Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mart ayının 14-də Azərbaycandan göndərilmiş on ərizə ilə bağlı 6 qərardadını elan edib. Ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlı idi.
Eldəniz Quliyev Azərbaycana qarşı
Bu məhkəmə işi tanınmış ictimai fiqurlardan olan ərizəçinin yazılarına görə, cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır. Ərizəçi sonradan xəbər portallarında dərc edilmiş Facebook ststusuna görə, Daxili İşlər Naziri tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Ərizəçi paylaşdığı məzmunda daxili işlər nazirinə müraciət edib və şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı yol polisinin davranışını tənqid edib və bunu qanunsuz və qeyri-etik qiymətləndirmişdi.
Nəsimi Rayon Məhkəməsi ərizəçini böhtan və təhqirdə təqsirli hesab etmiş, onun 480 saat ictimai işlərə cəlb edilməsini və 1000 Azərbaycan manatı məbləğində təzminat ödəməsini nəzərdə tutan hökm çıxarmışdı. Ərizəçi AİHM-də ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirmişdi.
Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməni nəzərə alan məhkəmə, ərizənin siyahıdan çıxarılmasına qərar verib. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2700, hüquqi xərclər əvəzi 450 avro ədəməlidir.
Ərizəçini AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
Elnur Məhərrəmli Azərbaycana qarşı
Bu işdə ərizəçi jurnalist, onlayn media portalının rəhbəridir. Ərizəçi korrupsiya və rüşvətxorluqdan bəhs edilən məqalələrinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilmiş, onun cinayət məsuliyyətinə cəlb edilməsi istənilmişdi. Xətai Rayon Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilmiş, onun bir il altı ay müddətinə islah işlərinə məhkum edilməsinə və aylıq gəlirinin 15 faizinin dövlətin xeyrinə tutulmasına hökm vermişdi.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edirdi.
Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2000 avro mənəvi zərər, 700 avro hüquqi xərclər əvəzi ödəməlidir.
Ərizəçini AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
Nazim Məmmədov Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin böhtana görə, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Özəlləşdirilmiş dövlət şirkətinin direktoru ərizəçini YouTube-da yayılmış videoya və facebook-da yayılan statuslarına görə, xüsusi ittiham qaydasında məhkəməyə vermişdi, iddia edirdi ki, ərizəçi rüşvət alma, dövlət vəsaitlərini mənimsəmə və vergidən yayınma kimi ağır cinayətlərdə ittiham etməklə ona böhtan atıb.
Lənkəran Rayon Məhkəməsi ərizəçini böhtanda təqsirli bilib, onun bir il müddətinə azadlqıdan məhrum edilməsi haqda hökm çıxarıb. Yuxarı məhkəmə cəzanın müddətini 10 aya endirib.
Ərizəçi AİHM-də Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, daxili məhkəmələrin qərarlarının onun ifadə azadlığı hüququnu pozduğunu iddi edirdi.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia edilən pozuntuları etiraf edib, ərizəçinin məruz qaldığı zərəri kompensasiya etməyi təklif edib. AİHM hökumətin təktərəfli bəyannaməsini qəbul edib. Qərardada görə, ərizəçiyə ümumilikdə 2700 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək.
Ərizəçini məhkəmədə hüquqşunas Xalid Bağırov təmsil edib.
Nazim Həsənov Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçi barəsində inzibati xəta haqqında icraatın ədalətlsi olması iddiaları ilə bağlı idi. Ərizəçi inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün hər hansı əsasın mövcud olmadığını, məhkəmə qərarlarının əsaslandırılmadığını, özünün seçdiyi vəkilə çatımına imkan verilmədiyini iddia edirdi. AİHM bu işdə Konvensiyanın 6-cı maddəsinin pozulmasına qərar verib.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər, xərc və məsrəflər əvəzi ümumilikdə 1250 avro ödəməlidir.
Ərizəçini AİHM-də hüquqşunas Yalçın İmanov təmsil edib.
Etibar Məmmədov Azərbaycana qarşı
Ərizə insanları müxalifətin təşkil etdiyi etiraz aksiyasında iştiraka çağıran broşüralar yaydığına görə ərizəçinin 2017-ci ildə saxlanılması və inzibati qaydada 15 sutkalığa məhkum edilməsi (İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddəsi) ilə bağlı idi.
Ərizəçi Konvensiyanın 5,10 və 18-ci maddələrinə əsasən, saxlanılmasının və məhkum edilməsinin qanunsuz olmasından, saxlanılmasının və məhkum edilməsinin onu siyasi fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşımasından, milli məhkəmələrin qərarlarının əsaslandırlmamasından şikayət etmişdi.
Ərizəmnin araşdırması zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya görə, hökumət ərizəçiyə 5800, onun təmsilçisinə 500 avro ödəməlidir.
Ərizəçini AİHM-də vəkil Şəhla Hümbətova təmsil edib.
Kərim Süleymanlı və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işində ərizəçilər barələrindəki inzibati xətalar üzrə icraat zamanı məhkəmə araşdırmasının ədalətsiz olmasından şikayət etmişdilər. Ərizələrin kommunikasiyası zamanı tərəflər dəstca anlaşıblar.
Məhkəmənin həmin anlaşmaya əsaslanan qərardadına görə, ərizəçilərdən K.Süleymanlı və Elvin Süleymanovun hər birinə 900 avro mənəvi zərər, 350 avro hüquqi xərclər əvəzi, Cavid Məmmədzadə və Baba Süleymanovun hər birinə isə 1000 avro mənəvi zərər, 250 avro hüquqi xərclər əvəzi ödənilməlidir.
Ərizəçiləri AİHM-də vəkillər Cavad Cavadov və Əsabəli Mustafayev təmsil edib.
Zemfira Əliyeva Azərbaycana qarşı
Bu işdə ərizəçi Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq, dinc toplantıların keçirilməsinə imkan verilməməsinin qanunsuzluğunu iddia edirdi. Kommunikasiya zamanı ərizəçi şikayətlərini davam etdirmək istəmədiyini bildirib.