Avropa Məhkəməsi hökuməti 65 min avrodan artıq cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) avqust ayının 31-də Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 3 qərar və qərardadını elan edib.

Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı

Bu işdə ərizəçilər mülkiyyət hüququnun pozuntusunu mübahisələndirmişdilər. Ərizəçilərə məxsus əmlaklar – fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-16-cı illərdə Bakıda yolun abadlaşdırılması layihəsi çərçivəsində sökülmüşdü. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnu pozduğunu iddia edirdilər.

Avropa Məhkəməsi qərarında ərizəçilərin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddialarını əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğuna qərar verib.

Təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı AİHM-i məlumatlandırmalıdılar. AİHM bu hissə ilə bağlı yekun qərarını ondan sonra açıqlayacaq.

Sugra Quliyeva Azərbaycana qarşı

Quliyeva Azərbaycana qarşı işi ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlı idi. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa etmiş, həmin sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı. Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da buna əməl edilməmişdi. O, 178 min AZN məbləğində təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə vermiş, amma iddiası təmin olunmamışdı. Avropa Məhkəməsi bu işlə bağlı 2021-ci ildə qərarını açılayıb, hesab etmişdi ki, ərizəçiyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsi pozulub.

Bu işdə ərizəçi maddi ziyana görə 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb etmişdi. 2021-ci ildə təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM, hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə etmişdi.

AİHM bu gün ərizəçinin təzminat tələbləri ilə bağlı yekun qərarını açıqlayıb. Qərara görə, hökumət ərizəçiyə maddi zərər əvəzi 62,200 avro (altmış iki min iki yüz avro), mənəvi zərər əvəzi 3,000 avro (üç min avro) ödəməlidir.

Nəsimi Musayev Azərbaycana qarşı

Bu işdə 1993-cü ildə anadan olmuş, Lerik rayonunda yaşayan ərizəçi Nəsimi Musayev, 2011-ci ildə hərbi xidmətə çağırılmışdı. Lerik Hərbi Komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar vermişdi. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş etmiş, ancaq bileti ala bilməmişdi. Ərizəçi 2011-ci ildə ali məktəblərə qəbul imtahanında iştirak etmək istəmiş, ancaq abituriyent olaraq, hərbi biletini təqdim edə bilmədiyindən imtahana buraxılmamışdı. Bilet imtahan mövsümü başa çatandan sonra verilmişdi. Ərizəçi 2011-ci ilin dekabrında Lerik Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə qarşı hüquqlarının, xüsusən də təhsil hüququnu pozmaları əsası ilə iddia qaldırmış, 100.000 Azərbaycan manatı məbləğində mənəvi ziyan əvəzi tələb etmiş, yerli məhkəmələrsə onu rədd etmişdi. Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması (6-cı maddə) və təhsil hüququnun (Protokol 1, maddə 2) pozulduğunu iddia edirdi.

Kommunikasiya zamanı hökumət 6-cı maddənin pozuntusunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb. Bunu yetərli sayan AİHM ərizədə qaldırılan digər iddiaları qəbuledilməz sayıb.