Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 4-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 1 qərarını elan edib.
Əlif Əhmədov və başqaları Azərbaycana qarşı (no. 22619/14)
Ərizəçilər Əlif Əhmədov, Nazbikə Əhmədova, Ruslan Əhmədov və İbrahim Əhmədov müvafiq olaraq 1956, 1958, 1978 və 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır və 2016-cı ildə vəfat etmiş xanım Əhmədova istisna olmaqla Bakıda yaşayırlar.
Məhkəmə işi ərizəçilərin uzun illər yaşadıqları evdən planlaşdırılmış şəkildə çıxarılması və evin sökülməsi ilə bağlı idi. Evin tikildiyi əraziyə Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “Azneft” iddia etmiş, yerli məhkəmələr də “Azneft”in xeyrinə qərar çıxarmışdılar. Qərar ərizəçilərin evdən çıxarılmasını və ərizəçilərin hesabına sökülməsini nəzərdə tutub, ancaq ərizə təqdim edilənə qədər qərar icra edilməmişdi.
Ərizəçilər Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ) maddəsinə əsaslanaraq, öz evlərindən çıxarılmaları, evlərinin sökülməsi haqda qərarın qanunsuzluğundan şikayət edirdilər.
Avropa Məhkəməsi ərizəçilərin 8-ci maddə üzrə şikayətini qəbuledilən sayıb.
Məhkəmə qeyd edib ki, ərizəçilər barəsində çıxarılmış qərar, onların fərdi yaşayış durumlarının yetərli incələnməsi aparılmadan icra edilərsə, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermiş olacaq. Pozuntunun müəyyən edilməsini ərizəçilərə dəymiş mənəvi zərərə görə ədalətli əvəz sayan məhkəmənin qərarına görə, hökumət xərc və məsrəflərə görə 630 avro ödəməlidir.
Qərar 1-ə qarşı 6 səslə qəbul edilib. AİHM-in italiyalı hakimi qərara Raffaele Sabato pozuntunun və xərc və məsrəflərə görə təzminatın müəyyən edilməsi ilə bağlı qərara müxalif qalıb.
Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş ərizələr üzrə növbəti qərarlarını gələn həftə elan edəcək. Mayın 11-də Azərbaycanla bağlı 3 qərar və qərardad – Əsgərova Azərbaycana qarşı, Quliyev və başqaları Azərbaycana qarşı, Hacıyev və Zeynalov Azərbaycana qarşı işləri üzrə yekun qərarlar açıqlanacaq.