©aihmaz.org
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 10 azərbaycanlı ərizəçinin şikayətini araşdırmağa başlayıb. Ərizəçilərin hamısı Səid Nursi təriqətinin üzvləridir.
Ərizəçilər Sərvət Rzamov, Vasif Quliyev, Azad Qasımov, Fəxrəddin Xanlayev, Elmar Əliyev, Xaspolad Şıxməmmədov, Səxavət Seyfəlov, Natiq Əmrahov, Əkrəm Bədirxanov, Lütfəddin Gülaliyevdir. Onlar Quba, Bakı və Cəlilabad rayon sakinləridir.
Onlar iddia edirlər ki, tutulmaları və 12 saatdan artıq saxlanılmaları, dini toplantı qaydalarının pozulmasına görə cərimə cəzalarına məruz qalmaları qanunsuz olub, din azadlığı hüquqlarına müdaxilə olunub. Ərizəçilər həmçinin, müdafiələrini qurmaq üçün onlara gərəkli zaman verilməməsindən, istədikləri vəkilə çatım hüququnun pozulmasından, məhkəmə prosesinin qapalı olması və barələrindəki məhkəmə qərarlarının əsaslandırılmamasından şikayət edirlər.
AİHM hökumətə 5 aydınlaşdırıcı sual göndərib. Sullar Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 9-cu (din azadlığı hüququ) maddələri ilə bağlıdır.