həmin təşkilatın təsisçisi və sədri idi. Məhkəmə işi səyyar vergi yoxlamasından sonra ərizəçi təşkilata vergi sanksiyasının tətbiq edilməsi ilə bağlıydı.
Ərizəçi təşkilat Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq daxili məhkəmə icraatının ədalətsiz olmasından şikayət edib – iddia edib ki, daxili məhkəmələr onun təqdim etdiyi müvafiq sübutları tədqiq etməyib, öz qərarlarını əsaslandıra bilməyib. Ərizəçilər, həmçinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, onlara tətbiq edilmiş 4.597,28 Azərbaycan manatı (həmin vaxt təqribən 4.500 avro) məbləğində vergi sanksiyasının onların mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etdiyini iddia edib.
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçilərə ümumililkdə 4000 avro ədəməlidir.
Ərizəçini AİHM-də vəkil Xalid Bağırov təmsil edib.