Avropa Məhkəməsi qərarlarının icrası, 2021 – hansı ölkə, necə icra edir?

Hazırda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ümumilikdə 5533 qərarı icrasını gözləyir. Avropa Şurası Nazirlər Komitəsinin nəzarəti altında olan qərarların 4233-ü təkrarlanan, 1300-ü isə aparıcı işlərlə bağlıdır. AŞ NK 1300 aparıcı qərardan 343-nün icrasına gücləndirilmiş rejimdə nəzarət edir.

Avropa Şurası Nazirlər Komitəsinin Avropa Məhkəməsinin qərarlarının icra durumu ilə bağlı 2021-ci il üzrə yeni açıqlanmış hesabatına görə, 2021-ci ildə ümumilikdə 1122 qərarın icrası başa çatdırılıb. Həmin qərarlardan cəmi 170-i aparıcı işlərlə bağlı olub. 2021-ci ildə icra mərhələsinə 216-sı aparıcı olmaqla, 1379 yeni qərar daxil olub.

Bu göstərici əvvəlki illərdəkindən çoxdur – 2019-cu ildə icra mərhələsinə 1160, 2020-ci ildə isə 983 qərar daxil olmuşdu. 216 aparıcı işin 20-i gücləndirilmiş, 136-sı standart nəarətə altındadır. 60 qərar isə təsnifləndirilməsini gözləyir.

2021, Azərbaycan

Azərbaycandan 2021-ci ildə cəmi 46 qərar icra mərhələsinə daxil olub. 2020-ci ildə bu göstərici 51 olmuşdu. İcra mərhələsinə daxil olan qərarların əksəriyyəti təkrarlanan işlərdir – 43 qərar. 2021-ci ildə cəmi 3 aparıcı qərar icra mərhələsinə daxil olub. 2020-ci ildə belə qərarların sayı 11 olmuşdu.

2021-ci ildə qonşu ölkələrdən – Ermənistandan 22, Gürcüstandan isə 12 qərar icra mərhələsinə daxil olub. 2021-ci ildə ən çox Rusiya (267) və Ukrayanaya (196) qarşı qərarlar icra mərhələsinə daxil olub.

Qərarları icrası, hansı ölkə necə icra edir?

İcra edilməmiş qərarların sayı üzrə Avropa Şurası üzvü olan əlkələrin sıralaması belədir:

1. Rusiya – 1942;
2. Ukrayna – 638;
3. Türkiyə – 510;
4. Rumıniya – 409;
5. Azərbaycan – 271;
6. Macarıstan – 265;
7. İtaliya – 170;
8. Moldova – 170;
9. Bolqarıstan – 164;
10. Polşa – 97…

Azərbaycanla bağlı icra edilməmiş qərarların 222-i təkrarlanan, 49-u isə aparıcı işlərdir.

Qonşu ölkələrdən Gürcüstan 63, Ermənistan isə AİHM-in 50 qərarını icra etməyib.

Yuxarıda qeyd edilənlər icra edilməmiş qərar sayına əsaslanan sıralamadır.

Ölkələr üzrə çıxarılmış ümumi qərarların icrası faizlə hesablandıqda Azərbaycan 1-cı sırada gəlir.

AŞ NK-nın məlumatlarında son 3 ildə Azərbaycanın icra üzrə göstəricilərində yaxşılaşma müşahidə olunur.

İcrası başa çatan qərarlar

2021-ci ildə ümumilikdə 1122 qərarın icrasına nəzarət apadılıb. İcrasına nəzarət qapadılan işlərin 170-i aparıcı, 952-si təkrarlanan işlər olub.

2021-ci ildə Azərbaycanla bağlı 12 qərarın icrasına nəzarət qapalı elan edilib. 2020-ci ildə icrası başa çatan işlərin sayı 6 olmuşdu.

2021-ci ildə qərarları ən çox Türkiyə (222 qərar), Rusiya (133) və Ukrayna (126) icra edib.

Ödənilmiş təzminatlar

AİHM qərarları üzrə 2021-ci ildə AŞ ölkələri 36 milyon avrodan artıq təzminat ödəyiblər.

Sənədə görə, Azərbaycanın ərizəçilərə ödədiyi təzminatın ümumi məbləği 890 min avro olub.

İl ərzində ən çox təzminatı Rusiya (11 milyon 917 min), İtaliya (3 milyon 190 min) və Moldova (2 milyon 558 min) ödəyib.

Ərizəçilərə qonşu ölkələrdən Gürcüstan 106 min, Ermənistan isə 298 min avro təzminat ödəyib.