Avropa Məhkəməsi iki işdə hökuməti cərimələyib

©aihmaz.org

Avropa İnsan Haqları Məhkəməsi bu gün, sentyabrın 9-da Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını elan edib. Həmin qərarlara görə, hökumət ərizəçilərə 3500 avro təzminat ödəyəcək.

Xavər Əlibəyova Azərbaycana qarşı

AİHM-ə 9 il əvvəl, 2012-ci ildə göndərilmiş bu işdə 1940-cı il təvəllüdlü ərizəçi, 2009-cu ildə evə gedərkən, yolda yıxılmış, sol ayağından ağır sınıq xəsarətləri almışdı. Bir müddət xəstəxanada, ardınca, evdə müəalicə alan ərizəçi xəsarət almasına baiskar bildiyi Bakı Şəhər İcra Hakimiyyətini və Nəqliyyat Nazirliyinin yol xidmətini məhkəməyə vermişdi. Səbail Məhkəməsi iddianı təmin edib, cavabdehlərin üzərinə ərizəçiyə maddi və mənəvi ziyana görə 50.000 AZN təzminat ödəmək vəzifəsi qoymuşdu. Qərar qüvvəyə minib, icraya göndəriləndən sonra BŞİH apellyasiya şikayəti vermişdi. Şikayətvermə müddəti bitsə, müddətin bərpası üçün hər hansı əsas mövcud olmasa da ərizəçinin xeyrinə verilmiş qərar ləğv edilmişdi. Bu işdə ərizəçinin təmsilçisi İntiqam Əliyev 2014-cü ildə həbs edilərkən, işin materialları hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb, geri verilməmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilə baş verib. Məhkəmə qarşısında həmçinin, Konvensiyanın 34-cü maddəsinə əməl edilib-edilmədiyi mübahisələndirilmişdi.

AİHM ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququna müdaxilə iddialarını ərizəçinin daxili müdafiə vasitələrini tükəndirməməsi (şikayətvermə müddətinin artırılmasının qanunsuzluğunun ayrıca mübahisələndirilməməsi) əsası ilə qəbuledilməz saydı. Konvensiyanın 34-cü maddəsinin pozuntusu ilə bağlı iddialara gəlincə, AİHM dövlətin bu maddə çərçivəsindəki öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəldi.

Qərara görə, hökumət bu işin xərc və məsrəflərinə görə, 500 avro təzminat ödəməlidir.

Əlisa Həsənov Azərbaycana qarşı

AİHM-ə 2012-ci ildə göndərilmiş bu şikayət ərizəçinin saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi Saatlı rayonunda qanunsuz olduğu bildirilən piketdə polislər tərəfindən tutulmuş, 7-8 saat polisdə saxlanılmışdı. Daha sonra rayon məhkəməsi onu qanunsuz aksiyada iıtiraka və polisin əmrinə tabe olmamağa görə inzibati tənbehlə cəzalandırmışdı. Ərizəçi hesab edirdi ki, 3 saatdan artıq polisdə saxlanılması ilə onun Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib. Ərizənin araşdırlması zamanı AİHM hökumətdən işə aid bütün sənədlərin surətlərini istəsə də hökumət bu istəyə əməl etməyib.

AİHM qeyd etdi ki, tərəflər ərizəçinin tutulması, polisə aparılması faktı ilə bağlı mübahisə etməyiblər. Ancaq ərizəçinin polisdə nə qədər saxlanılması ilə bağlı təqdimatlar fərqli olub. Ərizəçi 7-8 saat saxlanıldığını bildirib, hokumət bunu inkar edib, ancaq mövqeyini təsdiq edən hər hansı rəsmi sənəd təqdim etməyib.

“Açıq tələb edilməsinə baxmayaraq, hökumətin ərizəçinin azadlıqdan məhrum edilməsi müddətinin uzunluğunu müəyyən etmək üçün hər hansı sənəd təqdim etməməsi gerçəyini, AİHM gözardı edə bilməz. Hətta, ərizəçinin azadlıqdan məhrum edilməsinin daxili qanunvericiliklə icazə verilən üç saatlıq müddəti keçmədiyi ilə bağlı hökumətin təqdimatı nəzərə alınsa belə, görünən budur ki, azadlıqdan məhrumetmə heç bir şəkildə sənədləşdirilməmiş olub, qeydiyyatı aparılmamış həbs olayını təşkil edib və bu AİHM-in dəfələrlə vurğuladığı kimi, Konvensiyanın 5-ci maddəsinin ən önəmli təminatlarının tamamilə rədd edilməsidir. Tutulma tarixi, saatı və yeri, saxlanılan şəxsin adı, saxlanılma səbəbləri və saxlayan şəxsin adı kimi xüsusatların qeydlərinin olmaması, qanunilik tələbinə və Konvensiyanın 5-ci maddəsinin məqsədlərinə zidd olaraq qəbul edilməlidir”, AİHM öz qərarında qeyd edib.

Məhkəmə ərizəçiyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozulduğu qənaətinə gəlib. Hökumət ərizəçiyə 3 min avro təzminat ödəməlidir.