Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 19-da 10 Ermənistan vətəndaşının Azərbaycana qarşı 3 şikayəti üzrə qərarını elan edib. AİHM iddia olunan pozuntuları qismən tanıyıb.
Narayan və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər 1959-1998-ci il təvəllüdlü və İrəvan və Stepanavan rayonlarında (Ermənistan) yaşayan on Ermənistan vətəndaşı idi. Ərizəçilər, 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət zamanı həlak olmuş Edqar Narayanın, Erik Abovyanın və Şavarş Melikyanın valideynləri, bacı-qardaşları idi. Onlar ərizələrində iddia edirlər ki, Azərbaycan əsgəri guya Ermənistan ərazisinə sərhədi keçməklə daxil olaraq, onların qohumlarını güllələyib.
Avropa İnsan Hüquqları Konvensiyasının 2, 13 və 14-cü maddələrinə əsaslanan ərizəçilər, hadisələrin baş verdiyi vaxt silahlı münaqişənin davam etmədiyi üçün qohumlarının öldürülməsinin qanunsuzluğundan, etnik və milli mənşələrinə görə ayrı-seçkiliyə məruz qalmalarından və hadisə ilə bağlı effektiv araşdırma aparılmamasından şikayət edirdilər.
AİHM ərizəçilərdən Narayan və Abovyanın şikayətlərini qəbuledilən, digər ərizəçi Melikyanın şikayətini isə qəbuledilməz sayıb.
Məhkəmə, Konvensiyanın 2-ci maddəsinin Narayan və Abovyanın ölümü və eləcə də hadisə ilə bağlı effektiv istintaqın aparılmaması aspektindən pozulmasına qərar verib. Digər pozuntu iddialarının araşdırlmasına lüzum görülməyib.
Qərara əsasən, 2 ərizəçinin hər birinə 16 min avro məbləğində mənəvi zərər əvəzi, 2 ərizəçinin hər birinə 2780 avro hüquqi xərclər əvəzi ödənilməlidir.
Ərizəçilər ümumilikdə 130 min avrodan artıq mənəvi zərər, 2780 avro hüquqi xərc əvəzi tələb etmişdilər.