Avropa Məhkəməsi qərarlarının icrası, 2023 – hansı ölkə, necə icra edir?

2023-cü ildə Avropa Şurasına (AŞ) üzv ölkələr Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 982 qərarını icra ediblər. AİHM qərarlarının icrasına nəzarət edən AŞ Nazirlər Komitəsi ötən bir il ərzində həmin sayda qərarların icrasına nəzarətin qapadılmasına qərar verib. İcrası başa çatmış hesab edilən qərarların 180-i aparıcı (leading) iş hesab edilir. Belə qərarların icra durumu AŞ NK-nın ildə 4 dəfə keçirilən İnsan Haqları toplantılarının hər birində incələnir.

Avropa Şurası Nazirlər Komitəsinin bu gün, aprelin 11-də açıqlanan son illik hesabatında AİHM qərarlarının icrasında irəliləyişlərin nəzərə çarpdığı ifadə edilir. AŞ sənədi “AİHM qərarlarının icra durumu haqda illik hesabat: əhəmiyyətli irəliləyişlər var, mühüm problemlər qalmaqdadır” sərləvhəsi ilə təqdim edib.

Sənədə görə, 2024-cü ilin əvvəlində Nazirlər Komitəsinin nəzarəti altında olan AİHM qərarlarının sayı 3819 olub. Həmin qərarların 1071-i aparıcı iş olub. Əvvəlki illərin uyğun göstəriciləri ilə müqayisədə icra edilməsini gözləyən aparıcı qərarların sayında ciddi dəyişiklik müşahidə edilmir.

Nazirlər Komitəsi AİHM qərarlarının cira prosesinə töhfələrin çərçivəsinin artdığını sənəddə ifadə edib. Sənədə görə, 2023-cü ildə həm üzv dövlətlər, həm də vətəndaş cəmiyyəti qurumları və təmsilçiləri icra prosesinə daha çox diqqtə yetiriblər. Üzv dövlətlər əvvəlki illərlə müqayisədə daha çox fəaliyyət planı və fəaliyyət hesabatları, vətəndaş cəmiyyəti təşkilatları və təmsilçiləri daha çox təqdimatlar təqdim ediblər.

Sənəddə AİHM-in Azərbaycanla bağlı qərarlarının icrası kontekstində uğurlu addımlar kimi qəbul etdiyi irəliləmələrə yer verib. Vurğulanır ki, Azərbaycan hökuməti Məmmədli Qrup işi çərçivəsində nəzarət edilən qərarların icrası üçün GRECO-nun tövsiyyələrini nəzərə alaraq, qanunvericiliyi dəyişdirib, Məhkəmə Hüquq Şurasının tərkibinə dəyişikliklər edib. Bundan başqa, ifadə azadlığı hüququnun pozuntusu təsbit edilən qərarların icrasına nəzarət edilən Mahmudov və Ağazadə qrupu işində İnzibati Xətalar Məcəlləsinə və digər qanunlara edilən dəyişikliklər tərəqqi kimi ifadəsini tapıb.

NK-nın hesabatına görə, 2023-cü il ərzində AİHM-in Azərbaycanla bağlı 84 qərarı nəzarət proseduruna daxil olub. Onlardan 2-si aparıcı, 82-si isə təkrarlanan iş-qərar olub. Həmin qərarların əksəriyyəti birləşmək azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının popzuntusu ilə bağlı olub. 2022-ci ildə 49, 2021-ci ildə isə 46 qərar NK-nın nəzarət proseduruna daxil edilmişdi.

2023-cü ildə nəzarət proseduruna 1043 yeni qərar daxil olub. Ən çox Ukrayna (125), İtaliya və Rumıniya (87), Türkiyə (78) ilə bağlı olub.

2023-cü ilin sonunda NK-nın nəzarətində olan, icra edilməsini gözləyən Azərbaycanla bağlı AİHM qərarlarının sayı 337 olub. Həmin qərarların 50-si aparıcı, 287-si isə təkararlanan işlər üzrə qərarlardır. 2022-ci ilin sonunda belə qərarların sayı 285, 2021-ci ilin sonunda isə 271 olub. Nəzarət altında olan qərarların 29-u aparıcı iş olub.

Azərbaycanla bağlı 129 təkrarlanan, 21 aparıcı qərarın icrasına AŞ NK tərəfindən genişləndirilmiş qaydada nəzarət edilir.

2023-cü ilin sonuna olan bilgilərə görə, Ukraynadan 766, Rumıniyadan 476, Türkiyədən 446, İtaliyadan 249 qərar icra edilməsini gözləyir. Qonşu ölkələrdən Gürcüstanla bağlı 78, Ermənistandan 70 qərarın icrası nəzarət altındadır. Beləliklə, icra edilməyən qərarlara görə, say baxımından Azərbaycan AŞ məkanına daxil olan ölkələr arasında 4-cü sıradadır.

Faiz göstəricilərə görə, sıralama fərqlidir.

İndiyə qədər AİHM-in Azərbaycanla bağlı 469 qərarı AŞ NK-nın nəzarət proseduruna daxil edilib. İndiyədək həmin qərarların 148-nin icrasına nəzarət qapadılıb. Yəni, ümumi qərarların 25 faizi qismən də olsa icra edilib. Qərarların yerdə qalan 75 faizi isə icra edilməsini gözləyir. Bu göstərici, AŞ məkanına daxil olan ölkələr arasında ən aşağı göstəricidir.

Qərarların icrası sıralamasında Azərbaycandan sonra Rusiya gəlir – AŞ üzvlüyündən xaric edilmiş bu ölkə AİHM-in indiyə qədər qəbul edilmiş qərarlarının 64 faizini icra edib.

Sıralamada növbəti ölkə Gürcüstandır – 43 faiz.

Malta və Albaniya AİHM qərarlarının 41, Ermənistan isə 40 faizini icra edib.

Azərbaycanla bağlı genişləndirilmiş nəzarət altında olan 14 qərar 5 ildən artıq, 6 qərar 2 ildən artıq, 1 qərtar isə 2 ildən artıqdır ki, icra edilməsini gözləyir.

Standart nəzarət altında olan Azərbaycanla 15 qərar 5 ildən artıq, 6 qərar 5 ilə qədər, 8 qərar 2 ildən artıqdır ki, icra olunmasını gözləyir.

Nazirlər Komitəsi 2023-cü ildə AİHM-in Azərbaycanla bağlı 32 qərarının icrasına nəzarəti qapatmağa qərar verib. 2022-ci ildə icrası başa çatan qərarların sayı 35 olmuşdu.

2023-cü ildə 63 qərar üzrə təzminatlar ödənilib. Həmin qərarların 34-də təzminatlar zamanında, 29-da isə zaman çərçivəsi aşıldıqdan sonra ödənilib. 134 qərarda nəzərdə tutulan təzminatların ödənilməsində isə problemlərin olduğu qeydə alınıb.