Avropa Məhkəməsi: Obyektiv TRYŞ-yə lisensiya verilməməsi ifadə azadlığı hüququnu pozub

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 18-də Azərbaycanla bağlı 2 qərarını elan edib.

Obyektiv Televiziya və Radio Yayım Şirkəti və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər Azərbaycanda fəaliyyət göstərən Obyektiv Televiziya və Radio Yayım Şirkəti, eləcə də Bakı şəhərində yaşayan 1957, 1979 və 1984-cü il təvəllüdlü üç Azərbaycan vətəndaşı – Əliyev Mehman Yadulla oğlu, Emin Rafik oğlu Hüseynov və Rəsul Ağahəsən oğlu Cəfərovdur.

Ərizəçilərin hamısı radiostansiya lisenziyası üçün keçirilən tenderin iştirakçısı olublar. M. Əliyev və E. Hüseynov ərizəçi şirkətin təsisçiləri və işçiləri kimi, R. Cəfərov isə “Alternativ Radio”-nun təsisçisi qismində tenderə qatılıb. Tenderin nəticələrinə əsasən, “Azad Xəbərlər Radiosu” adlı radio stansiyasının yayımı üçün Golden Prince MMC adlı şirkət qalib olub.

Tenderin nəticələri ilə razılaşmayan ərizəçilər Avropa Konvensiyasının 10-cu maddəsinə əsaslanaaraq, onlara yayım lisenziyasının verilməsindən imtina olunmasının ifadə azadlığ\ı hüququnu pozduğunu iddia edirdilər.

Bu məhkəmə işinin kommunikasiyası zamanı 4-cü ərizəçi – R.Cəfərov və hökumət dostca anlaşma əldə ediblər. Anlaşmaya əsasən, ərizəçi ərizəsini geri götürməyi, hökumət isə ona maddi və mənəvi zərər əvəzi 2500 avro, hüquqi xərclərə görə 500 avro ödəməyi öhdəsinə götürüb. Digər ərizəçilər şikayətlərini davam etdiriblər.

AİHM bu işdə yerdə qalan ərizəçilərə münasinətdə ifadə azadlığı hüququnun pozulmasına qərar verib. Qərara əsasən, ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquqi xərclər əvəzi 2 min avro ödənilməlidir.

Ələsgər Ələsgərov və Başqaları Azərbaycana qarşı

Bu işin hallarına görə, 21 ərizəçiyə məxsus olan əmlaklar – evlər, mənzillər, torpaq, qeyri-yaşayış sahələri dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilmiş və tikililər sökülmüşdü. Özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün ərizəçilərin bəzilərinə müəyyən məbləğdə pul ödənilmiş və ya başqa əmlak verilmişdi. Hadisələr Abşeron rayonundakı Mehdabad qəsəbəsində baş vermişdi.

Ərizəçilər Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət, 6-cı və 13-cü maddələrlə qorunan ədalətli məhkəmə araşdırması, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər. Bəzi ərizəçilər fərdi şikayət hüququnun pozuntusuna məruz qaldıqlarını da iddia edirdilər, çünki, onların hüquqi təmsilçisi həbs edilmiş, həmin vaxt onun ofisində axtarış aparılmış, məhkəmə işinə aid sənədlər götürülmüşdü.

AİHM hələ 2022-ci ildə ərizəçilərə münasibətdə (Ələsgər Ələsgərov, Züleyxa Ələsgərova, Bəxtiyar Ələsgərov, Kəmalə Ələsgərova, Kamran Ələsgərov, Eldar Bayramov, Tağı Bayramov, Afət Bayramova, Sultan Qədirov, Züleyxa Qədirova, Arzu Qədirova, Əsəd Qədirov, Fəridə Qədirova, Hağı Nağıyev, Hidayət Nağıyev, Sona Nağıyeva, Lalə Nağıyeva, Aydın Ramazanov, Kifayət Cəfərova, Ceyran Ramazanova, Taleyə Ramazanova, Aynur Ramazanova) mülkiyyət hüquqlarının pozulmasına qərar vermişdi. Ərizəçiərə ədalətli təzminatların ödənilməsinə qərar verməyə hazır olmadığını ifadə edən AİHM Azərbaycan hökumətindən yazılı təqdimat istəmişdi. Bu gün elan edilən qərar ərizəçilərə təzminatın ödənilməsi ilə bağlıdır.

Qərara əsasən, hökumət Ə.Ələsgərov, B.Ələsgərov, K.Ələsgərova və K.Ələsgərovlara bilrikdə 3300, E.Bayramov, T.Bayramov və A.Bayramova birlikdə 3200, S.Qədirov, Z.Qədirova, A.Qədirova, Ə.Qədirov və F.Qədirova birlikdə 3300, N.Nağıyev, H.Nağıyev, S.Nağıyeva və L.Nağıyevaya birlikdə 3300, A.Ramazanov, K.Cəfərova, C.Ramazanova, T.Ramazanova və A.Ramazanovaya birlikdə 3300 mənəvi zərər və xərclər əvəzi ödəməlidir.

Məhkəmə həmçinin, qərar verib ki, cavabdeh dövlət ərizəçilərin mübahisələndirilən mülkiyyətdən – torpaq sahələrindən sərbəst istifadəsini məhdudlaşdıran bütün maneələri aradan qaldırmalıdır.