Avropa Məhkəməsi bir qrup müxalifətçiyə təzminat ödənilməsinə qərar verib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvar ayının 23-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 2 qərardadını elan edib.

Valeh Əliyev və 6 başqa ərizəçi Azərbaycana qarşı

Bu məhkəmə işində ərizəçilər dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı iddia olunan qanunsuz məhdudiyyətlərlə bağlı idi. Konvensiyanın 11-ci maddəsinə əsaslanan ərizəçilər toplaşmaq hüququnun pozuntusunu mübahisələndirmişdi.

Ərizələrin kommunikasiyası zamanı ərizəçilərin dotca anlaşma təkliflərini rədd etməsindən sonra hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edib. Bəyannamədə ərizəçilərin iddia etdikləri pozuntular etiraf edilib. Ərizəçilərin hər birinə təzminat ödənilməsi, ərizələrin baxılacaq işlərin siyahısından çıxarılması təklif olunub.

Məhkəmənin qəbul etdiyi həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçilərin – V.Əliyev, Zakir Məmmədzadə, Zakir İsmayıl, Könül Əliyeva, Dadaş Əhmədli, Namiq Niftiyev və Qəzənfər Baxışovun hər birinə mənəvi zərər əvəzi 1350 avro ödəməlidir. Həmçinin, ərizəçilərin hər birinə hüquqi xərclər əvəzi 225 avro ödənilməlidir.

Ərizəçiləri AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edib.

Mehmet Gelen Azərbaycana qarşı

Bu işdə ərizəçi Türkiyə vətəndaşı Mehmet Gelen idi. Məhkəmə qarşısında vəkil A. Nəsirli tərəfindən təmsil olunan ərizəçi Bakıda həbs edilmiş, ardınca Azərbaycandan Türkiyəyə ekstradisiya edilmişdi.

Şikayətlə bağlı Azərbaycan Hökuməti məlumatlandırılmış, ərizəçi qeydlərini təqdim etməyə dəvət olunmuşdu. Ancaq ərizəçi Məkəmənin kommunikasiyalarına cavab verməyib. AİHM bu əsasla ərizənin baxılacaq işlətin siyahısından çıxarılmasına qərar verib.